İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
5-ci paylaşım
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Fidan pis vəziyyətə düşsə də, elə həmin axşam bu əlaqəyə son qoyacağını Fatehə söz verdi! Halbuki o neçə gün öncə həyatında heç bir kəsin olmadığı, heç bir oğlanla nə realda, nə də virtual aləmdə əlaqə saxlamadığını təkidlə söyləyirdi. Üstəlik, bir dəfə həmin oğlandan gələn qəfil zəng nəticəsində Fatehin yanında çıxılmaz vəziyyətə düşmüş və həmin oğlanla əlaqəyə son zoyacağına dair söz vermişdi.
Az sonra Fidan özünü sanki heç bir hadisə baş verməmiş kimi göstərməyə başladı. O, Fatehin uzun illər boyu onu sevdiyi və öz qəlbində saxladığını və heç bir zaman onu unutmadığını fikirləşmirdi. Çünki, belə olsaydı ən azından Fatehin ona evlilik təklifini verəndən, özünün isə Fatehi sevdiyini etiraf etdikdən sonra hər bir şeyə son qoymalı idi...
Fidanın bu hərəkəti Fatehin Fidana qarşı olan 30 illik saf məhəbbəti və sevgisinə olan növbəti və sarsıdıcı bir zərbə idi. Zahiri görünüşdə bu adi bir zəng olsa da, onların Fatehdən uzaq hansı münasibətdə olduqları bəlli deyildi. Bu baxımdan, Fateh Fidanın onunla ikili oyun oynadığı, ona xəyanət etdiyini fikirləşməyə başlamışdı.
Onlar birlikdə şəhərin gözəl və görməli yerlərini gəzsələr də Fatehin qəlbi sarsılmış, özünü olduqca məyus hiss edirdi. O, təxminən saat 9-10 radələrində Fidanı yaşadığı binaya qədər ötürüb evə tərəf qayıtdı. Yenə də ağrılı-əzablı fikirlər və hisslər onu boğurdu.
Fateh ölkə xaricindən ixtisası ilə əlaqədar dəvət aldığı bir beynəlxalq sərgiyə qatılmaq üçün xaricə səfər etdi və orada işləri ilə əlaqədar bir aya yaxın vətəndən uzaqda qalmalı oldu. Lakin bu müddət ərzində hər gün istər internet, istərsə də telefon vasitəsilə Fidanla əlaqə saxlayır və onunla müxtəlif mövzular barədə söhbətləşirdilər.
Fidan son bir ay ərzində iki dəfə böyük səhvə yol vermişdi. O, Fatehin saf sevgisinə qarşı hörmətsizlik etsə də Fateh hələ də onu bağışlayır və sevgisini qəlbində qoruyub saxlayırdı. Nəhayət, Fateh xaric səfərindən vətənə qayıtdı və Fidanı görməyə tələsdi. Onların uzun müddət fasilədən sonra bir-birini tapmasından artıq 2 ay ötürdü.
O, bu dəfə yenə də, günortadan öncə Fidanla görüşdü. Günortanı birlikdə şirkətin bufetində olub, gələcək ailə həyatı və qarşılıqlı işlər və xasiyyətlər kimi müxtəlif mövzular barədə söhbət etdilər.
Fidan həmin gün bir neçə dəfə özünün də, heç bilmədiyi bir mövzudan nigaran olduğunu bildirirdi. Hətta, söhbət əsnasında bir-iki dəfə gözləri yaşla dolub, - "Fateh! Əzizim! Mən səni sevirəm! Mən səni itirmək istəmirəm!" sözünü təkrar edirdi. Onun bu hərəkəti Fatehi qəlbən narahat etsə də, özünü cilovlayır və Fidanı sakitləşdirməyə, onun narahatçılığını aradan qaldırmağa çalışırdı. Amma görünür həmin gündə baş verəcək hadisə Fidanı bərk nigaran etmişdi. Hər halda Fatehin qəlbində də müəyyən mənfi fikirlər yaranır, nə baş verdiyini başa düşə bilmirdi.
Onlar bufetdən çıxıb iş yerini birlikdə tərk edərək Bulvara tərəf hərəkət etdilər. Xəzər dənizinin sahilində oturacaqda əyləşib söhbətlərini davam etdirdilər. Bu zaman Fateh Fidana üz tutub səmimiyyətlə dedi: "Fidan! Əzizim! Mən xaricdə olanda kimsə sənə zəng edibmi? Son bir ay ərzində kiminləsə görüşün, telefon və ya internetdə danışığın, yazışman olmayıb ki?"
Fidan soyuqqanlı halda "xeyr!" deyə cavab verdi. Amma bu cavabdan sonra üz gizgiləri dəyişdi və bu da onun soyuqqanlı halda verdiyi cavabda səmimi olmadığını göstərirdi.
Bu zaman Fateh Fidandan telefonunu ona verməsini xahiş etdi. Fidan ilk öncə bundan imtina etdi. Lakin onun bu hərəkəti Fatehi daha çox şübhələnməyə vadar edirdi. Odur ki, öz istəyində daha da israr edib son bir ayda onun telefonuna gələn və ya göndərdiyi mesajları nəzərdən keçirməkdə israr etdi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)