Seçmə şeirlər – SƏMƏD VURĞUN, “AZƏRBAYCAN” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təxzələyir:

 

 

SƏMƏD VURĞUN

“AZƏRBAYCAN”

 

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı... 

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam, doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hankı səmtə, hankı yana 
Hey uçsam da, yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə 
Boğar aylar, illər məni, 
Qınamasın ellər məni. 

Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 
Nəhs aylara, nəhs illərə. 
Nəsillərdən-nəsillərə, 
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır... 

Sırа dаğlаr, gen dərələr,

Ürək аçаn mənzərələr...

Ceyrаn qаçаr, cüyür mələr,

Nə çoxdur oylаğın sənin!

Аrаnın, yаylаğın sənin.

 

Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan 
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi...

 

Ölməz könül, ölməz əsər, 
Nizamilər, Füzulilər! 
Əlin qələm, sinən dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır.

 

Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə.


Gözəl Vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın... yarandım mən,
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.