Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
SIZILTILARIM
Möhtərəm və əziz Hüseyn Cavidə
Xastayım, yalnızım, ürəyimdə qəm,
Nəyə dəyər həyat, olmasa həmdəm?
Sevgisiz, sevdasız həyatı sevməm.
Gəl çıxalım seyrə, günlər ötüşsün!
Sürmədim bir həyat canlı dünyada,
Şövkətli dünyada, qanlı dünyada,
Şu xəstə könlümdən qopan fəryada
Bülbüllər dillənsin, güllər ötüşsün!
Həsrətlər yorğunu, şikəstə könlüm,
Ah, şu dərdli könlüm, şu xəstə könlüm,
Görmədi mürüvvət bir kəsdə könlüm,
Mən gülmərəm, aylar-illər ötüşsün!
Yer üzü fanidir, uzaq gəzəlim,
Vicdan sədasını əldə edəlim,
Bir qaranlıq küncə həp çəkiləlim,
İllərcə paslanan dillər ötüşsün!
Əskimişdir yaram, artıq sağalmaz,
Sevdayi-naləmi bir könül almaz.
Bu xəstə Vurğunun dərdi azalmaz
Qoy sınıq könlümdə tellər ötüşsün!
1926
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)