İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Adətən nağıllar "Biri var idi, biri yox idi..." cümləsi ilə başlayır. Lakin bu hekayə həmin cümlə ilə başlamayacaq. Çünki bu, nağıl deyil, real və həqiqi bir əhvalatdır. Həm də, bu hekayənin qəhrəmanları Fidan adlı xanımla Fateh adlı bəydir. Buna görə onu: Biri (bir Fidan) var idi və o biri (Fateh) də var idi... - cümləsi ilə başlamaq olar...
Fidanla Fateh arasında olan sevgi macarası nə qədər qəribə səslənsə də, orta məktəbin ibtidai təhsil illərindən etibarən başlamışdı. Bəlkə də, oxucular bunu sevgi macərası deyil, uşaqlıq dövrünün istəyi kimi saya bilərlər. Lakin hekayənin davamında qeyd ediləcəyi kimi onların ibtidai sinif dövründə başlamış uşaqlıq istək və sevgisi sonrakı illərdə sözün əsil mənasında həqiqi sevgiyə çevrilmiş və həyatın enişli-yoxuşlu yollarından ötüb keçmişdir.
Hadisə ötən XX əsrin 1985-ci ilində Sovetlər dönəminin son illərində başlamış və sonrakı illər və XXI əsrdə davam etmişdir. Bu baxımdan məlum hekayə iki ayrı əsrdə baş vermiş real və həqiqi olayı təqdim etməkdədir...
Hər il olduğu kimi yenə də sentyabr ayının 1-i yeni təhsil ili başlamış, şagirdlər yeni təhsil ilinə böyük sevinc və şövqlə hazırlaşmışdılar. Həmin il Fatehin orta məktəbə başladığı ilk il sayılırdı. O, I sinifə daxil olmaqla ibtidai təhsilinə start vermişdi.
Yeni dərs ilinin ilk günlərindən birində Fateh məktəb libaslarını geyinib çantasını əlinə alaraq səhər tezdən məktəbə yollandı. Çox gözəl və ürəkoxşayan günəşli bir gün idi. O, həmin gündə talehində böyük bir iz qoyacaq, həm də ömrünün müəyyən illərinə qədər həyatda yarı və yarısı olacaq bir şəxslə rastlaşacağını heç təsəvvür belə etmirdi.
Fateh hamı kimi sinifdə əyləşib, müəlliməni dinləyirdi. Dərsin ikinci saatında müəllimə dərs barədə danışarkən birdən sinifin qapısı döyüldü və məktəbin direktoru yeni bir şagirdlə sinifə daxil oldu. Onların yanında ayrı bir kişi də var idi. Sonradan onun həmin qızın Rusiyada yaşayan dayısı olduğu aydınlaşdı. Direktor həmin qızın o sinifdə qeydiyyata alındığı və orada oxuyacağını bildirib getdi. Müəllimə isə dərhal onu ön cərgədə boş olan partalardan birinə tərəf yönəltdi.
Çox qəribə, eyni halda cazibədar bir qızcığaz idi. O, saçlarını iki tərəfdən yığmış və başının hər iki tərəfinə ağ rəngli bant bağlamış əsmər, qara və irigözlü, həm də incə və nərmənazik Fidan idi. Əslində Fidan Fatehlə eyni şəhərdə yaşayan həmyerlisi sayılırdı. Onların evlərinin arasında cəmi 5 küçə fasilə var idi. O, 5 yaşında ikən atasını itirmiş, böyük və tək bacısı isə elə həmin məktəbdə III sinif şagirdi idi...
Təqdimatdan sonra Fidan ön sıralarda yerləşən bir partada əyləşmişdi. Fateh isə ondan arxada əyləşən halda sinifə yenicə daxil olmuş Fidandan gözünü çəkə bilmirdi. Nədənsə Fidanın zahiri görünüşü və cazibədarlığı onu özünə cəlb etmişdi...
Beləcə günlər, həftələr və aylar ötüb-keçdi. Fateh azyaşlı bir oğlan olsa da, olduqca qürurlu və eyni halda sevdiyini ürəkdən sevən bir oğlan idi. Az bir müddət ərzində Fidanın danışıq tərzi, rəftarı və gülüşü Fatehin qəlbində ciddi izlər saldı. Fateh də hər bir hərəkətində Fidanı fikirləşir və onun diqqətini özünə cəlb etməyə çalışırdı. O, artıq Fidana ciddi gözlə baxır və hər bir halda onu qorumağa çalışırdı. Sinif yoldaşları da, bunu hiss edərək Fidanı incitməkdən çəkinirdilər. Çünki, onlar bir az əsəbli, həm də ciddiliyi ilə tanınan Fatehin Fidana qəlbən bağlı olduğunu çox yaxşı anlayırdılar.
Müəyyən bir müddətdən sonra Fatehin ailə üzvləri onun Fidana bağlandığını duyub bunu çox adi və yaxşı qarşılamağa başladılar. Fateh evdən bayıra çıxmaq istədikdə saçlarını diqqətlə darayır və əyin-başını səliqəyə salırdı. O, təbiətcə təmizkar bir oğlan olsa da bununla sadəcə Fidanın nəzərini özünə cəlb etmək istəyirdi.
Fidan orta məktəbdən əlavə Musiqi Məktəbində fortepiano dərslərində, Fateh isə dərsdən əlavə incəsənət sahəsində heykəltaraşlıq dərslərində iştirak edirdi. Fidan hər dəfə günortadan sonra Musiqi Məktəbinə getdikdə Fateh küçənin bir guşəsində dayanıb ona baxır, davranış və yerişini diqqətlə izləyirdi. Fidan bunu bilsə də özünü bilməməzliyə vurur və başını aşağı salaraq ciddi bir qiyafə ilə yoluna davam edirdi. Hər dəfə yalnız bircə dəfə başını qaldırıb Fatehe baxır və gülümsəyirdi...
Aylar-illər ötüb keçdi. Onlar bir-birinə bağlanmış sinif yoldaşından əlavə qəlblərində bir-birinə qarşı yaranmış bağlılığa görə həyatın fərqli mərhələsinə qədəm qoyurdular. İstər məktəbdə, istərsə də, məktəbdən kənarda fürsət tapan kimi görüşür və qısa müddət ərzində müxtəlif mövzularda söhbətləşirdilər. Hətta, münasibətlərin yaxınlaşdığına görə müxtəlif fürsətlərdə bir-birinin evinə gəlib yaxınları ilə yaxın ünsiyyətdə olurdular. Hətta, Fidan valideyni və ya bibisinin ad günü üçün keçirdikləri çay-şirniyyat süfrəsinə Fatehi də dəvət edirdi...
Fidanın anası və digər yaxın qohumları onların arasında yaranmış münasibəti müşahidə edir, buna hörmətlə yanaşırdılar.
Heykəltaraşlıq Məktəbinə gedən Fateh yeniyetmə yaşlarında olmasına baxmayaraq artıq Fidanı qəlbən sevməyə başlamışdı. Fidan da bunu çox yaxşı dərk edir və müxtəlif hallarda öz gülüşü və nazlı hərəkətləri ilə Fatehin nəzərini özünə cəlb etməyə başlamışdı.
Fidanın yaxın qohumları Bakı şəhərində yaşadıqları üçün adətən tətil günlərində ailəvi şəkildə şəhərə gəzməyə gedir və orada qalırdılar. Onun Bakıda olduğu günlər və həftələr Fateh üçün çox çətin keçirdi. Tez-tez onların yaşadığı küçəyə gedib şəhərdən qayıdıb-qayıtmadıqlarını öyrənməyə çalışırdı. Amma hər dəfə onun qayıtmadığını görəndə qəml-kədərli halda evə dönürdü...
Nəhayət, yay tətilləri sona çatdı və yeni dərs ili başladı. Fateh başqaları kimi məktəbə gedib sinifdə əyləşmişdi. Bu dərs ilində onlar artıq V sinif şagirdləri sayılırdılar. Müəllim jurnal üzərindən şagirdlərin adlarını bir-bir çəkir və dərsə gələnlərin adlarını qeyd edirdi. Lakin nədənsə o gün Fidanın əyləşdiyi parta boş idi. Heç müəllim onun adını belə oxumadı.
Fateh dərsdən sonra tələm-tələsik evə qayıtdı. Fidanın dərsə gəlmədiyini aydınlaşdırmaq üçün dərhal onların evinə tərəf yollandı. Yol boyu ağlına min-bir fikir gəlirdi. Bəlkə o ayrı sinifə və ya məktəbə köçürülüb?! Bəlkə xəstələnib? Bəlkə hələ Bakıdan qayıtmayıb?!... Darvazanı döydü. Fidanın bibisi darvazaya gəlib qapını açdı.
Fateh dedi:
- Salam! Xala, bağışlayın! Fidan nə üçün bu gün məktəbə gəlməyib? Olmaya xəstələnib?
- Salam Fateh! Necəsən? Fidangil ailəvi olaraq dayısı ilə birlikdə Rusiyaya - Moskvaya köçüblər. Bir daha sizin məktəbə gəlməyəcək...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)