XTNS-dəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssamın sərgisi açılacaq

Noyabrın 14-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda MBA-MOSCOW bankının dəstəyi ilə “Cahid Camal: Azərbaycan mənim ruhumdur” adlı fərdi sərgi açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, professor Cahid Camal Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqının üzvü, Moskva Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Fondunun üzvüdür.

 

Cahid Camal 1928-ci ildə Qarabağda, Ağdam rayonunun Gülalı kəndində anadan olub, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirib. O, Bolşoy Teatrda rəssam kimi təcrübə keçib. Cahid Camal 1952-ci ildə Azərbaycan Opera və Balet Teatrı üçün Üzeyir Hacıbəylinin “Koroğlu” operasının dekorasiya eskizlərini yaradıb, XTNS-də “Azərbaycan SSR” pavilyonunun baş rəssamı, “Soyuzmultfilm”də animator və digər vəzifələrdə çalışıb. Ulan-Batorda Dövlət Pedaqoji İnstitutunun Qrafika kafedrasında məsləhətçi-müəllim işləyib.

 

Cahid Camalın əsərlərinə Dövlət Rus Muzeyində, Dövlət Şərq İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində, Ulan-Batordakı Tsedenbal Muzeyində, Kalmıkiya Milli Muzeyində, həmçinin Rusiyada və xaricdəki şəxsi kolleksiyalarda rast gəlmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.