Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar hazırlanıb

Bu il Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan,  Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dövlətçilik tariximizə yazılan Aprel döyüşlərindən 9 il ötür. 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatı olan Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar – “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı biblioqrafik icmal və Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şücaət və vətənpərvərlik dolu həyatından, hərbi fəaliyyətindən bəhs edən “Lələtəpəyə ilk bayraq sancan polkovnik” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilir. Materialda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, igid Azərbaycan oğullarının döyüş bölgəsində göstərdikləri qəhrəmanlığa görə təltif edildikləri orden və medalları haqqında  məlumatlar təqdim edilir.  İcmalda Aprel döyüşləri haqqında sitatlar, şəkillər və  “Şəhidlik zirvəsinin fatehləri : bədii-sənədli əsər”, “Asimana ucalan şəhidlər”, “Lələtəpə fatehləri”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və son iki ilin dövri mətbuat nümunələrinin siyahıları  sərgilənir.

Lələtəpəyə ilk bayraq sancan polkovnik” adlı məlumat bülletenində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şərəfli döyüş yolundan bəhs edilir. Materialda polkovnik Həmidovun sağlığında Lələtəpə döyüşləri haqqında verdiyi müsahibə, Aprel  döyüşlərində və İkinci Qarabağ Müharibəsində olan hərbi fəaliyyəti, layiq görüldüyü medallar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər yer alır.

Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni  yerləşdirilən məlumat bülletenində Milli Qəhrəman haqqında qələmə alınan kitab və məqalələrdən də bəhs edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.