İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca “graphike” – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub.
İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası.
Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən və yaxud pastel texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsərlər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür.
Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir.
- Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir.
- Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya
- Ağac üzərindəki qrafikaya isə ksiloqrafiya.
- Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir.
Sahəsinə görə qrafikanın kitab qrafikası, elmi-tədqiqat qrafikası, plakat qrafikası, sənaye qrafikası və s. kimi növləri var.
Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Lakin klassik ədəbi əsərlərin, əlyazmaların və dini kitabların bədii tərtibatı qrafikanın Azərbaycanda qədim tarixə malik olduğunu göstərir.
Satirik qrafikanın yaranması və inkişafı “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlıdır. Azərbaycan Sovet qrafikasının inkişafında xalq rəssamı, mahir karikatura ustası Əzim Əzimzadənin müstəsna rolu olub. O, qrafikanın müxtəlif janrlarında çalışaraq rəngarəng rəsm silsilələri, plakat, karikatura, səhnə tərtibatı, geyim eskizləri və s. yaradıb. Ə.Əzimzadənin kitab qrafikası sahəsində yaratdığı ən kamil əsər M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalardır.
Ələkbər Rzaquliyevin “Köhnə Bakı”, "Xalçaçılar", Rasim Babayevin "Qobustan", "Xınalıq" linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)