Gənclər Kitabxanasında Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə bağlı elektron məlumat bazası hazırlanıb

Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri, TÜRKSOY-un sabiq sədri, AzərbaycanınTürkmənistanın, Özbəkistanının və Başqırdıstanın xalq artisti, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, millət vəkili Polad Bülbüloğlunun 80 illik yubileyi tamam oldu. Bu münasibətlə  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Polad Bülbüloğlunun zəngin mədəni, ictimai, siyasi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası ilə tanış olmaq üçün kitabxananın rəsmi saytından https://ryl.az/melumat-bazalari/Polad_Bulbuloglu_el_melumat_bazasi/index.html

istifadə etmək olar.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, bazada görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, müəllifi olduğu musiqi əsərləri və mahnıların siyahısı təqdim olunur. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dünya şöhrətli müğənni”, “Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi” kimi bölmələrlə yanaşı, Xalq artistinin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə layiq görüldüyü təltif və mükafatlar, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər də yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada bəstəkarın “Eşq və ölüm” baleti haqqında məlumat verilir, Polad Bülbüloğlunun müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin, keçirdiyi səfər və görüşlərin, çıxışların, müsahibə, müraciət və şərhlərin, təqdimatların, Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan tamaşaların siyahıları təqdim edilir.  

 

Bundan əlavə məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “İzomateriallar”, “Filmoqrafiya”, “Video və fotoqaleraya” kimi bölmələr də yer alır.

 

Kitabxana tərəfindən Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə əlaqədar hazırlanan, görkəmli bəstəkarın həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar, Polad Bülbüloğlunun səs yazıları, ifaları ilə  zəngin olan geniş videomaterial https://ryl.az/multimedia/polad-bulbuloglu-80  da elektron bazanın ilk səhifəsində yerləşdirilib.  Videomaterialda Prezident İlham Əliyevin Polad Bülbüloğlunu təltif etdiyi ən ali mükafat - “Heydər Əliyev” ordeninin təqdimetmə mərasimindən görüntülər, Xalq artistinin Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri sərgilənir, Azərbaycan mədəniyyəti, incəsənəti, müsiqisinə verdiyi əvəzsiz töhfələr haqqında məlumatlar təqdim edilir.

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.