Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə AzərTAC arasında əməkdaşlıq məsələləri müzakirə olunub Featured

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAC) olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

 

AzərTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşən Aktotı Raimkulova “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyini bildirib, dərin hüznlə başsağlığı verib.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinə toxunulub,  həyata keçirdiyi layihələr, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə məlumat verilib. Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyevin təşəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının dəstəyi ilə yaradıldığını, hazırda dövlət başçılarının tapşırığına əsasən Türk dünyasının ortaq mədəni abidələrinin yenidən qurulması və bərpası işlərini apardığını, UNESCO-nun çoxmillətli nominasiyalarına təqdim olunacaq layihələrə dəstək həyata keçirdiyini diqqətə çatdırıb.

Aktotı Raimkulova qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumtürk maddi və qeyri-maddi mədəni irs kataloqunun hazırlanması istiqamətində işlər görülür. Bu, təkcə ortaq mirasın siyahısının hazırlanmasından ibarət deyil, kataloq, həmçinin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə kitab və rəqəmsal formatda yayımlanacaq. Bildirib ki, kataloqun hazırlanması üçün nüfuzlu elm xadimlərindən və mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılıb. Mütəxəssislərin köməyi ilə çox mühüm nümunələr seçilərək kataloqa daxil ediləcək. Bu abidələr sırasında məhv olmaq təhlükəsi ilə üzləşən və ya artıq yox olanlar, o cümlədən Qarabağda dağıdılmış maddi-mədəniyyət nümunələri də var. 

 

Görüşdə AzərTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qurumun keçdiyi tarixi yola nəzər salıb, agentliyin Türk dünyasının birliyi naminə həyata keçirilən bütün layihələrə verdiyi informasiya dəstəyi yüksək qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, gələn ilin martında 105 illik yubileyini qeyd edəcək agentlik hazırda hər gün 8 dildə 600-ə yaxın xəbər yayır, dünyanın 53 informasiya agentliyi və media strukturu ilə əməkdaşlıq edir.

Vüqar Əliyev qeyd edib ki, türk dövlətlərinin informasiya agentliklərinin birgə əməkdaşlığı ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməkdədir. Bu əməkdaşlıq ölkələrimizin siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərir. 

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə AzərTAC-ın birgə layihələr reallaşdırması, həmçinin hər iki qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması məsələləri də müzakirə olunub.

Gələcək türk dünyasının mütəşəkkilliyi və coşğun inkişafını özündə ehtiva edəcək və tərəflərin görüşü bir daha bu inama köklənmişdi.

Foto Azər TAC-ındır.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.