Bu gün dünyanın bir çox ölkəsində qeyd edilən, təqvimin ən gənc bayramlarından biri 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sözü oxucuya qovuşduran sənət bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, özündə bu günün tarixi, məqsədi haqqında geniş məlumatları cəmləyən virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/sozu-oxucuya-qovusduran-senet-bayrami yerləşdirilib. Virtual sərgidə mütaliənin şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəssiz rolundan, faydalarından bəhs edilir. Materialda Gənclər Kitabxanasında təşkil edilən kitab təqdimatları, ekskursiyalar, aksiya və görüşlərdən fotogörüntülər, kitabxanada mütaliənin təbliği, yeniyetmə və gənclər arasında kitaba marağın artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı dörü mətbuat nümumələri də sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)