Əyyub Quliyevin Polşanın Lutoslavski adına Beynəlxalq Gənclər Simfonik Orkestri ilə benefisi

 

Polşanın Lutoslavski adına Beynəlxalq Gənclər Simfonik Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında Berlinin ən mötəbər salonlarından biri olan “Konzerthaus” və Polşanın Şeçin şəhərinin M. Karloviç adına Dövlət Filarmoniyasının Qızıl zalında əlamətdar çıxışlarını həyata keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

 

Lutoslavski Gənclər Simfonik Orkestri artıq 10 il davamlı olaraq xüsusi sınaq müsabiqələrinin nəticələri əsasında dünyanın müxtəlif ölkələrindən istedadlı gəncləri seçib kollektivə dəvət edir. Bu il Polşa, İspaniya, İtaliya və digər ölkələrdən seçilmiş gənc musiqiçilər Berlin Filarmonik, Belin Konzerthaus və Polşa milli orkestrinin musiqiçiləri tərəfindən xüsusi olaraq hazırlıq prosesi keçiblər. Son mərhələdə Azərbaycanlı dirijor Əyyub Quliyevlə bərabər çox mürəkkəb musiqi proqramı üzərində iş gedir - Bela Bartokun Orkestrin üçün “Konserti”, M. Karloviçin “Molenadan Bianka” simfonik poeması və V. Lutoslavskinin Violonçel və orkestr üçün konserti (solist - beynəlxalq müsabiqələr laureatı Marcin Zdunik) əvvəlcə Berlində təqdim olunur. Hər il Berlində avqust ayında keçirilən və dünyanın ən tanınmış gənclər simfonik orkestrlərinin iştirak etdiyi “Young Euro Classics” festivalında Lutoslavski Beynəlxalq Gənclər Orkestri ilk dəfə iştirak edir. Polşa Orkestri ilə bərabər Berlin Musiqi Festivalının açılışında Amerika Milli Gənclər Simfonik orkestri (dirijor Daniel Hardinq), Almaniya Gənclər orkestri (dirijor - Mark Abrext), Ukrayna (dirijor - Oksana Lyniv), Türkiyə (dirijor - Cem Mansur), həmçinin Holland, Venesuela, Vyana Milli Gənclər simfonik orkestrləri rəngarəng proqramlarla çıxış ediblər. Konsertlərdə Rene Kapuson (skripka/Fransa) və Alisa Vaylerştayn (violonçel/ABŞ) kimi solistlər də iştirak ediblər. 

Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə keçən konsertdə Polşa Beynəlxalq Gənclər Simfonik Orkestrinin ifası alman mətbuatında (“Tagelsspiegel”, Classic İnfo, “Rondo”) festivalın ən yaddaqalan və uğurlu konsertlərindən biri kimi qeyd olunub. Konsertin sonunda dinləyicilərin alqışlarını və istəyini nəzərə alaraq musiqiçilər əlavə olaraq Yohannes Brahmsın əsərlərini ifa ediblər. Qeyd etmək lazımdır ki, nüfuzlu Berlin Konzerthausda keçirilən konsert Alman Dövlət Radiosu (Deutch Rundfuk) tərəfindən tam olaraq lentə alınıb. Konsertdən sonra Polşanın Almaniyadakı səfiri tərəfindən Azərbaycanlı dirijor və Polşa orkestrinin şərəfinə rəsmi qəbul təşkil olunub. Berlindəki konsert proqramı Polşanın Şeçin şəhərində yerləşən M. Karloviç adına Dövlət Filarmoniyasının Qızıl zalında yerli dinləyicilərə xüsusi məharətlə təqdim olunub. Konsertin sonunda polşalı dinləyicilər dirijor və digər ifaçıları ayaqüstə alqışlayıblar. Tədbir bitdikdən sonra Polşa Dövlət Filarmoniyasının direktoru Dorota Serva və dirijor Əyyub Quliyev bütün orkestr üzvlərinə xüsusi sertifikatlar təqdim etmişlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.