Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub

Xalq şairi Zəlimxan Yaqubun yeni işıq üzü görmüş “Məqalələr. müsahibələr” adlı kitabından sonra şair haqqında daha bir kitab çap olunub.

 

AzərTAC xəbər verir ki, “Bakı Mətbəəsi ASC”də çap olunan və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Bu dünya əbədi dirilərindir” adlı “Ön söz”ü ilə başlayan “Zəlimxan özü var xatirələrdə (II kitab)” adlı topluda ölməz söz ustadı haqqında Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professorlar Bədirxan Əhmədov, Akif Abbasov, Rüstəm Kamal, Mərziyyə Nəcəfova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Əbülfət Mədədoğlu və digər elm adamlarının elmi-publisistik məqalələri ilə yanaşı, şairə ithaf olunmuş şeirlər yer alıb.

 

Birinci cildi 2017-ci ildə işıq üzü görən bu kitabı da nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 

Xatırladaq ki, bu il Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyidir. Artıq yubileylə bağlı tədbirlərə start verilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.