Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan gəncliyi dedikdə ilk əvvəl gözümün önünə 44 günlük müharibə, müharibədə canından keçmiş şəhidlər və qazilər gəlir. Çətin gəncliyi olan bir dövr, valideynlərin vətənə sevgi və məhəbbətlə böyütdüyü gənclik gəlir.
Azərbaycanın gələcəyi olduqları halda, bu gələcəyi özləri üçün və özlərindən sonra gələnlər üçün qazanmış igid vətən aşiqləri. Azərbaycan gəncliyi bu baxımdan nə qədər ucadır.
Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi olduğum üçün bizim gənclərimizdən söz açmaq istəyirəm. Bura ilk gəldiyim gündən sevdiyim və məni bura bağlayan qüvvələrin ən əsası tələbələr olub.
Onlar özünəməxsus davranışları ilə çox seçilir. Dəhlizlərdə məşq edib, imtahanda həyəcan yaşayar, böyük səhnələrdə uğur qazanar, müsabiqələrə can atıb qalibiyyət qazanarlar. Hər gün gördükləri ustadlardan dərs alıb, onların ruhunu yaşatmağı bacararlar.
Onlar ixtisas dərslərini sevir, böyük şövqlə qatılırlar. Çox gülərüzdürlər və gözəldirlər. Əzmkardırlar, ədəbli və alidirlər. Onları çox sevirəm. İstedadları tükənməzdir.Təsadüfi olmadıqları üçün, tam öz yerlərində olduqları üçün və nə istədiklərini bildikləri üçün sənət aləmində atdıqları addımlarıyla fəxr edirəm.
Mən onların işindən ən uğurlularını seçmək istəmirəm. Çünki onlar özü özlüyündə Uğurun özüdürlər.
Ayrı-ayrı ixtisaslar üzrə təhsil alan tələbələr öz sevdikləri sahədə irəliləmək üçün gecə-gündüz çalışırlar. Onların gözlərində elə böyük məhəbbət və sevgi var ki, bunu sözlə izah etmək mümkün deyil.
Azərbaycan Milli Konservatoriyası yarandığı gündən ta bu günə qədər bir amalla irəliləyib: Milli musiqi təhsilinin inkişafı. Eyni zamanda Azərbaycanın milli musiqi yaddaşının qorunması və onun gələcək nəsillərə ötürülməsi. Muğamın və qədim musiqi alətlərimizin qorunması.
25 yaşını qeyd etdiyimiz Azərbaycan Milli Konservatoriyasının rəhbərlərinin, müəllim və professorlarının amalı, tələbələrin gələcəyini düşünməkdir, onların musiqi təhsilini layiqincə əldə etmələrinə çalışmaqdır. Çünki Azərbaycan milli musiqisini qorumaq hər bir mədəniyyətimizin gələcəyini düşünən ziyalı üçün öncəlikdir.
AMK-nın bu tək amalı uğrunda çalışan sənətkarlar, professorlar, müəllimlər bir məqsədlidir: Milli musiqimizin layiqincə inkişafı, Azərbaycan musiqi ənənələrinin qorunması, yüksək səviyyədə təhsil, AMK-nı təmsil edən məzunların uğuru və dəyəri.
Bu qarşılıqlı məhəbbət tələbələrdə də müşahidə olunur.
Sənətə və sənətkarlığa qiymət vermiş ali insanların amalı olan Azərbaycan Milli Konservatoriyası varlığı ilə Azərbaycan Mədəniyyəti üçün bir töhfədir.
Bunu AMK-da tələbələr, gənc müəllimlər, o aləmə qədəm qoymuş hər kəs dərk edir.
Mən, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi olaraq, onların uğurlarını paylaşdıqca, çıxışlarına baxdıqda çox sevinir və fərəhlənirəm. Qürurla paylaşımlar edirəm, tədbirlərə qatılıram, onlarla söhbət etmək və onların ifalarını dinləməklə xoşbəxt oluram.Gənc tələbələr içində inkluziv təhsil alanlar da var. Hər hansı bir qüsur olduğu halda belə, onların sevərək təhsilini davam etməsi, digər tələbələrin onlara qayğısı, sevgisi, dostluğu bütün sərvətlərdən üstündür.
Mənəviyyatı zəngin, istedadlı nur tələbələri Gənclər Günü münasibəti ilə təbrik edirəm. Onlara uğur arzulayıram. Bizim sabahımız, gələcəyimiz olan tələbələrimizə sənət zirvəsi, ucalığı, doğma ocaqlarına layiq olmağı arzulayıram.
Gənclik elə bir dövrdür ki, onun hər anının, hər dəqiqəsinin qədrini bilmək, doya-doya yaşamaq və təhsildə inkişaf etmək vacibdir.
Bunu anlayan hər insan demək ki, boş yaşamayıb və həyatda çox nailiyyətlərə çatıb.
Uğurlu ol, mənim gənc dostum. Çünki sən musiqi dünyasında bir zərrəsən. Onu işığa çevirməyə tələs. Uğurlara yetiş, yolun ucalıq olsun.
“Ədəbiyyat və incəsənət”
(02.02.2025)