Azadlıq və “Qağayı Conatan Livinqston" -KİTAB BƏLƏDÇİSİNDƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Əməkdaşlarımızın sosial sorğu kimi ortaya qoyduğu azadlıq mövzusu demək olar ki, oxuduğum kitabın mövzusu ilə də üst-üstə düşdüyündən istədim bir yazıda həm sorğuya, həm də kitaba münasibət bildirim.

 

"Əksər qağayılar üçün uçuş özünü sahildən yemə çatdırmaq və geri qayıtmaqdan ibarətdir. Bundan artığına onlar can atmırlar. Onların əksəriyyəti üçün uçmaq yox, qarın əsasdır. Amma Conatan üçün başlıca hədəf yemək deyildi, uçmaq idi."

 

Adətən insanlar özlərinə bənzəməyənləri sevmirlər, bilmirəm bu mənada mənim bəxtim gətirib, yoxsa yox. Düzü fərqli olduğun bir toplum tərəfindən sevilmək və ya o toplum tərəfindən qovulmaq, bu ehtimallardan hansında insanın bəxti gətirmiş sayılır, bu özü belə mübahisəli mövzudur.

Getməklə  qalmağın mahiyyəti, zəruriliyi məkana, zamana, kimliyinə və situasiyaya görə bir-birindən fərqlənir.

Eyni ilə Riçard Baxın “Qağayı Conatan Livinqston” əsərinin qəhrəmanı Conatanın öz dəstəsindən qovulmağını, daha sonra isə öyrəndiklərini dəstəsinə də öyrətməkdən ötrü öz istəyi ilə geri qayıtmasını buna misal çəkə bilərik.

Conatanın düşüncələri mənsubu olduğu dəstəsinin həyat fəlsəfəsinə müxalif idi. Onun fikrincə həyatın mənası bütün günü sadəcə bir qarın çörək üçün əlləşib-vuruşmaqdan ibarət ola bilməzdi. Onun üçün həyatın daha ümdə bir hədəfi olmalıydı, uçmaq kimi, azadlıq kimi. Yaxşı bəs adına azadlıq dedikləri bu məhfum nədən ibarətdir? 

Əsərin bir yerində Conatan tələbələrinə söyləyir ki: "- Bir qanadın ucundan digər qanadın ucunadək bütün bədənimiz fikrimizin gözlə görüləcək formasından başqa bir şey deyildir. Əgər düşüncəmizi buxovlayan zəncirləri qırıb-atsaq, bədənimizdəki zəncirləri də qırmış olarıq.”

Bir qədər əvvəllərdə isə bu cümlələri oxuyuruq:"- İstənilən yerə fikir sürətiylə uçmaq o deməkdir ki, sən artıq orada olduğunu özünə təlqin edirsən.

Çianqa görə bu fəndin mahiyyəti ondan ibarət idi ki, Conatan daha özünü qırx iki düym qanadları olan, yalnız kiçik bir ərazidə hərəkət edə bilən məhdud imkanlı bir bədəndə qapanıb qalmış varlıq kimi hiss eləməsin"

 

Bəli, əsərdə obrazlarımız qağayılar olsa da, əslində söhbət sadəcə qağayılardan getmir, söhbət elə bizdən, bəşərin özündən gedir.

Və əsərdə qağayıların dilindən deyilən bu fikirlər də, nə nağıl, nə fantastikadır. Həqiqətin özüdür.

Bəli, insan əslində bədəni ilə məhdud bir varlıq deyil.

Conatanın "bədənimiz fikrimizin gözlə görüləcək formasından başqa bir şey deyil"  fikrini başqa sözlə bədənimiz ruhumuzun gözlə görüləcək formasıdır kimi də ifadə edə bilərik. Və davamındakı düşüncəmizi buxovlayan zəncirlər ifadəsində də məhz nəfs nəzərdə tutulur.

Əsərdəki mövzuları qağayılar deyil də insanlar üzərindən dəyərləndirsək 

İnsanın iki növ ruhu vardır. Heyvani ruh və insani ruh. İnsan heyvani ruhunun diqtəsi ilə dördayaqlıdan belə aşağı, insani ruhunun diqtəsi ilə isə mələkdən belə üstün bir məqama yetişə bilər.

Yəni alçalmaq da, ucalmaq da ən nəhayətində insanın öz əlindədir.

İnsan muxtar bir varlıqdır, ixtiyar sahibidir.  Lakin eyni zamanda insan "seçimlərdə" muxtar olduğu qədər "seçimində"  də məsuldur, mükəlləfdir.

Bu məqamda məncə azad olmaq insani ruhun heyvani ruha qalib gəlməsidir.

Nəfsə gəldikdə isə “Qurani-Kərim”in  nəzərinə görə insan nəfsinin 5 növü vardır. 

1-ci Məlhəmə nəfsidir. 

Bu nəfs növünə ilham edən nəfs də deyilir.

Allah insana yaxşılığı da, pisliyi də əta edir və hər kəs öz tərəfini tutub ona əməl etsin. 

Yəni insan fitrətən əslində nəyin pis və nəyin yaxşı olduğunu dərk edir. Başa düşür ki, 

doğruluq, ədalət  və s. yaxşı sifətlər, xəyanət, riya, zülm və s. isə bəyənilməyən və rəzil sifətlərdir. 

2-ci məsulə nəfsidir.

Bu nəfs növünə məsul nəfs, vəsvəsə edən nəfs də deyilir.

Məsulə nəfsi insanın meyillərini dəyişdirməyə çalışır. İnsana pisi yaxşı, yaxşılıqları pis kimi, haqqı batil, batili isə haqq kimi göstərir.

3-cü əmmarə nəfsidir. 

İnsan əmmarə nəfsinə yetişəndə o şeylər ki, məsulə nəfsi onun gözündə cilvələndirmişdi, yaxşı göstərmişdi, onları həyata keçirməyə başlayır. Yəni insan arıtq nəfsinin əsirinə çevrilir. Əmmarə nəfsi insana nə diqtə edirsə insan onu edir. Və əgər insan Allaha söykənməz və ona pənah aparmazsa əmmarə nəfsinə məğlub olacaq.

4-cü ləvvamə nəfsidir. 

Bu nəfs növünə danlayan nəfs də deyilir. 

İnsan əmmarə nəfsinə uyub xəta edəndə, günah edəndə, insanda vicdan hissi oynmağa başlayır ki, bu da ləvvamə nəfsinin başlanğıcı sayılır.

Ləvvamə nəfsi gördüyü  pis əməllərə görə insanı danlamağa, mühakimə etməyə başlayır. Vicdan insanı boğur və insan ləvvamə nəfsinin sayəsində peşman olaraq tövbəyə üz tutur və paklanır.

Ləvvamə nəfsinə yetişmiş şəxs vicdan məhkəməsi ilə üzləşmiş şəxs sayılır.

5-ci mütməinnə nəfsidir. 

Bu nəfs növü nəfsin ən ali məqamıdır. 

Qurani-Kərim bu nəfs barəsində buyurur:

Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir)!

Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol". ("Fəcr" 27-29).

 

Nəfsin mutməinnə həddinə yetişmiş insan kamil insandır. İnsan o qədər təkamül edir, nəfsini elə tərbiyə edir ki, artıq şeytan belə ona təsir qoya bilmir. 

Və mütməinnə nəfsinə yetişən insan azad olur. 

Çox təəssüf ki, günümüzdə bir çox insan azadlığı istədiyi hər şeyi etməkdə, özünə heç bir qadağa qoymamaqda görür, lakin, bilmir ki, bu zaman insan nəinki azad olur, əksinə, nəfsinin əsirinə çevrilir. Azadlıq isə insanın bütün nəfsi istəhkləri üzərində qələbə çalıb mütməinnə nəfsinə yetişməsidir. Kamil insan olmasıdır.

Conatanın da söylədiyi kimii

"düşüncənizi buxovlayan zəncirləri qırıb-atsanız, bədəninizdəki zəncirləri də qırmış olarsınız."

Bütün nəfsi istəklərini ram etmiş kamil insanın  bütün bədən əzaları da artıq tam olaraq ona tabe olur. 

Böyük islam Alimlərindən biri olan Əllamə Təbatəbai bir gün göz əməliyyatı üçün İngiltərəyə gedir. Həkimlər əməliyyata başlamazdan əvvəl ona narkoz vuracaqlarını söylədikləri zaman o, narkozdan imtina edir.

Həkimlər heyrətlənir, bunun heç cür mümkün olmayacağını, əməliyyat əsnasında onun hey gözünü yumub-açacağını söyləyirlər. Lakin, alim gülümsəyərək belə cavab verir: "Gözün nə ixtiyarı var, öz-özünə yumulub açıla, o mənim ixtiyarımdadır, mən onu yummayacağam”.

Həkimlər onun bu sözlərindən nə qədər heyrətlənsələr də, əməliyyat narkozsuz baş verir və  əməliyyat əsnasında  Əllamə Təbatəbai qətiyyən gözlərini yummur.

Bəli, insanın nəfsi üzərində qazandığı qələbə - əsl azadlıq məhz tam olaraq budur. 

Həmçinin yalnız nəfsini tam olaraq ram etmiş kamil bir insan əsərdə 

"fikir sürətiylə uçmaq" kimi  keçən "Teyyülərz" ( bədənin sürətli yerdəyişməsi,

insanın özünü olduğu məkandan nəzərdə tutduğu və istədiyi məkana aparması)  etmək qüdrətinə nail ola bilər.

Əsərdə də deyildiyi kimi insan (əsərdə insan deyil, qağayılar nəzərdə tutularaq deyilir) sıxıntını, ətaləti, qəzəbi və qorxunu qəlbindən çıxardığı zaman daha gözəl və uzun bir ömür yaşayır.

Bizim cəmiyyətlərimiz də eyni ilə Qağayı Conatanın dəstəsi kimidir.

Burada dəstə başçıları kimi olanlar da var, digər qağayılar kimi olanlar da və nəhayət Qağayı Conatan kimi fərqlənənlər, öyrənmək həvəsi ilə yaşayıb, nəfsini tərbiyə edərək daim özünü inkişaf etdirənlər də.

Riçard Bax “Qağayı Conatan Livinqston” əsərində bir qağayı həyatının motivləri əsasında oxucuya həyatın hər gün sadəcə bir qarın çörəkdən ötrü əlləşib-vuruşmaqdan ibarət olmadığını, bəşərin əslində nələrə qadir olduğunu, həyatını yaradılışına, misyasına uyğun qurarsa, öyrənmək eşqi ilə daim çalışarsa, həyatın mənası haqqında təfəkkür edərsə, həyatda yeməkdən, savaşdan, hakimiyyətdən daha ümdə məsələlərin varlığı kimi ilkin bir həqiqəti dərk edərsə və nəfsini tərbiyə edərək kamillik həddinə yetişərsə, azad olarsa insanın hansı məqamlara yüksələ biləcəyini və hansı qüdrətə sahibi ola biləcəyini çatdırır.

Və sonda qeyd etməliyəm ki, kitabın nəfis tərtibatına görə “Parlaq imzalar” nəşriyyatına xüsusi təşəkəkkür düşür.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.