Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Altay xalq ədəbiyyatı hər bir növü ilə olduqca zəngin və əhəmiyyətli bir ədəbiyyatdır. Əhali sayı bu qədər az olmasına baxmayaraq, bu boydakı möhtəşəm bir ədəbiyyatı indiyə kimi qoruyub-saxlamaq insanı heyrətə gətirir.
Altay folkloru ilə bağlı ilkin fikirləri etnoloq Nikolay İvanoviç Ananin irəli sürüb.
Onun yığdığı xalq ədəbiyyatı nümunələrini də rus dilinə Mixail Vasilyeviç Çevalkov tərcümə edib. Ananindən sonra 1960-cı ildə bölgəyə gedən Wilhelm Radloff yığdığı 8 nağıl, 6 dastan, 6 әfsanә, 50-dәn artıq mahnı, 4 yanıltmac vә iki alqışı 1866-cı ildə Obraztsı Narodnoy Literaturı Tyurskıx Plemen Yujnoy Sibiri adlı əsərinin birinci cildində St. Peterqburqda çap etdirib.
Şifahi xalq ədəbiyyatı və qrammatikası ilə bağlı ən önəmli fəaliyyəti 1853-1890-cı illər arasında bölgədə 37 il yaşayıb keşişlik edən Vasili İvanoviç Vərbitskiy yeridib.
“Maaday Qara” dastanı
“Maaday Qara” Altay türklərinin ən önəmli dastanlarından biridir. Dastanda Kögüdey Mergenin şəxsində bəşəriyyətin yaşamaq yolunda yeritdiyi mübarizə və dünyadakı həyatın davamı ilə bağlı əzm nümayiş etdirilib. “Maaday Qara” Cənub Sibirdə yaşayan Altay türklərinin dastanıdır. Minlərlə illik mübarizə iki nəsli təmsil edən qoca Maaday Qara ilə oğlu Kögüdey Mergenin ömrünə köçürülərək dilə gətirilib. Dastanın əsl məqsədi ölüm qorxusu ilə ölməzliyi axtarmaqdır. Dastanın qəhrəmanı olan Kögüdey eyni zamanda bir qamdır. O, həyatın sirrini tapmaq, ata və anasını ölülər diyarından işıqlı dünyaya, yer üzünə gətirmək, sürülərini və xalqını ölümün caynağından xilas etmək məqsədi ilə qaranlıq dünyaya, yəni yeraltı dünyasına enir. Dastandakı bu dünya və o biri dünya ilə bağlı anlayış tamamilə qamlıq anlayışı ilə təqdim edilib.
Dastandakı olaylar yer üzü, yer altı və göy üzü məkanında cərəyan edib. Yerin altı ölülərin, yəni ruhların dünyasıdır, burda qaranlıq, yəni şər qüvvələr hakimdir. Göy üzü isə ayrı bir məkan olmaqla yanaşı yer altı ilə göy üzünün qapıları bir-birinə bağlı deyildir, birindən digərinə getmək və qayıtmaq imkan daxilindədir. Maaday Qaranın kosmik yönləri də mövcuddur. Dastanda Böyük ayı və Orion bürclərinin nə cür və niyə yarandıqları da dilə gətirilib.
Mixayıl Vasilyeviç
Altay ədəbiyyatının görkəmli siması Mixayıl Vasilyeviç Çevalkov 1817-ci ildə Kara Suu kəndində dünyaya gəlib. Atası Bayat boyuna mənsub Çöbölök Andraşdır. Çöbölök on yaşında olarkən ailəsi Biy Turadan indiki Kara Suuya köçüb. Mixayıl 7 yaşına gələnə kimi bu kənddə yaşayan ailəsi rus missionerlərinin təzyiqi səbəbi ilə burdan qaçaraq Ulaluya - yəni indiki Altay şəhərinə köçüb. Missionerlər burda da təzyiq etdiyindən Çöbölök burdan da köçmək istədikdə oğlu Mixayılın təsiri ilə xristianlığı qəbul edib. Atasının qarşı çıxmasına baxmayaraq Mixayıl Altaydakı rus missionerlərinin rəhbəri Makariy Qluxarevin köməyi ilə oxumağı və yazmağı öyrənib, Qluxarevə dilmanclıq edib, ancaq beş il sonra Qluxarev burdakı vəzifəsindən ayrılıb. Onun yerinə gələn Stepan Landışev Mixayılın dilmanclıq işini davam etdirməsini istəyib. Mixayıl Çevalkov bu işi yerinə yetirərkən Altay bölgəsindəki şifahi xalq ədəbiyyatı örnəklərini toplayıb, bunlarla birlikdə öz tərcümeyi halını da Radloffa verib. 1860-cı illərdə onun adı həm şifahi xalq mədəniyyətini toplayan, həm də şair kimi məşhurlaşıb.
N. İ. İlminskiy onun şeirlərini oxuduqdan sonra “Poçutelnıye Stati Na Altayskom Yazıke” adlı əsərində Çevalkovun bir neçə şeirini də çap edərək onu elm və ədəbiyyat aləminə tanış edib. Çevalkovun şeirlərində Altay türklərinin adət-ənənələrindən, inamlarından, gündəlik yaşayışlarından bəhs etməsi Rus missionerlərini narahat edib. Onu mərkəzdən uzaqlaşdıraraq Çoluşmana göndəriblər. 1880-90-cı illər o, arasında önəmli şeirlər yazıb, 1894-cü ildə də “Yadda Qalan Miras” (Pamyatnoe Zaveşçaniye) adlı əsərini çap etdirib.
23 Avqust 1901-ci il tarixində bu işıqlı şəxsiyyət 84 yaşında vəfat edib. Seçilmiş şeirlərindən ibarət antologiya “Ülgərlərlə Basnyalar” adıyla 1958-ci ildə Dağlıq Altayda çap olunub.
Pavel Küçiyakın yaradıcılığı
Modern Altay ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Kuçiyak 17 Mart 1897-ci il tarixində Mayma bölgəsinin Kuyum mahalında dünyaya gəlib. Atası Çoçuş bölgədə tanınmış bir qam, anası isə Acımaş adlı xanımdır. Ailənin ilk uşağı dünyasını dəyişdiyindən Paveli şər qüvvələrdən qorumaq məqsədi ilə ona İyt kulak adını qoyublar. Kuçiyaka oxuma-yazmanı atası Çoçuş öyrədib, ancaq o, səkkiz yaşında ikən atası dünyasını dəyişib. Kuçiyak Kuyumdakı missioner məktəbində təhsil alıb, 19 yaşına çatdıqda Anna adlı bir qızla ailə həyatı qurub, Birinci Dünya Müharibəsi yaranan kimi də əsgərliyə aparılıb. Hərbdən qayıtdıqdan sonra Çoros Qurkinin rəhbərliyindəki antikommunist milli azadlıq hərəkatında iştirak edib. 1925-ci ildə Moskvada “Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti”nə dəvət edilib. Orda həm ruscasını inkişaf etdirib, həm də kommunizm nəzəriyyəsini öyrənib. Moskvadakı təhsil illərində ədəbiyyata yönəlib və ilk şeirlərini yazmağa başlayıb. Yazdığı şeirlər “Qırmızı Oyrot” qəzetində çap olunub.
1928-ci ildə “Krasnaya Yurta” qəzetinin rəhbərliyinə təyin edilib, daha sonra Ulaqan bölgəsində vəzifələndirilib və müəllimliyə qayıdıb. Kuçiyak həm şeir, həm də tamaşa əsərləri yazmağa başlayıb və ilk əsəri “Cәnijü” (Mübarizә) səhnəyə qoyulduğu vaxt özü də bir rol ifa edib. Həmin il bölgəyə gələn xaricilərə dilmanclıq və rəhbərlik etməsi üçün vəzifələndirilib. O da Altayın səkkiz bölgəsini gəzib-dolanıb, buralardakı müşahidələrini “Oyrottın Başkı Ayılçıları” (Oyrotun İlk Qonaqları) adıyla çap etdirib. Yazıçılıq istedadı günü-gündən inkişaf edən Kuçiyak 1933-cü ildə Leninə ithaf etdiyi və Altaylı bir qadının 1917-ci ildəki həyatını mövzu götürən “Arbaçı” (Arpaçı) adlı mənzumələrini çap etdirib.
Həmin il kommunizmə qarşı mübarizə yeridən Karakorum Milli Hərəkatını mövzu götürən “Aktardın İji” adlı tamaşa əsərini yazıb. “Çeyneş” (Buynuzbaş-Şakayık) adlı tamaşa əsərini 1933-cü ildə yazsa da əsər 1939-cu ildə çap olunub. “Temir At” adlı hekayəsi isə “Krestyan Ulustın” adlı qəzetdə çap olunub.
Kuçiyakın ən önəmli əsərlərindən biri də “Adıcok” adlı bioqrafik romanıdır. 1934-cü ildə Moskvada yığışan Sovet Yazıçıları Birliyi Konqresində iştirak edərək Maksim Qorki ilə tanış olub və onun tövsiyəsi ilə folklora yönəlib. Əkimanar bölgəsində yerləşən Ayulu kəndində yaşayan Yudakov Tabı adlı şəxsdən “Altın Tandak Carıdı” (Qızıl Dan Aydınlandı) adlı dastanı qeydə alıb və bu dastan 1936-cı ildə Sovetlər Birliyindəki Xalqların Sənət Yaradıcılığı adlı antologiyada çap olunub. Kuçiyak sonrakı illərdə folklor sahəsindəki fəaliyyətlərini davam etdirib və xalqın dilində yaşayan “Altay Çörçöktör (Altay Nağılı), Altaydın Çörçöktöri (Altayın Nağılçısı), Temir Sanaa (Dəmir Ruh), Altın Tuucı (Altın Nağıl), Üç Kıs, Irıstu (Xoşbəxt)” adlı nağılları, dastanları yığaraq qeydə alıb. Pavel Kuçiyak 1943-cü ilin Təmmuz (İyul) ayının 2-si günü bu dünyadan köçüb.
Əsərləri:
1.Cәnijü (Mübarizә) “Pyes”
2.Aktardın İji (Pyes “Karakorum Milli Hәrәkatı”nı mövzu götürüb)
3.Çeyneş (Buynuzbaş-Şakayık) (Pyes, ölümündәn sonra 1939’da çap olunub)
4.Arbaçı (Arpaçı) (Leninә tәqdim olunan mәnzum әsәr)
5.Oyrottın Başkı Ayılçıları (Oyrotun İlk Qonaqları) (Altay qeydlәri) 6-Altın Tandak Carıdı (Qızıl Dan Aydınlandı) (Xalq dastanı, Yudakov Tabı’dan qeydә alıb)
6.Altay Çörçöktör (Altay Nağılı), Altaydın Çörçöktöri (Altayın Nağılçısı), Temir Sanaa (Dәmir Ruh), Altın Tuucı (Altın Nağıl), Üç Kıs, Irıstu (Xoşbәxt) adlı dastanlar vә nağıllar.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)