“Yeni adlar” layihəsinin yeni mövsümdə ilk konserti keçirilib

 

Mədəniyyət Nazirliyinin bu ilin mart ayından həyata keçirdiyi “Yeni adlar” layihəsi yeni mövsümdə də davam edir. Layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

“Yeni adlar”ın payız-qış mövsümündə ilk musiqi axşamı oktyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.

Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc tarzənlər – respublika və beynəlxalq müsabiqələr laureatları Məhəmməd Xanlarov və Vaqif Təhməzov mükəmməl ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, mədəniyyət və incəsənət xadimləri vardı.

Orkestr tərəfindən Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" və Rauf Hacıyevin “Qaytağı” əsərləri böyük ustalıqla ifa edildi.

Məhəmməd Xanlarov Hacı Xanməmmədovun “Tar və orkestr üçün 1 nömrəli konsert”, Vaqif Təhməzov isə bəstəkarın “Tar və orkestr üçün 3 nömrəli konsert” əsərlərini təqdim etdilər. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

“Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.

Məhəmməd Xanlarov 1996-cı ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə L. və M.Rostropoviçlər adına 21 saylı onbirillik Musiqi məktəbinə qəbul olunub. 2015-ci ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin tar sinfini, 2019-cu ildə AMK-nın bakalavr, 2022-ci ildə isə magistr pilləsini tar ixtisası üzrə bitirib.

M.Xanlarov 2010-cu ildə xalq çalğı alətləri ifaçılarının II Respublika müsabiqəsində III dərəcəli diplomla təltif olunub. 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında III dərəcəli, 2014-cü ildə III Respublika müsabiqəsində I dərəcəli diplomlarla təltif edilib. Gənc tarzən Polşanın Volin şəhərində keçirilən XII Beynəlxalq müsabiqədə (2016) I yer və xüsusi mükafata, Antalyada (Türkiyə) keçirilən (2017) Beynəlxalq TV müsabiqə-festivalında “Qızıl ulduz” mükafatına layiq görülüb. Musiqiçi hazırda Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblında fəaliyyət göstərir.

Vaqif Təhməzov 2000-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar sinfi üzrə bitirib. Həmin il AMK-ya daxil olub. Hazırda konservatoriyanın magistrantıdır.

V.Təhməzov 2013-cü ildə Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsində laureat adını qazanıb. 2017-ci ildə “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsində 1-ci dərəcəli diplomla təltif olunub. Eyni zamanda Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr edilən milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının 3-cü müsabiqəsində laureat olub. 2018-ci ildə Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş xalq çalğı alətlərinin ifaçılarının I Respublika müsabiqəsi və 2019-cu ildə Gürcüstanda keçirilən “Harmony” beynəlxalq müsabiqəsində I yerləri qazanıb. 2020-ci ildə Çexiyada keçirilən “Crystal Star Praque” müsabiqəsi, həmin ildə Malta və Polşada təşkil olunan “Star Bridge” müsabiqəsində Qran-priyə, “Şuşa İli” və Bülbülün 125 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində də Qran-priyə layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.