Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Qırğızıstan görüşləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb. Görüş Fondun prezidentinin Qırğızıstana səfəri çərçivəsində baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən məlumat verir. 

 

Görüş zamanı Fondun Qırğız Respublikası ilə cari və planlaşdırılan əməkdaşlığına dair konstruktiv fikir mübadiləsi aparılıb, təşkilatın 2024-cü və 2025-ci illər üçün fəaliyyət planları ətraflı müzakirə olunub.

Aktotı Raimkulova Qırğızıstanda həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də bu çərçivədə ilk olaraq Alıkul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpası və muzeyləşdirilməsi barədə məlumat verib. Ortaq Türk mədəni irsinin çoxtərəfli platformalarda təbliği istiqamətində atılan addımlar ətraflı nəzərdən keçirilib. Aktotı Raimkulova Fondun fəaliyyətinə daimi dəstəyə görə Qırğızıstan tərəfinə təşəkkür edib.

Aybek Moldoqaziyev Fondun qırğız xalqının mədəni və mənəvi irsinin beynəlxalq aləmdə təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirərək yaxın gələcəkdə Qırğızıstan tərəfinin təklif etdiyi yeni əməkdaşlıq istiqamətlərini vurğulayıb.

Tərəflər Fond ilə Qırğız Respublikası arasında tərəfdaşlığın gücləndirilməsinə, o cümlədən Türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.