Bir mahnının tarixçəsi: “Küçələrə su səpmişəm” Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət” 

 

Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın

Elə gəlsin, elə getsin,

Aralıqda söz olmasın. 

 

Sevərək dinlədiyimiz elə mahnılar var ki, bir çoxumuz onların tarixçəsindən və ya ilk versiyalarından xəbərsizik.

Bu qəbildən olan mahnılardan biri də elə Rəşid  Behbudovun ifasında məşhurluq qazanmış xalq mahnısı olan "Küçələrə su səpmişəm" mahnısıdır.

Hər dəfə bu mahnını haradasa eşidəndə Heydər Əliyevin ifası və ifa edərkən kövrələrək gözlərinin dolduğu epizodlar gəlir gözlərimin önünə. Və bir də Zərifə Əliyevanın büstü qarşısındakı o mənalı baxışları..

Amma kənardan hər nə qədər sevgi mahnısı kimi görünsə də əslində mahnının fərqli və çox maraqlı bir tarixçəsi var.

Mahnı əslində xalq tərəfindən Azərbaycana köməyə gəlmiş Qafqaz İslam ordusuna ithaf olunub.

Yazıçı Manaf Süleymanov yazır ki, xalq mahnısının sözləri Sovet dövründə redaktə olunub.

Deyilənə görə o illərdə Bakıda belə bir adət var imiş ki, su maşınları küçələri gəzir və həm tozu yatırmaq, həm də az da olsa sərinlik yaratmaq məqsədi ilə su səpirmiş.

Və o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərinin yolunu gözləyən insanlar onları qarşılayarkən bu mahnını belə oxuyurlarmış. 

 

Küçələrə su səpmişəm

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın. 

 

Təhminə:

- "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın". Gör necə sevirlərmiş bir vaxtlar... Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?

Zaur:

- Bakıda mümkün deyil bu, küçənin bir başına su səpənəcən xəzri o biri başını toza qərq eləyəcək.

Təhminə:

- Eh, ruhun yoxdur sənin.

“Təhminə və Zaur” filmindən.

 

Xoş dinləmələr

https://youtu.be/jLzrdogPDqg?si=APVwNr080KYguoGa

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.