BİRİ İKİSİNDƏ: Əməkdar artist Ramil Qasımovla müsahibə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsinin budəfəki qonağı gənc yaşlarından bənzərsiz səsi ilə Azərbaycan musiqisində öz imzasını təsdiqləyən sənətkar, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur. Ramil bəylə bu il 90 illik yubileyini qeyd edən Gəncə Dövlət Filarmoniyasının fəaliyyəti, yubiley hazırlığı, eləcə də özünün yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında geniş söhbət edən isə Şahanə Müşfiqdir.

 

– Ramil bəy, ustadınız Mobil Əhmədovun böyüyüb boya-başa çatdığı torpaqda bu gün bir mədəniyyət ocağının rəhbəri kimi çalışmaq necə bir hissdir?

 

– Çox qürurverici bir hissdir, əslində. Yadımdadır ki, uşaqlıq illərimdə həmişə Mobil müəllimlə birlikdə Gəncəyə gedərdik. O zaman Gəncənin küçələrində gəzəndə, o tarixi abidələri yaxından görəndə ağlıma gəlməzdi ki, bir zamanlar müəllimimin boya-başa çatdığı qədim Gəncə torpağında mədəniyyətimizin, Gəncənin döyünən ürəyi olan Gəncə Dövlət Filarmoniyasının direktoru olacam. Bu, çox böyük etimaddır. Həyat belədir, o bizə gözlənilmədən hədiyyələr bəxş edir. Bu da mənim taleyimdə mənə verilmiş bir hədiyyədir. Mən həyatı uzun bir yol kimi ifadə edərdim. Bizə verilən vəzifələr, gördüyümüz işlər, olduğumuz yerlər bu uzun yolun dayanacaqlarıdır və o dayanacaqların da hər birinin öz sərnişinləri var. Ancaq bütün yollar mədəniyyətin inkişafına gedir, onun daha da zənginləşməsi üçündür.

 

– Mədəniyyətin inkişafı deyəndə nəyi nəzərdə tutursunuz?

 

– Mədəniyyət sözünün özü “yenilik” deməkdir. Mədəniyyət bütün əsrlər, illər, hətta günlər, saatlar boyunca inkişaf edir. Mənim həyat şüarım belədir: “Bizi birləşdirən mədəniyyətdir”. Həqiqətən də, bizi mədəniyyət birləşdirir: daxili mədəniyyətimiz, nitq mədəniyyətimiz, etik davranış qaydalarımız və sair hər biri mədəniyyətə daxildir. Ümumiyyətlə, mədəniyyət bütün sahələrdə var. Hansı işlə məşğul olursansa-ol, orada mədəniyyət var. Düşünürəm ki, mədəniyyəti inkişaf etdirmək təkcə dövlətin yox, həm də xalqın missiyasıdır.

 

– Bugünkü günümüzdə mədəniyyətin inkişafından, gedişatından razısınızmı?

 

– Bunu təhlil etmək üçün saatlar, günlər lazımdır. Mədəniyyət birdən-birə inkişaf edə bilməz. Bu gün, məsələn, musiqi sahəsində özfəaliyyət önə çıxır. Kimi buna özfəaliyyət deyir, kimisi qeyri-peşəkarlıq deyir. Təbii ki, bu, peşəkar musiqiçiləri qane etmir. Çünki insanlar 20 il təhsil alır və nəticədə hansısa təhsilsiz musiqiçinin önə çıxmağı qıcıq doğurur. Amma mən bu məsələlərə heç də radikal baxmıram. Düşünürəm ki, mədəniyyətin daha da inkişafı üçün getdikcə ideoloji olaraq hər şey bünövrədən dəyişə-dəyişə yaxşıya doğru gedəcək. Fikrimcə, bu gün Azərbaycan mədəniyyəti inkişaf edir. Buna dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Mədəniyyət sahəsində çalışan insanlar da bu uğurda öz töhfələrini təqdim etmək üçün çalışırlar. Hər bir halda böyük addımlar atılır və yavaş-yavaş da nəticələri görünür.

 

Azərbaycan mədəniyyəti çox zəngin köklərə malikdir və bizim ona sadiq qalmağımız mütləqdir

 

– Sizcə, biz dəyərlərimizə nə qədər sadiq qala bilirik, yaxud sadiq qalmalıyıqmı?

 

– Hər bir xalqın milli-mənəvi dəyərləri onun keçmişidir. Milli-mənəvi dəyərlər, milli ənənələrimiz, bizə miras olan tarixi folklorumuz, aşıq və digər sənətlərimiz var ki, biz buna mütləq sadiq qalmalıyıq. Nə qədər inkişaf etsək, dünyanın müasir, yeni təcrübələrindən, eksperimental mədəniyyət formalarından istifadə etsək də, yenə mənəvi dəyərlərimizə qayıdırıq. Bizim Üzeyirimiz var, Fikrət Əmirovumuz, Qara Qarayevimiz, Mirzə Fətəli Axundovumuz, daha keçmişə getsək, Nəsimimiz, Füzulimiz, Nizamimiz var. Biz yeni yaranan xalq deyilik. Bizim xalqımız çox zəngindir. Ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin çox gözəl bir sözü vardı. O deyirdi,  hər bir xalq öz mədəniyyəti ilə seçilir, sayılır. Azərbaycan mədəniyyəti də çox zəngin köklərə malikdir və bizim ona sadiq qalmağımız mütləqdir. Dövlətimiz, Heydər Əliyev Fondu,  Mədəniyyət Nazirliyi bu istiqamətdə  hər zaman ölkə daxilində və xaricində məqsədyönlü şəkildə böyük işlər aparır.

 

– Dəyərlərimizdən danışmışkən, bu il 90 illik yubileyini qeyd edən Gəncə Dövlət Filarmoniyası bir əsrlik tarixinə necə sahib çıxır? Bir rəhbər kimi siz bunu necə davam etdirməyi düşünürsünüz?

 

– Azərbaycan musiqi tarixində Gəncə Dövlət Filarmoniyasının öz tarixi ənənələri var. Böyük sənətkar, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan bu nəhəng musiqi ocağı, dünyanın ən gözəl filarmoniyalarından biri olan Gəncə Dövlət Filarmoniyası məhz cənab prezident İlham Əliyevin qayğısı nəticəsində 2017-ci ildə yenidən istifadəyə verildi. Bu, təkcə Gəncə və gəncəlilər üçün deyil, bütövlükdə Azərbaycan musiqisi üçün böyük bir töhfə oldu. Çünki filarmoniya nəhəng bir konsert müəssisəsidir. Bu günün özündə də dörd bir yanımıza baxanda dahi Üzeyir Hacıbəylinin izini görürük. Gəncə Dövlət Filarmoniyası da 1935-ci ildə məhz Üzeyir bəyin təşəbbüsü ilə yaranıb. Üzeyir bəy o zamanlar çox çətin, məşəqqətli bir dövrdə bu filarmoniyanı yaradıb. Bu o dövr idi, onda insanlar hələ klassik musiqini qəbul edə bilmirdilər, Üzeyir bəyin sağında-solunda böyük musiqiçilər yetişməmişdi, onları Üzeyir bəy yetişdirdi. Daha sonra isə bu missiyanı Fikrət Əmirov, Qənbər Hüseynli və Azərbaycanımızın müxtəlif tanınmış musiqi xadimləri davam etdirdilər. Müəyyən səbəbə görə bir müddət filarmoniya öz fəaliyyətini dayandırdı, amma 2017-ci ildən etibarən davamlı fəaliyyətdədir. Fikrimcə, 90 illik yubileyin keçirilməsi, eləcə də ideya müəllifi və bədii rəhbəri olduğum, yubiley çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təşkil olunması musiqi ictimaiyyətinin bayramına çevriləcək.

 

– Sizcə, filarmoniya sizin rəhbərliyinizlə nə qazandı və bundan sonra nə qazanacaq?

 

– Bu sual, əslində, tamaşaçılara verilsə, daha doğru olar. Sadəcə, qeyd etmək istərdim ki, rəhbərlik etdiyim il yarım müddətində biz orada “Gəncə və gəncəlilər”, “Urbanda görüşərik”, “Xalqın mədəni sərvəti”, “Gəncənin döyünən ürəyi”, “Üzbəüz”, “Musiqi kimliyimiz”, “Cücələrim” Uşaq musiqi paradı,  “Musiqinin gücü” və sair kimi bir sıra layihələr, gənc rəssamların sərgilərini təşkil etdik. Gəncənin tarixi simaları çoxdur. O simalar ki, ta qədim zamanlardan bu günə kimi tək Gəncənin deyil, eləcə də Azərbaycanın adını dünyada tanıdıb. Məhsəti Gəncəvidən, Nizamidən üzü bəri nə qədər dahilər yetişib Gəncədə. Onların hər biri bəşəri insandır. Məsələn, “Gəncə və gəncəlilər” layihəmizdə də məqsədimiz həmin insanları, Gəncənin qədim tarixini bir daha tanıtmaq və təbliğ etməkdir. Ayda bir dəfə bu layihənin növbəti rubrikası həmin dahi şəxsiyyətlərimizə həsr olunur. Sağlam, çalışqan, yenilikçi və işgüzar komandamızın zəhməti sayəsində biz bu layihələri həyata keçiririk. Amma şübhəsiz ki, qayğı, diqqət olmasa, bunları bacarmazdıq. Bunu da dövlətimizdən görürük.

Mənə elə gəlir ki, komandamız mənimlə birlikdə Gəncənin mədəni həyatına kiçik də olsa, öz töhfəsini verdi. Əgər bunu edə bilmişiksə, xoşbəxtəm.

 

Mədəniyyətimizin, incəsənətimizin, musiqimizin maarifləndirilməsi istiqamətində iri və fundamental addımlar atırıq

 

– Filarmoniyanın repertuar seçimini necə aparırsınız?

 

– Özüm seçirəm. Layihələrə bölürəm, sonra isə sistemləşdiririk. 2026-cı ilə qədər bizim repertuarımız hazırdır. Repertuarı seçərkən yalnız və yalnız maarifləndirməyə diqqət edirik. Gənclərin maraq dairəsi də bizim üçün əhəmiyyət kəsb edir. Mədəniyyətimizin, incəsənətimizin, musiqimizin maarifləndirilməsi istiqamətində iri və fundamental addımlar atırıq.

 

– Maarifləndirmə demişkən, Gəncədə və ətraf ərazilərdəki incəsənət məktəbləri ilə əlaqələriniz varmı?

 

– Oraya gedən kimi “Xalqın mədəni sərvəti” layihəsi ilə Gəncə-Daşkəsən regional idarəsi ilə əlaqələri qurduq və bütün ətraf bölgələrdəki incəsənət məktəblərində tədbirlər planlarını həyata keçirdik. Bundan sonra da davam edəcəyik.

 

– Bəs Gəncə camaatı, sakinlər necə, maraq göstərirlərmi?

 

– Təəssüf ki, tamaşaçı problemimiz var. Tamaşaçıları cəlb etmək üçün çox cəhd edirik. Bu problem tək bizdə yox, bütün dünyada var. Dediyim kimi, bu gün yüngül musiqiyə daha çox maraq var. Bu, yaxşıdır, pisdir deyib təhlil etmirik, sadəcə, olan budur. Biz çalışmalıyıq, cəhdlər etməliyik, məğlub olmamalıyıq. Bəli, bu gün tamaşaçı məhəbbəti azdır. Amma dayanmaq olmaz. Hər vəchlə klassik musiqimizi, ciddi, peşəkar musiqimizi inkişaf etdirməliyik.

 

– Bu rəhbər vəzifələr sizin şəxsi yaradıcılığınıza necə təsir göstərir? Mane olmur ki?

 

– Yaradıcılığım heç zaman inzibati işimə mane olmayıb. Mənim yaradıcılığım həyatımdakı ayrıca xətdir. Bəzən deyirlər ki, yaradıcılıqla inzibati işi birlikdə aparmaq çox çətindir. Mən bu çətinliyi yaşamıram. Təbii ki, ekranlara çox çıxmıram, müsahibələr vermirəm, bayağı verilişlərdən qaçıram. Mənə bunların heç biri maraqlı deyil. Mən klassik opera ifaçısıyam, elmlə məşğulam. Əgər şou ifaçısı olsaydım, yəqin, gündəmdə qalmaq üçün çalışardım. Amma bu gün mənim ona ehtiyacım yoxdur. Ümumiyyətlə, mən nəfsimi idarə edən insanam, böyük ambisiyalarım yoxdur. Sağlam düşüncəli insanam. İnkişaf etmək istəməyən sağlam düşüncəli sayıla bilməz. Mənsə inkişafa can atıram, hər gün öz üzərimdə işləyir,  daim mütaliə edirəm. Yaradıcılığım isə heç zaman dayana bilməz. Çünki dövlətim mənə “Əməkdar artist” fəxri adını verib, klassik opera janrında ən gənc Koroğlu olmağa layiq görülmüşəm, Milli Konservatoriyada baş müəlliməm, Azərbaycanda ilk dəfə ödənişsiz əsaslarla fəaliyyət göstərən Bülbül vokal məktəbinin təsisçisi və direktoruyam. Bütün bu etimadları doğrultmaya bilmərəm. Yaradıcılığım öz axarında davam edir, yeni opera üzərində işləyirəm. Düşünürəm ki, hər şey yaxşı olacaq.

 

Azərbaycan mahnılarını ifa edərkən tam özüm oluram

 

– Motivasiyanı nədən alırsınız?

 

– Motivasiyanı özümdən, Xəzər dənizindən, Niyazinin “Rast” simfonik muğamından, yeni ideyalarımı, layihələrimi yazacağım təzə dəftərlərdən, yaxşı yazan qələmlərdən, ola bilər, yağışlı hava, ya da günəşli havadan alıram. Hələ uğursuzluğa düçar olan bir layihəm  olmayıb. Gördüyüm işlər böyük rezonansa səbəb olub, çünki həmin layihələri  A-dan Z-yə qədər ölçüb-biçir, iş prosesinə isə özüm nəzarət edirəm.

 

– Bu saydıqlarınız, ya da saymadıqlarınız dilə gəlsə, sizcə, hansı Ramil Qasımovu olduğu kimi tanıda bilər?

 

– Azərbaycan mahnılarını oxuyanda mən tam özüm oluram. Heç vaxt heç kimi təqlid etməyi sevməmişəm. Bəlkə də, auditoriya ona görə mənə etimad göstərib, çox istəyir. İfa edərkən hisslərimi tam şəkildə ifadə edə bilirəm. Məqsədim o deyil ki, bu mahnını ifa edim, məqsədim odur ki, üç dəqiqə ərzində tamaşaçını buna inandırım. Üç dəqiqəlik mahnını ifa yox, ifadə etmək mənim üçün olduqca asandır. Çünki mən onun məsuliyyətini hiss etsəm, buna məsuliyyətlə yanaşsam, səmimiyyətsiz olacağam. Tamaşaçı məni dinləmək istəyir ki, oradadır, niyə o zaman məsuliyyət haqda düşünməliyəm? O müddətdə mənim qeyri-səmimi olmağa ixtiyarım yoxdur. Bəzən deyirlər ki, səhnə məsuliyyətdir. Xeyr, səhnənin heç bir məsuliyyəti yoxdur. Bu, insan aqibəti deyil, onların öhdəliyini götürmürsən ki, məsuliyyət də hiss edəsən. Əksinə, sən onlara xoş anlar bəxş edir, emosional duyğular ötürürsən. Bu, çox gözəldir.

 

– Bəs musiqinin məsuliyyəti?

 

– Azərbaycan musiqisinin görkəmli bəstəkarlarının çoxu ilə canlı ünsiyyətdə olmuşam. Tofiq Quliyev, Süleyman Ələsgərov, Ramiz Mirişli, Oqtay Kazımi, Emin Sabitoğlu, Şəfiqə Axundova, Vasif Adıgözəlov,  Ramiz Mustafayev, Arif Məlikov kimi bəstəkarlarla işləmişəm. Onların çoxu mənim səsimə mahnı yazıblar. Bu gün mən onların əsərlərini tədris edərkən hansısa intonasiyanı dəyişəndə-sizə əminliklə deyirəm-zamanında onların özləri deyirdilər ki, Ramil, belə daha qəşəngdir. Təbii ki, musiqidə məsuliyyəti qoruyuram, amma daxili ifadə ki var, o, bəstəkarlıq deyil, ifaçının hissləridir. Sözün fəlsəfəsinə varmaq lazımdır. Bir vurğunu səhv edəndə sözün gücünü itirirsən. Sözün gücünü itirmək olmaz.

 

– Ruhən azad insansınız?

 

– Hər zaman... Heç nəyim belə olmasa, özümü neqativ hiss etmərəm. Həmişə azadam. Amma çox məsuliyyətliyəm. Hər zaman mənə göstərilən etimadı doğrultmağa çalışıram. O etimadı itirsəm, çox pis pərt olaram, utanaram. Düşüncəm, fəlsəfəm azaddır, amma ənənələrə də sadiqəm. Məsələn, Azərbaycan kişi ənənələrini qoruyuram. “Kişi belə eləməz” düşüncəsinə sahibəm.

 

– Mane olmur sizə?

 

– Bəzən mane olur. Çünki müasir həyatın ritmi çox fərqlidir. Amma ataların “palaza bürün, elnən sürün” sözünə də inanmıram. Bəlkə, palaz səhv gedəcək? Bəs mənim öz düşüncəm, öz ağlım? Mənim üçün ən qorxulu insan - əqidəsi bəlli olmayan insandır.

 

– Bir pedaqoq kimi nəyə diqqət edirsiniz?

 

– Tələbələrlə ünsiyyətdə çox rahatam, bəzən sərtəm. Təhqiri, səsimi qaldırmağı sevmirəm. Çalışıram onlara izah edim ki, heç kimi, hətta məni -  öz müəllimlərini belə təqlid etməsinlər. Təqlidə cəmi bir il icazə verirəm, sonra isə olmaz. Çünki təqlid yaxşı bir şey deyil, o, surətdir. Onlar özlərini tapmalı, özləri kimi olmalıdırlar. Bizə yeni Bülbüllər, Rəşidlər yox, yeni adlar lazımdır. Biz onların zirvəsinə çatmamalıyıq, öz zirvəmizi yaratmalıyıq.

 

– Yenidən filarmoniyanın 90 illik yubileyinə qayıdaq, yubileyə necə hazırlaşırsınız? Nə kimi planlarınız var?

 

– Martın 9-u filarmoniyanın 90 illik yubileyi tamam olacaq. Bununla əlaqədar  4-9 mart  tarixlərində Fikrət Əmirov I Ümumrespublika  Musiqi Festivalını keçirəcəyik. Martın 9-da yubiley günündə festivalın təntənəli bağlanış mərasimi baş tutacaq. Düşünürəm ki, bu, musiqimiz üçün böyük bir töhfə olacaq. Əminəm ki, çox gözəl və maraqlı musiqi bayramı olacaq. Hazırlıq işləri çox yüksək səviyyədə davam edir. Eyni zamanda il ərzində müxtəlif bölgələrimizdə yubiley tədbirləri də keçirəcəyik.

 

– Qarabağa gedəcəksiniz?

 

– Düşünürük, arzumuz və planlarımız arasındadır.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.