İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə sonuncu – beşinci yazını diqqətinizə təqdim edirik.
Ü.Hacıbəyli musiqi təhsili sisteminin yaradıcısıdır
Heç şübhəsiz ki, Üzeyir bəyin pedaqoji təcrübəsinin ən yüksək mərhələsi musiqi sənətinin tədrisi ilə bağlıdır. O, ölkəmizdə musiqi təhsili sisteminin yaradıcısıdır. Milli musiqi kadrlarının yetişdirilməsində müstəsna xidmətləri olmuşdur.
Müsəlman Şərqində ilk operanın müəllifi olan Ü.Hacıbəyli “Azərbaycanda musiqi tərəqqisi” əsərində musiqi təhsili ilə bağlı belə yazırdı: “ Məktəbin ən yaxın məqsədi azərbaycanlıları musiqi sənətinə alışdırmaqla bunlar üçün yeni sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbii sahibləri zühura çıxarmaqla bəşəriyyətə bu yolla xidmətlər göstərməkdədir. Digər böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musiqisini bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilətməkdir”.
S.Rüstəmovun 1945-ci ildə Üzeyir bəyin anadan olmasının 60 illik yubileyi münasibətilə yazdığı "Üzeyir Hacıbəyli bir xalq müəllimi kimi" məqaləsində oxuyuruq: “1922-ci ildə Bakıda Musiqi Texnikumu təşkil olunur. Azərbaycan xalqının bir sıra musiqiçi və bəstəkarlarının ilk təhsilini almağa başladıqları, yetişdiyi bu tarixi məktəbin təşkili və idarə olunması hörmətli sənətkar-müəllim Üzeyir Hacıbəyliyə tapşırılmışdı. Bu vaxra qədər musiqi məktəbi və musiqi təhsilinin nə demək olduğunu bilməyən əməkçi azərbaycanlı balaları bu məktəbə axın-axın gəlməyə başlayırlar.
Burada Avropa musiqi alətləri: fortepiano, skripka, alt, violençel, kontrabas, fleyta, qaboy, klarnet, truba, valtorna və başqaları ilə yanaşı olaraq, Azərbaycan xalq çalğı alətləri- tar, kamança və dəf sinifləri də təşkil olunmuşdu. Məktəbə qəbul olunmuş şagirdlərin istər valideynləri və istərsə bilavasitə özləri ilk öncə möhtərəm Üzeyir müəllimlə görüşərdilər; Üzeyir müəllim onları özünəməxsus təvazökarlıq və mehribanlıqla qarşılayır, musiqi qabiliyyətlərini yoxladıqdan sonra musiqi sənətindən, musiqi musiqi təhsilinin xalq üçün mədəni xeyir və əhəmiyyətindən danışar, onlara ürək, ruh verib işə inamla yanaşmalarını tövsiyə edərdi.
Üzeyir müəllim Musiqi Texnikumu şagirdlərinin hamısını çox yaxşı tanıyır, hər gün onların müvəffəqiyyətləri haqqında müəllimlərdən məlumat alar, hər bir şagirdin gələcək perspektivini təyin edərdi. Azərbaycanlı balalarının bu məktəbə olan şövq və həvəsi hədsiz idi. Maraqlı burasıdır ki, hələ o vaxt mövhumatın güclü olmasına baxmayaraq Musiqi Texnikumunda azərbaycanlı qızlar və oğlanlar bir yerdə dərs alırdılar və buna heç kəs etiraz etməmişdi. Əksinə olaraq, məktəbə qəbul olunmaq istəyənlərin sayı gündən-günə artırdı. Məktəbin bütün müəllimləri başda Üzeyir bəy olmaq üzrə azərbaycanlı balalarından ixtisaslı musiqiçilər yetişdirməyə səy edirdilər. Üzeyir bəyin rəhbərliyi ilə Azərbaycanda ilk simfonik orkestr təşkil olunmuşdu.
1925- ci ilin may ayında Dövlət Opera Teatrının binasında Musiqi Texnikumu ilk hesabatını verdi. Həmin gün şagirdlərin qüvvəsi ilə “Arşın mal alan” operettası tamaşaya qoyuldu. Dirijor böyük müəllimimiz Üzeyir bəy idi”.
Pedaqoq, bəstəkar, dirijor, musiqişünas, publisist, dramaturq, ictimai xadim olan Ü.Hacıbəyov Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövddət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və başqa onlarla tanınmış bəstəkar və musiqiçilərin müəllimi olmuşdur.
Sonralar Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. Müsəlman Şərqində ilk ali musiqi təhsil ocağı–konservatoriya (hazırkı Bakı Musiqi Akademiyası) 1921-ci ildə məhz onun səyi nəticəsində yaradılmışdır.
Ü.Hacıbəylinin müəllimlik fəaliyyətinin ən qiymətli məhsullarından biri də «Azərbaycan xalq musiqisinin əsasları» əsərinin yaradılmasıdır.
Şübhəsiz ki, 140 illik yubileyini qeyd etməyə hazırlaşdığımız dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin pedaqoji görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin və musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verməkdə davam edir və düşündürür. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş, əsil vətənpərvərlik nümunəsi olan fəaliyyətini və yüksək mənəvi-estetik dəyərə malik irsini, “yaradıcılığındakı Antey qüdrətinin, Herkules əzəmətinin sirlərini hələ çox nəsillər öyrənəcək” və faydalanacaqlar.
“Üzeyir Hacıbəylinin yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəylinin xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə də artırmalı, daha da inkişaf etdirməliyik”. (H.Əliyev)
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)