Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
EŞQ OLSUN SƏNƏTKARA!
Bir qocaman qartalın qanadları dayandı;
O, bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir, yenə səhər oyandı,
O, Vətən dağlarının suyundan içməyəcək.
Ah, o bir də göz açıb görməyəcək aləmi,
Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.
Susdu onun rübabı, sındı qurşun qələmi,
Yeni-yeni nəğmələr qoşmayacaq o bizə.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Budur, baxır üzümə, baxır sənətkar gözü,
Yenə gülür, danışır, nəfəs alır Üzeyir;
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsinda qanad açır min şeir.
Sənətkara eşq olsun! Eşq olsun qəhrəmana!
Açıq alınla gedir o, yenə də cəbhəyə.
Xəyalı bir dəniztək yenə gəlir tüğyana,
Kommunizmin bayrağı günəşə qalxsın deyə!
O sabah da bizimlə addımlayır yanaşı,
"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı,
Şöhrət tapdı adınla bizim ana yurdumuz.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Mən bu kiçik şeirimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla!
1948
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)