Yağışlı aprelin günəşli “ULDUZ”U Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Şıltaq aprel öz soyuğu, küləyi, yağışı ilə fərlənməkdədir, amma bu günlərə ədəbiyyatsevərlərin sevimli jurnalı olan “Ulduz” işıq üzü görərək sanki bu soyuğu xeyli səngitdi. Bir sözlə, yağışlı aprelin günəşli “Ulduz”una çevrildi o.

 

“Ulduz”un aprel sayı istedadlı gənc şair Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr” rubrikasında Cavid Zeynallının “25 il sonra”, Mirmehdi Ağaoğlunun “Ayda həyat var?”, Nuray Nəzərovanın “Anamın “Xoşbəxtlik qutusu”, Məhliqa Eyvazqızının “Alça ağacı”, Oğuz Ayvazın “Soyuducuya aşiq olan adam”, Maya İmranın “Qara xal” hekayələrini təqdim edilir.

Jurnalın baş redaktoru, sevilən şair Qulu Ağsəs “Nəsrin ... mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açır.

“Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydərdir bu aprelsayında.

“Yazı masası”nda Taleh Mansurun qonağı məşhur detektiv yazıçısı Çingiz Abdullayevdir.

“Təbriz eli”ndə “Şahmat” əsəri ilə bizim “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Əli Çağladır.

“Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açır.

“Tənqid”də Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yaradıcılığını incələyir.

“Sənət”də istedadlı rəssam Nəvai Metin “Səttar Bəhlulzadənin özünəməxsus üslubu, realizmə və kökə bağlılığı”nı günümzə daşıyır.

Havar Şəfiyeva və Cabir Həsənin şeirləri  də “Ulduz”un aprel sayındadır.

“Tərcümə saatı”  Fidan Vahidin tərcüməsində Corc Oruellin “Fili öldürdüm” hekayəsini oxucularla görüşdürür.

“Debüt”də “Sular hədiyyəsini geri alır” hekayəsi ilə Turqut Nəhmətlidir.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin Məhəmməd Füzuli yaradıcılığından II yazısını təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə  istedadlı məktəbli Xədicə Şahbazovadır.

Bir sözlə, bir-birindən gözəl yazılarla sizlərə qonaq gələn “Ulduz”u alın, oxuyun!

 

“Ədəbiyyat və incəcənət”

(18.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.