Gənclər Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar hazırlanıb

Ötən gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin yubileyi münasibətilə "Xalq şairi Zəlimxan Yaqub - 75 " adlı elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Zelimxan_Yaqub_el_melumat_bazasi/index.html  yerləşdirilib. Məlumat bazası şairin zəngin bədii yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Zəlimxan Yaqubun layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzalanan rəsmi sənədlər, şairə həsr edilən professorlar Qəzənfər Paşayevin “Zəlimxanın poeziya aləminə səyahət”, Akif Abbasovun “Ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmiş Zəlimxan Yaqub”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Sənsiz yaşamağa öyrəşmək çətin... kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Zəlimxan Yaqubun müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, açıq məktubları, müsahibə və söhbətləri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada şairin kitablarının virtual sərgisi, video və foto qalereyası da sərgilənir.

Kitabxanada Xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığına, ictimai fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/zelimxan-yaqub-75  yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “İlk yaradıcılıq nümunələri” kimi bölmələrlə yanaşı Zəlimxan Yaqubun müəllifi olduğu “Qayıdaq əvvəlki xatirələrə”, “Millətdə, dövlətdə, sənətdə”, “Düşüncələrin simfoniyası”, “Mən bir dağ çayıyam”, “Mən öz dastanımı yazıb gəlmişəm” “Özün basdırdığın ağaca söykən” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.