Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Zaman... nə səsi var, nə rəngi, nə də izi. Amma bir baxırsan, səssizcə həyatımızın içindən axıb gedib. Bir dəfə getdi, geri dönmədi. Sanki dəniz kənarında yazılmış bir ad — bir dalğa gəlir, silir, yox edir. Qalır içimizdəki “kaşki”lər, “əgər”lər və heç bitməyən gecə düşüncələri.
Bəzən elə olur ki, bir anın içində bir ömür gizlənir. Bir baxış, bir təbəssüm, bir vidalaşma... və ya bir daha gəlməyəcək bir fürsət. Bizi böyüdən də, dəyişdirən də məhz o ani zamanlardır. Və biz çox vaxt onu yaşadığımız anda deyil, itirdikdən sonra anlayırıq.
“Zaman elə bir müəllimdir ki, əvvəlcə imtahan keçirir, sonra dərsi izah edir.” – Vernon Law
Biz zamanla danışmırıq, amma o bizimlə danışır. Bəzən bir qırışda, bəzən susqun bir baxışda, bəzən də qapısını çalmadığımız bir yoldaşın yoxluğunda. İnsan dərk etdikcə anlayır ki, hər gün, hər saat bir hədiyyəymiş. Qutusu yoxdur, amma içində min hiss var: sevinc, kədər, peşmanlıq, ümid...
“İnsanlar pullarını necə xərclədiklərini bilir, amma zamanlarını necə itirdiklərini anlamırlar.” – Socrates
Zaman – şəfalı olduğu qədər, dağlayıcıdır da. Bəzən keçmişə qayıtmaq istərik, bir sözü demək, bir addımı atmamaq üçün. Amma zaman bizə sadəcə bir istiqamət verir: irəli. Bu səbəbdəndir ki, onu dəyərləndirmək – gələcəyə ən böyük hədiyyəmizdir.
“Əgər zaman bir göldürsə, hər insan onun sahilində oturub yalnız öz əksinə baxar.” – Khalil Gibran
İndi gözlərini yum və bir anlıq düşün: bu an sənin həyatının hansı hissəsidir? Başlanğıc? Yoxsa artıq ötüb-keçən bir səhifə? Hansı olursa-olsun, unutma – bu an bir daha gəlməyəcək. Elə bu səbəbdən onu sevmək, hiss eləmək, doya-doya yaşamaq bizim tək gerçək vəzifəmizdir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)