Dekabrın 14-də dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109-cu ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
AzərTAC xəbər verir ki, Anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi və müğənninin ailə üzvləri iştirak ediblər.
Sənətkarın ruhuna dualar oxunub əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, doğma vətənini hədsiz dərəcədə çox sevən müğənni 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.
Məlahətli səsi ilə könülləri fəth edən böyük müğənni 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayıb, Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)