“Şəxsiyyətlər unudulmur” – BAKININ 14 İL BAŞ MEMARI OLMUŞ ŞƏXS Featured

 Şərəf Cəlilli, “Ədəbiyyat və incəsənət” üçün

 

Noyabrın 13-də 1974-1988-ci illərdə Bakının baş memarı kimi onun mənəvi mənzərəsini yaradanların, inkişafına töhfələr verənlərin sırasında yer almış akademik Rasim Əliyevin xatırlanan günüdür.

 

Ruhunu, düyğusunu daşa, yaddaşa, kətana köçürmək, əbədiyyət dastanını tişənin və qələmin müqəddəsliyi ilə yazmaq hər bir qüdrətli şəxsiyyətə, sənətkara nəsib olmur. Mütəfəkkir alim, dünyaşöhrətli memar, əvəzsiz sənət inciləri yaradan akademik Rasim Əliyev tercümeyi- halı ilə tarix yaradan, qiymətli əsərləri ilə tarixlə müasirlik arasında körpüyə çevrilən ustad sənətkarlardan idi.

Adı ilə bağlı memarlıq məktəbibinin qurucusu və yaradıcısı olan akademik Rasim Həsən oğlu Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdu. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdi. Ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləmişdi. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdu.

Akademik Rasim Əliyev həyatını ölkənin quruculuq işlərinə sərf edərək şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına töhfələr vermişdi. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çoxsaylı layihələrin müəllifi olmuşdu. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən akademik Rasim Əliyev yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində mühüm nailiyyətlərə imza atmışdır. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, Bakının 8-ci, 9-cu mikrorayonlarının, Əhmədli qəsəbəsinin, Kiyev və Günəşli yaşayış massivlərinin və əsas parkların, xüsusən də şəhərə yaraşıq verən “Gənclər parkı”nın, Bakının və digər şəhərlərdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir.

Milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutan, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən “İçərişəhərin Regenerasiya Planı” məhz onun rəhbərliyi, müəllifliyi ilə hazırlanmışdır. Naxçıvanda Hüseyn Cavidin məqbərə kompleksinin layihə rəhbəri, baş memarı və rəssamı kimi möhtəşəm bir abidəyə imza atan akademik Rasim Həsən oğlu Əliyevin, Şəhidlərin məqbərə kompleksinin ərsəyə gəlməsində də məxsusi yeri və rolu vardır. Dünyaşöhrətli sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir və diqqəti cəlb edir. Akademik Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır. Onun şah əsəri isə Ulu öndər Heydər Əliyevin Şəhidlər Xiyabanındakı əzəmətli abidəsidir. Dünya memarlığının və heykəltəraşlıq sənəntinin əvəzsiz incilərindən olan bu abidə iki qüdrətli alimin: akademiklər Ömər Eldarovun və Rasim Əliyevin Ulu Öndərə sevgisinin, milli dövlətçilik tariximizə sonsuz məhəbbətinin nümunəsidir. Ölümü ilə ölümsüzlüyə qovuşan Ulu Öndəri hər gün ziyarətə gələn yüzlərlə insan, dövlət xadimləri memar Sinan, Əcəmi Naxçıvanlı, Kəmaləddin Behzad, Zivərbəy Əhmədbəyov, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tokay Məmmədov, Tahir Salahov kimi dahilərin sırasında yer alan hər iki qüdrətli sənətkarın simasında tərcümeyi – halı ilə tarix yaradan qüdrətli fırça və tişə ustalarının əzəmətini etirafda bulunur.

Akademik Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Akademik Rasim Əliyev adını Azərbaycanın elm tarixinə həkk etmiş, mütəfəkkir alim ucalığı ilə qiymətli əsərlər yaratmış, Azərbaycan Milli Elmlər Akademiyasının qurucularından biri, ölkəmizdə coğrafiya elminin inkişafına töhfələr vermiş böyük bir alimin, soyu, soykökü, şəcərə dəftəri ilə Ulu Öndər ucalığına, milli dövlətçilik tariximizə bağlı olan akademik Həsən Əliyevin ocağında dünyaya gəlmişdi. Genetik kodlarının diqtəsi, alim, müəllim, memar, şəxsiyyət ucalığı, ziyalı kübarlığı ilə mənsub olduğu nəslin qüdrətli nümayəndələrindən biri kimi, Azərbaycan kişisinə xas ömür sürmüşdü. Hər bir Azərbaycan insanı kimi düz 30 il Qərbi Azərbaycanın, Şərqi Zəngəzurun, Qarabağın, Şuşa qalasının nisgilini qəlbində daşımışdı. 2021- ci ilin payızında, noyabrın 13-də ömrünün 88-ci çağında dünyaya vida nəğməsi oxumuş, Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşmuşdur. Ömrü boyu sadəliyin əzəmətini yaşayan, xeyirxahlığı, yaxşılığı həyatının mənasına çevirən, bu il 90 illiyi qeyd olunan akademik Rasim Əliyev  dünyadan gözü, könlü tox, qəlbi hüzur içində getdi. Canından əziz bildiyi vətəni – Azərbaycanı Birliyin, Bütövlüyün rəmzi olan üç rəngli, hilallı, ulduzlu Bayrağı Şuşa qalasından asmışdı. İndi biz bir xalq, millət və dövlət olaraq üzü Qərbi Azərbaycana, İrəvan qalasının ətəyinə, Qərbi Zəngəzura, babalarının təməlini qoyduğu qədim yaşayış məskənlərimizdən biri Comərdli kəndinəyik! Bu intizar, umud dolu uğur yolunda akademik Rasim Həsən oğlu Əliyevin də ruhu bizə yar olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.