Minarənin “Cəsur xilaskarlar”ı – BİR RƏSMİN HEKAYƏSİNDƏ Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Sənətdə qəhrəman axtarışı və ya qəhrəmanları sənətə gətirmək...Yaradıcı insanın  nağıllardakı “açıq qapını bağla”, “bağlı qapını aç” tərəddüdündə qalmasıdır, bəlkə də... Ya da Prometey ümididir.

 

Sənətdə qəhrəman axtarmaq  daha asandır, məncə, nəinki qəhrəmanları sənətə gətirmək. Bu məqamda Prometeyin mövcudluğu qəbul edilməlidir ki, insan eqosu üçün bu da aşırımı aşmaq, gədikləri dizə gətirməkdir. Nə gözəl ki, balaca rəssamımız Minarə Abdullayevanın yaradıcılığında qəhrəmanın sənətə gətirilməsi ilə rastlaşdım.

“Ədəbiyyat və İncəsənət” portalının oxucuları artıq Minarəni tanıyırlar. Balaca rəssam ilk dəfə bizə “Şuşa qalası” adlı əsərindən danışmışdı...  Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alan Minarə  indidən  həyat-sənət münasibətlərindəki gizli sərhədləri kəşf edib.

Bu gün Minarədən “Cəsur xilaskarlar” adlı rəsminin hekayəsini soruşdum.  2024-cü ilin payızında Bakıya yağan leysanlar hamımızda qəribə təəssürat yaratdı...  Mən Şəkidə-dağın qoynuna sığınmış, yağışlara sevdalı buşəhərdə oturub  uşaqlığımı xatırlamışdım: şagird Şəfa Nahid Hacıyevin “Payız leysanları”nın sehrinə dalırdı. Roman qəhrəmanları leysanın hökmranlıq etdiyi bir vaxtda-bir məkanda qarşılaşırdı... 

Və sonra leysanın törətdiyi fəsadlarla bağlı xəbərlər oxumağa başladıq. Sel basan tuneldə 2 nəfər həyatını itirdi... İnsanlar yollarda qaldı... İnsanlar həyati təhlükə ilə üzləşdi...  Balaca rəssamımız da hər bir Azərbaycan vətəndaşı kimi,baş verənlərdən təsirlənməyə bilməzdi... Doğulduğu, böyüdüyü şəhərdə leysanların insan həyatlarına hökm etməyə başlaması onun ruh  dənizini dalğalandırmaqda gecikmədi...

 

“Çox təsirlənmişdim”-deyir Minarə... “Ən narahat anlarımda,  əlim heç nəyə çatmayanda  fırçam olur xilaskarım. Fırçamı əlimə aldım... Çəkməyə başladım. Bir də baxdım ki, xilaskarım olan fırçam real xilaskarları-fövqəladə hallar zamanı insanların köməyinə çatan xilasediciləri rəsm edir”. 

 

Əsər üzərində bir neçə gün işlədiyini deyən balaca rəssam sənət müəllimindən - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının rəsm müəllimi Nəsibə Əsgərovadanməsləhətlər aldığını xüsusi vurğulayır. Qeyd edir ki: “Bu əsərin belə gözəl alınmasında, ümumiyyətlə biz şagirdlərin hər bir uğurunda müəllimlərimizin rolu böyükdür”.

 

A2 formatında, ağ kağız üzərində quaş və akvarellə işlənən “Cəsur xilaskarlar”ın da, bütün sənət əsərləri kimi, öz taleyi var. Əsər artıq  müəllifinə mükafat da qazandırıb: 

 

“2024-cü ilin sonunda eşitdim ki, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə “Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilir. “Cəsur xilaskarlar”ı müsabiqəyə təqdim etdim. Əsərim müsabiqədə “Rəsm” nominasiyası üzrə 1-ci yerə və mükafata layiq görüldü. Qaliblərə, o cümlədən də mənə müxtəlif hədiyyələr verildi. Amma bir hədiyyə biz şagirdlər üçün çox əhəmiyyətli idi. Bu əşya bilgisayar idi. Onu da qeyd edim ki, mükafatlandırma mərasimində həm Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, həm də Gənclər və İdman naziri Fərid Qayıbov iştirak edirdi. Onlar uşaqları təbrik etdilər, ürək sözlərini dedilər. Mükafatlandırma mərasimi də yaddaşımda xüsusi  iz qoydu”.

 

Hazırda “Cəsur xilaskarlar” əsəri Fövqəladə Hallar Nazirliyinin muzeyində saxlanılır. Bu, balaca rəssam Minarə Abdullayeva ilə yanaşı, bizim də ürəyimizi dağa döndərir, qürurla doldurur.  Hələ şagird ikən öz yaradıcılıq enerjisi, zəngin təxəyyülü ilə diqqət çəkən Minarəyə yaratmaq eşqinin həmişəyaşarlığını arzulayıram. Və indidən onun daha bir rəsminin hekayəsini öyrənməkçün səbirsizlənirəm... 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.