Rəssam bizə ən xoşbəxt və ən bədbəxt dəqiqələrimizdə də lazımdı Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Rəssam Nizami Dadaşov deyir ki, ən xoşbəxt dəqiqələrim əsərlərimə sərf etdiyim vaxtlardır. Bu zaman öz hisslərimə qapılır, yaratmaq istədiyim hər bir əsəri dolğunluğu ilə üzə çıxarmağa çalışıram. Təbiət mənzərələrini, portretləri, ölkəmizə qarşı olan ədalətsizliyi fırçamla təsvir edərək yenidən yaşamaq eşqini və sevgi duyğularını insanlarda artırmaq, onları bir daha haqsızlıqla mübarizəyə çağırmaq, bir növ kamilləşdirmək istəyirəm.

 

Nizami Məhərrəməli oğlu Dadaşov 1964-cü ildə Sumqayıt şəhərində anadan olub. 1979-cu ildə 21 saylı orta məktəbin səkkizinci sinfi bitrdikdən sonra 6 saylı gecə məktəbində təhsilini davam etdirib. 1980-ci ildə Sumqayıt şəhərindəki Tənqid-təbliğ gənclər teatrında rəssam kimi çalışıb. 1982-ci ildə Almaniyada hərbi qulluqda olub. 1985-ci ildə 84 saylı orta texniki peşə məktəbinin 3-cü dərəcəli reklam tərtibatı üzrə icraçı rəssam şöbəsinə daxil olub. 1987-ci ildə fərqlənmə ilə bu məktəbi qurtardıqdan sonra 2-ci respublika xalq yaradıcılığı festivalında ilk dəfə olaraq beş əsəri ilə iştirak edib və fəxri fərmanla təltif olunub. 1988-ci ildə ilk fərdi sərgisi Sumqayıt şəhərinin Sərgi salonunda keçirilib. Bu sərgidə onun 115 əsəri təqdim edilib. 1989-cu ildə keçirilən ikinci fərdi sərgisində isə 127 əsəri nümayiş olunub.

1991-ci ildə Sumqayıtın Tarixi Muzeyində “Azadlığa doğru” adlı sərgidə əsərləri ilə çıxış edib. Bu sərgidə “20 Yanvar” hadisələrinə aid 120-dən çox əsəri olub. Əsərlər hazırda Muzeyin fondunda saxlanılır. Bir çox sənət nümunəsi Bakı Vernisajında ABŞ, Fransa, Türkiyə, Hindistan və başqa dövlətlərə satılıb. Bəzi əsərləri isə şəxsi kolleksiyalardadır.

1987-ci ildə Sumqayıt “Azkimyatəmir” Tikinti Trestində Baş rəssam işləyib.

1988-ci ildə Bakı şəhəri 12 saylı Peşə liseyində tərtibatçı-rəssam peşəsi üzrə təlim ustası işləyib.

2000-ci ildən 9 saylı BPL-də tərtibatçı-rəssam işləyib.

Hazırda Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sumqayıtın 70 illik yubileyində Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir, iki övladı, beş nəvəsi var.

İ.V.Höte deyib: “Rəssam bizə ən xoşbəxt və ən bədbəxt dəqiqələrimizdə də lazımdır.” Rəssamlarda xüsusi istedad ilahi vergidir. Tanrı bu istedadı bəndələrinə bəxş edib ki, onlar dünyanın hüdudsuz ənginliklərini duyub qavrasın, təxəyyül süzgəcindən keçirsin, çeşidli çalarlarla kətana köçürsün. Bu, böyük xoşbəxtlikdir. Belə xoşbəxt insanlara yalnız həsəd aparmaq olar. Rəssam Nizamiyə bu xoşbəxtlik nəsib olub. O, fantaziyaları ilə həyatın ağ və qara üzünü olduğu kimi insanların dərd-sərini, keçdikləri enişli-yoxuşlu yollarını özününküləşdirib, yaradıcılıq əzabına qatlaşıb.

Sənət zirvəsində ən ali məqam tutan Nizami Dadaşovun dünyanın mühüm ölkələrində nümayiş olunan əsərlərinin yüksək dəyərləndirilməsi qəlbən bağlandığı rənglər dünyasının daxili zənginliyi ilə bağlıdır.

FEKO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan Qrupunun fəal üzvü, istedadlı rəssam Nizami Dadaşovun müxtəlif janrlı əsərləri dünyanın məşhur muzeylərini, rəsm salonlarını bəzəməklə onu yeni uğurlra çağırır. O yorulmadan, əzmlə Azərbaycanın dünəni, bugünü və işıqlı gələcəyini, millətin firavan həyatını təsvir edən yeni əsərlər üzərində çalışır. Bu əsərlərin də ona uğur gətirəcəyinə inanırıq.

Bir sözlə, həyatda düzgün mövqe tutan, qarşısına qoyduğu məqsədlərinə müvəffəqiyyətlə nail olan və mənəvi saflığa üstün verən rəssamın fantaziyasına daxil olan əsərləri sənət aləmində ona rəğbət qazandırır, daxili potensialını üzə çıxarır.

Nizamı Dadaşova sağlam uzun ömür və bolluca uğur və sevinc arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.