Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan dünyaya gəldiyi ilk gündən etibarən bir təməlin üzərində formalaşmağa başlayır – bu təməl ailədir. Hər bir fərdin şəxsiyyətinin, duyğusal sabitliyinin və dünyaya baxışının kökü məhz burada atılır. Ailə, uşağın ilk güzgüsüdür. O bu güzgüdə özünü görür, dəyərini hiss edir və insan olmağı öyrənir.
Valideynlərin davranışı, sadəcə gündəlik qayğılardan ibarət deyil. Hər baxış, hər toxunuş, hər sükut uşağın iç dünyasında bir iz buraxır. Sevgi dolu, anlayışlı bir münasibət uşağın içində təhlükəsizlik və dəyər hissi yaradır. Bu hiss uşağın gələcək münasibətlərində, özünü ifadəsində və seçimlərində əsas rol oynayır.
Lakin hər uşaq bu sevgi və anlayışla böyümür. Tərk edilmişlik, laqeydlik, psixoloji və ya fiziki zorakılıq kimi faktorlar uşağın içində "Mən sevilməyə layiq deyiləm" düşüncəsini formalaşdıra bilər. Belə uşaqlar böyüyərkən özünü ifadə etməkdə çətinlik çəkə, sevgi münasibətlərindən qaça, ya da sevgi üçün həddindən artıq əyilə bilərlər. Onların davranışlarında qeyri-sabitlik, güvənsizlik və ya özünü sübut etmə ehtiyacı ön plana çıxar.
Bəzi valideynlər övladlarına sevgini yalnız uğur qarşılığında verir. “Dərslərini yaxşı oxusan, səni sevirik”, “Bizi utandırma, başqalarının uşağına bax” kimi mesajlar uşağın sevgini qazanmaq üçün mübarizə aparmalı olduğunu düşündürür. Halbuki sevgi bir mükafat deyil, varlıq haqqıdır. Uşaq sevginin şərtsiz olduğunu bildikcə, özünü olduğu kimi qəbul edər və həyatla daha sağlam bağlar qura bilər.
Ailə yalnız bioloji bağlardan ibarət deyil. O, duyğusal bağlar üzərində inşa olunmalıdır. Uşaqla ünsiyyət qurmaq, onu dinləmək, duyğularına dəyər vermək – bu davranışlar uşaq üçün “görünmək” deməkdir. Görünən uşaq dəyərli hiss edər, dəyərli hiss edən uşaq isə dünyaya açılar, paylaşar, sevər.
Düzgün ailə modeli nizam, sərhəd və azadlıq balansını qorumağı bacaran bir mühitdir. Valideyn nə çox sərt, nə də həddindən artıq azad buraxan olmalıdır. Uşağın ehtiyaclarını duymaq, amma onun yerinə qərar verməkdən çəkinmək, onu qorumaq, amma boğmamaq, müstəqil fərd olmasına imkan tanımaq əsasdır.
Bir ailənin içində qarşılıqlı hörmət, emosional sabitlik və sevgi varsa, orada böyüyən uşaq gələcəkdə sağlam münasibətlər qurmağa daha meylli olar. Belə insanlar daha çox empati qurur, güvənə bilir və özlərinə hörmət edirlər. Əksinə, zədələyici ailə mühiti uşağın gələcək həyatında özünə və başqalarına qarşı neqativ münasibətin toxumlarını səpir.
Unutmaq olmaz: valideynlik bir sənətdir. Və bu sənətin əsası sevgi, anlayış və fərdin sərhədlərinə hörmətdən ibarətdir. Özümüz valideyn olmasaq belə, gələcəyin cəmiyyətini formalaşdıracaq fərdlərlə davranışımızda bu həssaslığı qorumaq vacibdir. Çünki hər bir insanın içində uşaq var – sevilmək istəyən, dəyər görmək istəyən və sadəcə görünmək istəyən bir uşaq.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)