Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Mənim arzum” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

     SƏMƏD VURĞUN

 

MƏNİM ARZUM

 

Daddıqca aləmin hər nemətin,

Dilbər guşələrdə ötdükcə ömrün, –

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

                                              B.Adil

 

Şair! Nə incədir rübabın sənin!

Uçurdu ruhumu çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz.

 

O səcdə qıldığın çinar kölgəsi

Mənim də şeirimin qibləgahıdır.

Qurbanı olduğum Odlar ölkəsi

Hüsnün də, eşqin də ilk sabahıdır.

 

Sən ana torpağı qarış-qarış gəz,

Hər daşın altında bir gövhər axtar.

Eşqinə, qəlbinə yad ola bilməz

Vətən sevgisiylə yanan sənətkar.

 

Şair! Yuvasından tərlanı səslə.

Qartal qanadınla fəzaları aş!

Bu ilk məhəbbətlə, bu ilk həvəslə

Mən keçən yolları sən də keç, qardaş!

 

    “Ədəbiyyat və incəsənət”

    (11.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.