Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bütün ayrılıqların səsi olur, amma bu, sükutun içində çırpınan bir qopanlıq idi. O, “dağ adamı” idi – sakit, möhkəm, anlayışlı. Mən isə içimdəki fırtınaları sığdıra bilməyən biri.
İlk tanışlığımız qışın sərt günlərindən birində olmuşdu. Buz kimi hava vardı, amma o, sanki içində baharı gəzdirirdi. Sözlərində qışın soyuqluğu yox idi, baxışlarında çovğun yox idi. İstilik vardı. Təhlükəsiz hiss etdirirdi, sanki içimdəki bütün keçmişi donduran soyuqdan qoruyurdu məni. Amma bir problem vardı – mən onu sevə bilmirdim.
Sevməmək üçün bir səbəb axtardım, tapmadım. Çünki səhvi yox idi. Sən demə, bəzən səhvsiz olmaq da bir problemdir. Düzgün vaxtda, düzgün yerdə deyildi. Mən başqasının kölgəsində itmiş biri idim. O isə məni görən, məni anlayan, məni qorumaq istəyən biri.
Hər dəfə baxışlarım ona yox, uzaqlara, xatirələrə sürüklənəndə gözlərindəki o sükutu sezirdim. Bilməmiş kimi edirdi, amma hər şeyi anlayırdı. Çünki dağlar susar, amma hər şeyi hiss edər. Mən "bitdi" dedikcə, içimdə nəyinsə hələ də qırıntılarla yaşadığını bilirdi. O qırıntıları tamamlaya bilməzdi, çünki onları başqası sındırmışdı.
Səbr etdi, gözlədi, amma mənim yolum onsuz da daşlı idi. O yola heç kəsi salmaq istəmədim. Ona etdiyim ən böyük yaxşılıq ayrılmaq oldu. Əlim titrəyə-titrəyə mesajı yazdım. Düzgün, hörmətli, səmimi, amma onu məndən uzaqlaşdıracaq qədər aydın.
Cavabı qısa oldu. “Başa düşürəm.”
Təəccüblənmədim. Dağlar danışmaz, amma hər şeyi qəbul edər. O da etdi.
Günlər keçdi, heç birimiz bir-birimizə yazmadıq. Hərdən havanın buz kimi olduğu günlərdə içimdən bir səs deyirdi: “Bəlkə o, indi haradasa oturub səni xatırlayır?” Amma mən bunu bilmək istəmirdim.
Bir neçə ay sonra təsadüfən yolda gördüm onu. Daha xoşbəxt idi. Gözlərində o tanış sükut yox idi. Yanında biri vardı – gözlərində sevgi parlayan biri. O adamı sevən biri. O, artıq məni xatırladan soyuqluğun içində yox idi. Yaz gəlmişdi.
Gülümsədim. Bilirdim ki, bu gülüşdə bir az kədər, bir az rahatlıq vardı. O isə mənə baxıb başını yüngülcə tərpətdi.
Həmin gün anladım ki, doğrudan da dağ adamları bir gün çox gözəl sevilir. Mən isə hələ də keçmişimin kölgəsində, xatirələrin soyuqluğunda itmiş biri idim…
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)