Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
Öyrəşmək
Öyrəşmək hər-halda pisdir. Hər halda. İnsan öz sonunu gətirəcək olana öyrəşir və sonunun hazırlanışında ləvazimat kimi istifadə olunur.
Bağlılıq
İnsanın məhvini gətirən öyrəşmək və nəyəsə həddindən artıq bağlılıq duymasıdır. Ona görə də, öyrəşmədən öncə özünü hansı cəhənnəmə hazırlayacağına baxmalı, hazır olmalısan. İnsan oğlu öyrəşir.
Bədbəxlik və xoşbəxtlik
Bədbəxliklərə də, xoşbəxtliklərə də öyrəşir. Bilirsiniz, ikisi də onun məhvini gətirir. Çünki, bədbəxtliyə öyrəşsə, onu qəbul edir, içinə düşdüyü döngüdən çıxa bilmir və halqanın içində döngü vurub çıxmağa çalışdığını zənn etsə də, dönüb-dolaşıb eyni yerə gəlir. Xoşbəxtlik anlayışına öyrəşmək daha çətindir. Çünki, mənə görə xoşbəxtlik sadəcə bir an olur. Hə, bircə an, bir hiss gəlir və sən xoşbəxt olduğunu zənn edirsən. Daha sonra, gələn hissin arxasında duran hadisə gedir və hisslər çılpaq şəkildə ortada qalır və bununla da biz həmin xoşbəxt hisslərə sahiblənirik, lakin hər zaman gözümüz onun sahibini axtarır. Necə ki, sevgisini verdiyin insanı itirəndə ata-ananın getdikləri yerdə uşaqlarını unutması kimi. Bu halda unudulan uşaq sən olursan.
Bəzən isə, bilirsinizmi nə olur?
İki insan özünün izinə düşmür. Düşəndə də, həmin yolda tanımadığı biri ilə rastlaşır və hər ikisi gedəcəkləri yolu unudub eyni yol seçirlər. Rastlaşdıqları üçün, eyni yoldan gedəcəklərinə məcbur olurlar. Halbuki, həmin yolun sonu onları özləri ilə yox, tamam fərqli bir yerə aparıb çıxarır. Bu halda onlar özlərini unudurlar və bir-birlərini tanımaq yolunda getməyi qərar alırlar. Sonda da bilirsiniz nə olur? Heç dəyişməz! Həmin insanlar yorular və hərəsi bir tərəfdə oturar. Artıq nə özlərini tanıma, nə də qarşısındakını tanıma yolunu getməyə taqətləri qalmaz. Bu halda artıq qopa da bilməzlər. Axı onlar elə bilir ki, qarşılaşıblar deyə mütləq eyni yolu getməlidirlər? Halbuki həyat onlara salamdan, bəlkə də, bir baxışmadan ötəsini yazmamışdı. Onlar isə sonunda yazılan yerə çatmamış, ömürlərini səhv şəkildə xərcləyib, ikisi də bir-birini bədbəxt edər.
Ona görə də,
insan özünü tanıma yolunu tam bitirmədən, o yola kimləsə çıxmağa, yolları birləşdirməyə çalışmamalıdır.
Sən düşünürsən ki,
yolun başında qarşılaşdıq deyə, eyni yerə gedəcəyik? Xeyr. Hər dayanacaqda biri düşəcək və səfər sonu səninlə təyin olumam yerə gedən bir neçə, bəlkə də heç kim olmaycaq. Bu müddətdə, onlar yol yoldaşı olub səfər müddəti bir-birləri ilə yeməklərini paylaşa bilər.
Həyat səfəri
Lakin, həyat səfəri buna bənzəmir. Həyat səfərində hisslərini başqası ilə paylaşsan, o həmin hissləri götürüb səndən fərqli bir yoldan davam edəcək və nəticədə sənin hisslərin onda, onunkilər səndə qalacaq və bu hisslər bir-biri ilə heç vaxt qarşılaşmayacaq deyə bir-biri üçün darıxacaq..
Özünüzə çatmadan, başqasına yetməyə çalışmayın.
Sonda özünüzə gecikəcəksiniz, özünə.
Ruhlar arasındakı bağı qoparmaq, iynədən sapı kəsmək qədər asan deyil..
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)