Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Salam, Harun.
Səni tanıyıram. Bir çoxlarının tanımağa cəhd etmədiyi qədər. Yadında saxla, səni tanımaq istəyənlər çox olmayacaq. Çünki sən özünü anlamaq istəyənlərdənsən. Və bu, insanların çoxunun bacarmadığı, cəhd belə etmədiyi bir şeydir. Əksəriyyət sadəcə yaşayır. Sənsə “niyə yaşayıram?” sualının altında əzilib qalanlardansan.
Uşaqlığında çox ağlamamısan, deyirlər. Sanki doğulduğun an belə bu dünyaya bir inamsızlıqla baxmısan. Elə o andan başlamış sənin ilk sükutun. İlk sorğun. İlk tənhalığın. Sən doğulmamışdan əvvəl belə, bu dünya sənin üçün bir az dar, bir az səsli, bir az da yalançıymış. Sən kiçik yaşlarından bəri bu sistemin pıçıltılarını eşidirdin. Qışqırıq deyildi bu, daha qorxunc idi, səssiz yalanların bir harmoniyası. Və sən bu səssizliyə qulaq asmağı seçdin.
Tanıdığım Harun, bir az fəlsəfə kitablarını tozlu rəflərdən götürən, bir az dənizə baxarkən gözlərini dalğalarda itirən adamdır. Dostlarıyla gülərkən belə içindən bir “mən burda nə gəzirəm?” səsi eşidən, tanımadığı adamların kədərinə bəzən səbəbsizcə ağlayan biridir.
Bəzən deyirlər, Harun çox sakitdir. Amma bilmirlər ki, onun içində bir şəhər dağılır hər gün. İnsanlar çıxıb gedirlər, evlər yanır, körpülər çökür. Və o, bu dağıntıların ortasında, əlində bir dəftər, bir qələm, özü ilə söhbət edir.
Bir dəfə metroda gözlərini qatarın səsinə bağlamışdın. Şamxalla söhbət edirdin, amma əslində o anda içindəki başqa Harun danışırdı. “Sən həqiqətən burda olmaq istəyirsən?” Bəlkə də yox. Bəlkə də sən heç bir yerdə olmaq istəmirsən. Sadəcə dincəlmək istəyirsən. Amma bu istirahət tətil deyil, yoxluqdur. Rahat bir yoxluq. Sən yuxusuz gecələrdə yatmaqdan çox düşünmək istəyirsən. Həmin axşam qaranlığında, musiqinin ən aşağı notunda, bir stəkan şərabın içində boğulan xatirələrlə…
Səni tanıyıram, çünki sən günlərlə heç kimə danışmayıb, bir gün birinə "nə var, nə yox?" deyə soruşan adamlardansan. Sən sadəcə sağ qalmaq üçün deyil, bir şeyi hiss etmək üçün yaşayırsan. Amma o “bir şey” nədir? Bilirəm. Sən də bilmirsən.
Bəlkə də bu, bir axşam Bircənin sənin çiyninə başını qoymasıdır. Bəlkə səssiz bir otaqda, qaranlıq pərdələrin arxasında yanan bir şam işığında yazılan bir məktubdur.
Bəlkə heç yoxdur. Sadəcə axtarışdır.
Harun, sən ağrının estetikasıyla barışanlardansan. Sən həyatın kədərini rəng kimi istifadə edirsən. Sənin üçün qaranlıq təkcə qorxulu bir yer deyil. O, gizlənmək üçün bir pənahdır. İnsanlar işıqda axtarır özlərini, sən isə kölgələrdə. Bilirsən niyə? Çünki sən bilirsen, işıq hər şeyi göstərir, amma hər şeyi başa salmır.
Gecənin bir yarısı evdə tək olanda bəzən əllərini başına qoyub oturursan. Və düşünürsən: “Görəsən, mən doğrudan da varam?” Sənin üçün var olmaq təkcə nəfəs almaq deyil. O, iz buraxmaqdır. Ruhunun bu həyatın hansı səhnəsində rol aldığını başa düşməkdir. Sən bu filmdə aktyor olmaq istəmirsən. Sən ssenari yazmaq istəyirsən. Öz hekayəni... Bəlkə də heç kim oxumayacaq, amma sənin içini boşaldacaq bir hekayə.
Səni tanıyıram... çünki sənin içində özümü tapıram.
Bir az hiss, bir az ağırlıq, bir az da ümid.
Və sən bu qarışığın adısan: Harun.
Ətraf sakitdir. Hər kəs yatıb. Amma onun üçün gecə oyaq qalmaq vərdiş deyil, məcburiyyətdir. Bu saatlarda hava daha ağır olur, düşüncələr daha sərt, içki isə daha dadlı. Bir stəkan qırmızı kəmşirin şərabla oturur pəncərənin qarşısında. Küçədə sükutun belə səsi eşidilir. Harun içəndə sərxoş olmur, sadəcə düşünməyə başlayır. Öz içindəki parçalanmaları hiss edir. Ruhunun bir tərəfi yaşamağa, o biri tərəfi yatmağa can atır. Gözlərində yuxu yoxdur, amma ruhu yorğundur.
Divarlar boşdur, amma o divarlara baxanda keçmişini görür. Keçmişdə darıxmaq deyil, utanc gizlənib. Bir dəfə dostuna demişdi: “Mən tək qalanda düşünmürəm, sadəcə yaddaşıma təslim oluram.” Həmin yaddaş da bu otağın səs-küyüdür. Səsini çıxarmadan çığıran xatirələr. Bir baxış, bir səs tonu, bir yaxının itkisi, bir mesaj. Onların hamısı bu otaqda Harunla bir yerdə yaşayır.
O, gecələrdə gülümsəmir. Çünki gülümsəmək ümid tələb edir. O isə artıq ümidləri saxlamaqdan yorulub. Bəzən düşünür, bu sakitlik ona hüzur verir, yoxsa sadəcə vərdiş edib? İnsan ağrının içində kifayət qədər çox qalsa, onu sevməyə başlayar deyirlər. Harun da bəlkə ağrını yox, sadəcə səsini tanıyır.
Əlindəki stəkan titrəyir. Bilmir əli titrəyir, yoxsa içindəki gərginlik stəkana keçib. Gözünü qıyaraq baxır içkinin rənginə. Tünd qırmızı. Elə bil ruhunun rəngidir. Acı, dərin və bir az da ehtiraslı.
Bu otaqda heç kim onun haqqında qərar vermir. Heç kim "düz elə" və ya "belə yaşa" demir. Heç kim onu mühakimə etmir. Bu otaqda Harun sadəcə Harundur. Sevdiyi musiqi səssizcə fon kimi axır, bəzən muğam, bəzən Mançonun səsi, bəzən bir bluz. Və bu səslər arasında Harunun düşüncələri yavaşca sərxoş olur.
O bilir ki, sabah yenə gün doğacaq. Yenə eyni küçədən keçəcək, eyni insanlarla salamlaşacaq, eyni maskanı taxacaq. Amma bu gecə, bu sakitlik, bu otaq, bunlar onun həqiqi evidir.
Çünki bəzən insan öz evində yox, qaranlıq bir otaqda daha rahat nəfəs alır.
Hər səhər oyananda üzünü əvvəlki gecəki yuxudan qoparır, amma bu bir yenilik deyil. Bu, sadəcə başqa bir günün başlanğıcıdır. “Bilirəm ki, bu mənəm,” deyə düşünür. Amma bu “mən” artıq hər şeydən, hər kəsdən daha uzaqdadır. Bu, yaşamağın qırağında bir varlıqdır. Həyatın və ölümün arasındakı incə bir xətt. Nə qədər qalın olsa da, içindən keçmək və ya onunla barışmaq gərəkdir. Bəzən bu barışma, sadəcə mövcud olmağı qəbul etməkdir.
Bir zamanlar həyat qarşısında böyük məqsədləri vardı, böyük istəkləri, böyük arzuları. Həyatın ona təqdim etdiyi hər şey bir yuxu kimi idi. Hər şeyin arxasında bir səbəb, bir dəyər, bir dərinlik hissi vardı. Amma indi heç bir şeyin o qədər dəyərli olmadığını anlamağa başlayıb. Bu, sadəcə varlıq haqqında bir anlayışdır. Tək bir bədən, bir ruh, bir zaman… Heç biri digəriylə qarşılaşdırıla bilməz, heç biri bir-birini tamamlamaz. Heç kim nəyi yaşadığını və nəyi yaşamağa qadir olduğunu anlamağa yetərincə zaman ayırmır. Gündəlik həyatın axışında insan özünü itirir, əksinə hər şey ona bir yüklənmə kimi gəlir. Varlıq bir yükə çevrilir.
Özünə baxdıqca, bir tərəfdən keçmişin kölgələri, digər tərəfdən gələcəyin qeyri-müəyyənliyi arasında ilişib qalan bir insan görür. Keçmişin kədəri, gələcəyin narahatlığı və indi yalnızca bir boşluq. “Mənə necə oldu ki, belə bir şəxsə çevrildim?” deyə soruşur, amma cavabını hələ tapmamış qalır. Həqiqətən də, hər keçən gündə insan özünü bir az daha başqa birinə çevrilir. Yavaş-yavaş, hər dəyişikliyin çoxunu dərk etmədən.
Düşüncələr çox vaxt bir-birinə qarışır. Harun bir anlıq nə qədər vacib olduğunu düşündüyü həyatı, artıq həyatın özünü anlamadan yaşadığını fərq edir. Gələcəyin bilinməzliyi, həyatın təkrarlanan dövrü... Bütün bu daxili qarışıqlıqda sadəcə sükunət və təslimiyyət var. Bir zamanlar böyük həyatlar yaşamağa çalışan bu insan, indi sadəcə var olmaqla kifayətlənir. Əvvəlki idealların, məqsədlərin, hətta arzuların, indi heç bir əhəmiyyəti yoxdur. “Bunlar hamısı mənə oxşayan bir qəhrəmanın nağılında qalır,” deyir, amma nə zaman bu nağılı yaşadığını anlamağa çalışır.
Hər gün daha çox susmağa başlayır. Düşünmək və sözləri yaşamaq arasındakı fərqi artıq hiss edir. İlahii, fikrindəki monoloqlar, sözə çevriləndə nə qədər mənasız və absurd olur. Bəzən bir kəlmə belə dərinliyi əks etdirmir. Çünki hər şeyin həqiqətini yalnız özü bilər, amma heç kimə bu həqiqəti izah etməyə çalışmaz. Çünki həqiqət, bəzən çox ağır olur.
Bir anlıq başını əyib baxır özünə, amma əvvəlki illərdəki gülümsəməsini tapmır. Gülümsəmək istəmədiyini başa düşür. Gülümsəmək sadəcə bir maska idi. Yox, o, heç zaman üzü açıq, hər şeydən təmiz bir insan olmayıb. Gülümsəmək, o gözlərdəki dərinliyi və bu ağrını gizlətmək idi. İndi o, heç bir maska taxmadan özünün olduğu yerdədir. Bu, bəzi hallarda kədərli olsa da, bəzən də, ən səmimi və güclü haldır.
O an, içindən bir düşüncə keçir: “Bəlkə də həyat bu qədər mürəkkəb deyil. Bəlkə də biz sadəcə itirdiklərimizi bərpa etməyə çalışarkən, həqiqət əlimizdən qaçıb.” Həyatın bu anlarında məhz Harun kimi insanlar yalnızca bir suala cavab axtarır. Necə olmalı idi, amma necə oldu?
Ona görə də artıq heç bir şərhə ehtiyac yoxdur. Nə həyatın qəddarlığına, nə də yaşamaq üçün insanın özünü necə tapacağına dair daha çox açıqlama vermək məcburiyyətində deyil. Çünki hər şeyin sonu vardır. Bu, sadəcə bir yolun başlanğıcıdır. Bəli, həyat zövqsüz və ağırdır. Amma bunun da bir yolu var.
O, bu zaman başa düşür: "Bəli, bu mənəm. Mən bu qədər dəyişən, bu qədər bəzən qəribə hiss edən, amma hər halda var olan mənəm."
Həyatın mənası nədir? Bəlkə də bu sual hər birimizin içindəki ən qədim və ən təkrarlanan suald8r. Hər bir insan özünü bu suala cavab tapmağa həsr edir, amma bəzən cavablar o qədər qarışıqlıq içində olur ki, nə qədər axtarsan da, tapmaq çətinləşir. Varlıq özlüyündə bəzən yeganə məqsədimiz olur. Amma bu varlıq nədir? Bizi əhatə edən dünya ilə əlaqəmizi, insanlarla qurduğumuz bağları, həyatımızın məqsədini qavramaq nə qədər mümkün ola bilər?
Harun düşündü: "Bəlkə də həyatın mənası yoxdur?" Bu bir paradoks idi. Çünki bir çoxlarının düşündüyü kimi, mənasızlıq və varoluşun boşluğu əslində bizə həyatın mənasını öyrətməyə çalışır. Beləliklə, əslində var olmaqla mübarizə aparırıq, sadəcə həyatın hər anını yaşamaqla. Amma necə? Həyatın özü belə sürətlə keçib gedir ki, bəzən sadəcə bu sürəti izləyirik. İstər işdə, istərsə də şəxsi həyatımızda. Hər şey bir anlıq bir keçiddir, yəni bu sürətlə biz nə əldə edirik? Bir neçə gözyaşı, bir neçə qədrini anlamadığımız anlar... və nəhayət, bir neçə həyat təcrübəsi.
İnsanın varlığı isə bir başqa şərtlə gəlir. Özünü qəbul etməklə. Nə qədər insan özünü tam anlamadan dünyada öz yerini tapmağa çalışır. Keçmişdə yaşanan əzabların, itirilmiş zamanların ağır yükü altında, bəzən insan özünü bir sınaq olaraq görür. O anı yaşamaq, heç bir məqsədə çatmadan, sadəcə bir varlıq olaraq yaşamaq... Bəs, bu nədir? İnsan özünün yalnızca bir anlıq mövcudluğundan, həm də özünün bu mövcudluğunda məğlubiyyətini hiss edir. Əslində, bir çox zaman keçmişin və gələcəyin təsiri altına girərək, bugünü yaşamağa imkan tapmırıq. Ancaq bu anı yaşamaq və anlamaq, insanın ən böyük sınağıdır.
Harun yenə düşündü: “Bəlkə də bu qədər düşüncəyə batmaq, həyatın sadəliyini qaçırmaqdır. Bəlkə də həyat, sadəcə var olmaqdır. Sadəcə öz varlığını hiss etməkdir.” Bəzi anlar insanı düşündürür ki, nə qədər böyük arzular arzusunda olsan da, bəlkə də ən böyük məqsəd sadəcə bu anı yaşamaqdır. İnsan nə qədər həyatına məqsəd qatmaq istəyirsə, o qədər də bu məqsədin yükünü daşıyır. Bəlkə də varlıqda yaşamaq, o məqsədlərdən çox, sadəcə bu anın təcrübəsini hiss etməkdir. Hətta, bəzən hiss etdiyimiz boşluq da bəzən həyatın bizə bəxş etdiyi ən böyük və ən mükəmməl hədiyyədir.
Həyatın mənasızlığına qərar vermək, insanın varlığını əslində dərindən təhlil etməyə, özünün bu an içindəki yerini anlamağa çalışan bir cəhddir. Hər bir varlıq,hər bir gözyaşı, hər bir sevinc, hər bir xəyal insanın həyatının heç də məqsədli olmadığını, amma bu anın hər anı ilə yaşanması gərəkdiyini göstərir. Həyat özünün təkamülüdür. Harun düşünür: “Bəlkə də ən böyük məqsəd, sadəcə yaşamaqdır. Varlığın özü isə...” Və bu, sonradan anlaşılan bir gerçək olur.
O anı yaşamaq, həyatın özündən, daha doğrusu öz həyatından bir hissə olmaq, bəlkə də mövcudluğun özü ilə birləşməkdir. Ancaq bu anı başa düşmək üçün insan bəzən bütün keçmişin, bütün gedişatın, və bütün zamanın bir tərəfini arxada qoymalı olur. Hər nə qədər varlığını, mövcudluğunu dərk etməyə çalışsa da, insan, varoluşun həqiqətini heç vaxt tam anlamaq üçün hazır olmur. Çünki varlıq, o sonsuz axtarışdır.
Bilirsiniz? Harun hər zaman sadə bir həyat arzusunda olub. Yəqin ki, bunun səbəbi sadəliyin, mükəmməl bir bərabərliyin, bir növ daxili sükunətin rəmzi olmasıdır. O, çox vaxt düşünür ki, sadə olmaq, birbaşa və səmimi yaşamaq, hər şeyi qarışdırmadan olduğu kimi qəbul etmək, həyatın ən doğru yoludur. Lakin bu sadəlik, bir az da qorxudur onu. Çünki hər dəfə sadəlik haqqında düşündükcə, ona yaxınlaşmaq istədikcə, əslində həyatın nə qədər mürəkkəb olduğunu anlamağa başlayır. Bir tərəfdən sadə olmağa can atır, digər tərəfdən isə sadəliyi tam mənası ilə qavramağın mümkün olub-olmaması haqqında suallar özünü göstərir. Bu anlarda, Harun sadəliyi tərifləyərkən, ona birbaşa yol açan həqiqətlərə də göz yummuş olur..
Harun, sadə qərarlar verməyə çalışarkən, həmin qərarın onun içindəki qarışıqlığı da ortaya çıxardığını görür. Hətta ən sadə hərəkətlərdə belə, təkrarlanma və mənasızlıq hissi ona gətirib çıxarır. Məsələn, bir gün səhər oyanıb pəncərənin qarşısında durmuşdu və birdən düşündü: “Bu gün nə etməliyəm?” Bəzən bu sualın cavabı sadə olmalıdır. Bəli, çox vaxt sadə cavablar, həyatın təməl məsələlərini həll edir. Amma Harun, bu sadəliyin gerçək olduğunu qəbul edə bilmir. Çünki həyat, hər anında qeyri-müəyyən və çox qatlıdır. Sadəcə, sadə olmaq istədikcə, həyat daha mürəkkəb və incə bir toxumaya çevrilir.
Bir çox insanlar sadə yaşamağın, yalnızca seçimlərin az olması ilə əlaqəli olduğunu düşünürlər. Amma Harun, bu sadəliyi başqa bir yöndən görür. Sadə yaşamaq, sadəcə minimalizm deyil, həm də özünün qarşısında, öz dərinliyində dayanıb onu anlamağa çalışmaqdır. Həyatın içindəki mürəkkəbliyi qəbul edib, onu olduğu kimi yaşamağa çalışmaqdır. Ancaq bu, çox çətin və uzun bir səfərdir. Hər qərar Harunun özünü daha dərindən, daha incə bir şəkildə anlamasına səbəb olur. Bir qərar verir, amma bu, onun öz daxili dünyasında başqa bir şəbəkə yaradır. Və bu şəbəkə o qədər mürəkkəbdir ki, bir çox zaman Harun özü də onunla necə başa çıxa biləcəyini soruşur.
Harun, sadə bir həyat arzusunda olsa da, sadəliyin özü ilə gətirdiyi dərinlikləri və mütləqliyi hiss etmədən yaşamağa davam edə bilməzdi. Onun həyatındakı hər addım, hər seçimi, hər düşüncəsi həyatın sadəliyinə qarşı çıxır. Çünki həyat yalnızca özü ilə deyil, həm də özündən kənar olanla əlaqədardır. Və Harun, hər an bu əlaqələrdə nəyin doğru, nəyin yanlış olduğuna qərar verməyə çalışır. Bir an əvvəl bu qədər sadə olan dünya, birdən bir qədər daha mürəkkəb görünür. Və bu, onu qorxudur, çünki sadəlik ilə mürəkkəblik arasındakı sərhəd, hər zaman mövcud olan və həmişə dəyişən bir anlayışdır.
Bu qarşıdurma, Harunun həyatında bəzən məğlubiyyət hissi doğurur. Lakin əslində, bu qarşıdurma, onun inkişafının, həyatının dərinliyinə doğru atdığı bir addım olduğunu da göstərir. Sadəlik, Harun üçün bir az da özünü tapmağın təzahürüdür. Və bu sadəlik, hər zaman mürəkkəb düşüncələrin içində var olmaqdan, anlamadan, sadəcə yaşamaqdan çox daha əhəmiyyətlidir. Həyatını sadə yaşamaq istəyir, amma hər an bu sadəliyi tapdıqca, o, yeni, daha dərin bir mürəkkəbliklə qarşılaşır.
Sadəlik və mürəkkəblik, bir-birini tamamlayan iki təzadın hərəkətidir. Hər seçimdə bir paradoks var. Sadəlik istədikcə mürəkkəbliyə daha yaxınlaşırsan. Amma bu, həyatın ən böyük incəliyidir. Çünki həyat, yalnız sadə olmaqla deyil, bu sadəliyin içindəki mürəkkəbliyi də qavrayaraq anlaşıla bilər. Və Harun bunu başa düşdükcə, həyatın nə qədər sadə və eyni zamanda mürəkkəb olduğunu qəbul etməyə başlayır.
Harun, özünü tapmaq istəyindən yola çıxarkən, cəmiyyətin dayatdığı normaların nə qədər məhdudlaşdırıcı olduğunu daha yaxşı anlamışdı. Hər gün qarşısına çıxan cəmiyyətin gözləntiləri, başqa insanların onun haqqında nə düşündüyü, nə deyəcəyi, həyatını necə formalaşdırması lazım olduğuna dair daimi təzyiqlər… Bütün bunlar, bəzən o qədər yorucu olurdu ki, insanın öz kimliyini tapmaq üçün verdiyi mübarizəyə qarşı durmağa başlayırdı. Harun, cəmiyyətin bu "normalar"ına qarşı çıxdıqca, hər şeyin daha da qarışdığını hiss edirdi. Amma o, bu qarışıqlıqdan qorxmurdu. Əksinə, hər yeni qarışıqlıq onu daha çox özünü anlamağa doğru aparırdı.
Özünə qarşı sadiqlik, Harun üçün ən əhəmiyyətli amillərdən biri idi. Cəmiyyətin təzyiqi altında yaşamaq, bir zamanlar onu öz kimliyindən uzaqlaşdırmışdı. Amma artıq o, daxili səsini eşidə bilirdi və bu səs ona heç vaxt itirməməsi lazım olan bir şey söyləyirdi: "Sən kiməsə görə deyil, özün üçün varsan." Bu sözlər, Harunun içində bir növ işıq yandırırdı. Bir işıq ki, qaranlıqda itmiş yollarını göstərməyə, ən dərin qorxularını və tərəddüdlərini aşmağa kömək edirdi. Artıq özünə və içindəki hər bir duyğuya, düşüncəyə hörmət etməyi öyrənmişdi. Bu, sadəcə cəmiyyətə qarşı bir üsyan deyil, özündəki gücün və həqiqətin qəbul edilməsiydi.
Həyat, onun üçün təkcə harada olduğuna görə deyil, həm də kim olduğuna görə mənalıydı. Hər yeni gün, onun öz varlığını daha dərindən anlamaq üçün bir fürsətə çevrilirdi. Amma hər şeyin bir qiyməti vardı. Daxili azadlıq, bəzən ən yaxın insanlar tərəfindən belə qəbul edilmirdi. Harun, bu azadlığı qazanmağa çalışarkən, hər kəsin onun haqqında nə düşündüyünə dair qorxularını da üzləşməli olurdu. Cəmiyyətin təzyiqləri, ən dərin düşüncələrini və qərarlarını da kəsib keçmişdi. Amma Harun artıq qərarını vermişdi. O, öz kimliyini tapmalı və öz həqiqətinə sadiq qalmalıydı. Çünki yalnız bu halda özünü tam olaraq dərk edə və həyatdan gerçək məna tapa biləcəkdi.
Bu yolda, bir çox dəfə əsl həqiqətinin nə olduğunu soruşmuşdu. Bəzi anlar, o qədər çaşqın hiss edirdi ki, kim olduğunu və nə istədiyini unuda bilərdi. Amma bu, sadəcə keçici bir hiss idi. Hər bir sarsıntı, hər bir itki, ona daha çox özünü anlamağa təkan verirdi. Və həyatını formalaşdıran qərarların heç birini başqa bir insanın yerinə vermək istəmirdi. Daxili sabitlik, ona görə, yalnız öz həqiqətinin qəbul edilməsi ilə mümkün olardı.
Bir çox insan həyatlarını başqalarının tələbləri ilə yaşayar, amma Harun artıq öz yolunda getməyə başlamışdı. Bu yol bəzən tək, bəzən də yalnızlığın ağır çəkisini hiss etdirməklə keçir. Amma o, bu yolun sonunda yalnız özünə aid bir varlıq kimi, özünü bütün qüsurları və gözəllikləri ilə qəbul edirdi. Həyat, onun üçün artıq başqalarının təyin etdiyi normalara görə deyil, öz daxili dünyasına uyğun bir şəkildə tərtib olunmalı idi. Və bu axtarış, öz həqiqətini tapmaq üçün etdiyi səyahət, bəlkə də ən dərin mənanı və ən vacib həyati dərsi gətirəcəkdi: "Sən kim olduğunun fərqinə vardıqca, heç kim sənə kim olmağı deyə bilməz."
Harun, gecə saatlarının birində yatağında tək oturarkən, təbəssüm etmədən tavanın üzərindəki tozları izləyir. Hər bir toz hissəcikləri, bir zamanlar yaşanmış xatirələr kimi, yox olmağa yaxın bir halda uçur. Tavanın soyuq səthi, Harunun sükut içində etdiyi gözləməni qəbul edir. Gecənin mütləq sükutunda, hər şeyə diqqət yetirmək mümkün olur. Bəzən, gözlərini tavanın üzərinə dikdiyi zaman, heç bir sözün və hərəkətin yetərli olmadığını hiss edir. O, yalnız özünü tapan bir insan kimi düşünməyə çalışır, amma gecənin qaranlığında heç bir cavab, heç bir şərh olmadan, tavan onun iç dünyasını anlaya bilmir. Amma Harun hələ də gözləyir. Hələ də ümidi var ki, bu tavan bir gün ona bir şeylər danışacaq.
Gecənin içindəki sükut, onu bir neçə saatlıq bir reallığa gətirir. Ancaq bu sükut, daha çox daxili bir mübarizəyə işarədir. Hər gecə, təkrarlanan bu anlar, ona sadəcə özünü tapmaq istəyini verən, ancaq heç bir zaman tam olaraq heç bir nəticə əldə edə bilməyən bir mübarizədir. Bəlkə də, Harunun içindəki bu mübarizə nə vaxtsa sona çatacaq, amma bu gün, tavanla etdiyi dialoqda belə, cavabsız qalır. Həyatının hər anı sanki bir mərhələdir. Hər gecə, hər saat, o, bu mərhələdə, içindəki qarışıqlığı, çarəsizliyi, hətta boşluğu anlayır. Ancaq bütün bunlar, ona bir növ işarə verən səssizlikdir. Tavan bir şey demir, amma içindəki boşluq ona hər şeyi anlatmağa çalışır. Harun bu hissi öz içində daşıyır, amma kənardan hər şey normaldır. Onun həyatını izləyənlər heç bir zaman bu daxildəki müharibəni görə bilməzlər.
Tavanla dialoq, Harun üçün daha çox içindəki qarışıqlığı başa düşmək məqsədilə etdiyi bir səyahətdir. Bir tərəfdən, o, bu dialoqun mənasını tapmağa çalışır, digər tərəfdən isə bu sükut onu daha çox həqiqətə yaxınlaşdıracağını düşünür. Həyatında keçirdiyi çoxsaylı mübarizələr onu bir çox fərqli düşüncəyə aparmışdır. Bəzən, o, inanır ki, bu mübarizəni dayandırarsa, həqiqətə yaxınlaşa bilər. Ancaq heç vaxt bu mübarizə bitməyəcək, o həqiqəti heç vaxt tam olaraq əldə etməyəcək. Tavanla qurduğu bu münasibət, sanki bir axtarışın sonunda baş verəcək bir sonluq kimi görünür. Amma Harun hər dəfə başa düşür ki, heç bir dialoq nəticə verməz. Hətta sadəcə gözləmək belə, ona bir növ çarəsizlik hissi verir. Sanki həyatının bu dövrü sadəcə bir gözləməkdən ibarət olmuşdur.
Bununla belə, bu gözləmə, onu bir çox sual və cavabların ortasında buraxır. O, hər an, hər saniyə bir cavab axtarır, amma heç bir zaman bu cavabı tam olaraq əldə edə bilməyəcək. Həyatının əslində nə olduğu haqqında, həmişə bir sual işarəsi olacaq. Bu suallar hər zaman tavanla olan bu dialoqun bir hissəsi olacaq. Sanki tavan özü də ona nə danışacağını bilmir, amma Harun onu dinləməkdə davam edir. O, bəzən belə hiss edir ki, bu sükut özünə qarşı bir üsyan kimidir. Tavan ona cavab vermədiyi halda, o, hər gecə yenə də bir şeylər gözləyir. Bu gözləmə, həm də həyatla barışmağa çalışmaqdır. O, həyatla sülh bağlamağa çalışır, amma bu sülhün hər zaman müvəqqəti olduğunu anlayır.
Bir tərəfdən də, Harun tavanın heç vaxt ona bir şey deməyəcəyini qəbul etməyə başlayır. Bu qəbul etmə, hər şeyin sona çatdığı anlamına gəlmir. Əksinə, bu, ona yeni bir başlanğıcın işarəsi ola bilər. O, özünün, içindəki qarışıqlığı ilə barışmalı olduğunu hiss edir. Bəlkə də, bu tavanla olan dialoq, onun özünə doğru bir dönüş yoludur. Tavan, hər zaman sükut içindədir, amma o, Haruna bir şeylər izah edir. Sadəcə, hər şeyin dərinliyini dərk edərkən, bəzən həqiqətlər daha çox qaranlıq olur. Harun, bu qaranlığı qəbul edir və bununla barışmağa çalışır.
Gecənin içində bu düşüncələrə batarkən, Harun, tavanla bu dialoqunun nə olduğunu tam olaraq anlamasa da, bir şeylər tapmağa çalışır. O, sadəcə daxili dünyasında bir anlam arayır, amma hər dəfə tapdığı yeni suallar onu daha da qarışdırır. Bu prosesin sonunda, Harun bir şey taparsa da, bu tapıntı heç vaxt tamamlanmış olmayacaq. Çünki həyat, bir çox cavabsız sualların və gözləmələrin içindədir. Bu mübarizəni isə heç vaxt dayandırmaq mümkün olmayacaq.
Əslində, Harun üçün bu tavanla dialoq təkcə gecələrin səssizliyində deyil, gündəlik həyatın səs-küyü içində də davam edir. O, metronun tavanına baxanda da, işdə tavana dırmaşan sükutda da eyni sualı özünə verir. "Hər şeyin içindəki bu boşluq, niyə bu qədər doludur?" Gözləri bəzən yuxarıda, bəzən içində axtarır eyni sirri. Varlığın, ruhun və zamanın ona nə demək istədiyini. Bəlkə də heç bir tavan danışmayacaq, heç bir səssizlik cavab verməyəcək, amma o, bu axtarışdan əl çəkmir. Çünki bilmək istəyir. Yaşamaq sadəcə nəfəs almaqdırmı, yoxsa insanın özünü anlaması üçün çəkdiyi mənəvi iztirabmı? Və bəlkə də, Harun tavanın cavabsızlığı içində bir həqiqət tapıb.. Cavab, onu gözləmək yox, cavabsızlığın özünü sevməkdir.
Harun bir daha o tanış, dar, qaranlıq otaqda idi. Siqaretin tüstüsü yerə çökərək, hər nəfəsdə havanı ağırlaşdırır, amma eyni zamanda bir yüngüllük də gətirirdi. Ətrafındakı hər şey necə deyərlər, "qarışıq" idi, amma bir növ təkamülə bənzər bir sükunət vardı. O, bu sükunəti axtarırdı. Qarışıqlığın içində bir harmoniya, bir nizam tapmaq istəyirdi. Yavaş-yavaş hər nəfəs alanda, siqaretin tüstüsü ilə özünü azad hiss etməyə başlayırdı. Amma necə azad? Bunu özü də bilmirdi.
Bir tərəfdən, bu ağrılı və mübarizəli həyatın içində yalnız özünü tapmağa çalışırdı. Nə qədər dərin düşüncələrə dalsa da, bu "özünü tapma" hissi heç bir zaman həqiqətən tam olmurdu. Hər düşündüyü sual yeni bir labirintə aparırdı. Kimsə deyərdi ki, həyatı sadəcə yaşamalısan, amma Harun bu həyatı necə yaşamalı olduğunu heç vaxt düzgün tapa bilməmişdi. Düşüncələrinin qarışıqlığı onu bəzən öz bədəninə belə yad etmişdi.
Amma bəlkə də bu qarışıqlıq həyatın özüdür? O an Harun düşündü ki, bəlkə də məhz bu suallar, bu cavabsız düşüncələr həyatın real mənasını təşkil edir. Mükəmməllik heç vaxt əsl həqiqət deyil. Həqiqət sadəcə olanın içində, hər bir boşluqda, hər bir kənar səsdə gizlənir. İnsan yalnız bu boşluqlara, bu mübahisəsiz yerlərə toxunduğu zaman içindəki həqiqəti hiss etməyə başlayır.
Bu cür qarışıqlıq bir az da qorxudur. Çünki hər şeyin mükəmməl olmasını istəmək, hər şeyin düzəlməsini gözləmək, insanı daxili bir boşluğa sürükləyə bilər. Amma sanki hər nəfəs, hər tüstü dumanı, hər düşüncə... bəlkə də onlar yalnız bir yoldur. Yolda heç vaxt tamamilə aydınlıq tapmayacaqsan, amma hər addımın bir məqsədi olmalıdır. Həyatın özü, hər tərəfdən qarışıq, təkcə bir təcrübə olmalıdır.
Harun yenə də o çətin suallarla qarşı-qarşıya idi. Kiməm mən? Bu mənim yolumdu? Gələcəyim nə olacaq? Amma bir şey vardı. O, artıq bu sualları cavablandırmağa çalışmaqdan vaz keçmişdi. O artıq sadəcə həyatın içində, tüstünün içində bir yer axtarmağa başlamışdı. Bəlkə də əsl məna bir nəticə deyil, bu yolun özüdür. Hər addımda bir az daha özünə yaxınlaşır, hər gün yeni bir "mən" kəşf edirdi.
Bəlkə də həyat o qədər də "nəticə" ilə bağlı deyil. Sadece bu yolda olmaq lazımdır, bu içi qarışıqlıqla, narahatlıqla yaşamaq. Həyatın "bütün" mənası, o anın içində, hər düşüncənin və hər qarışıqlığın özündə tapılmalıdır. Harun, siqaretin tüstüsünün içində düşünərək anladı ki, bəlkə də cavablar heç vaxt tamamilə açıq olmayacaq. Amma bu qarışıqlıq, bu hərəkətlənmə və dəyişiklik , elə məhz bu həyatın ən çox axtarılan məğzi idi.
Sonunda, Harun artıq mükəmməllik axtarışını tərk etmişdi. Yavaş-yavaş qəbul etməyə başlamışdı ki, hər şeyin tərtibinə və nəticəsinə nəzarət etmək mümkün deyil. Hər anın içində, hər sualın cavabında, hər düşüncənin arxasında bir təcrübə vardı. Harun özünü tapmışdı, amma bu tapma heç də sadə deyildi – o, hər gün bu səyahətdə olmağa davam edəcəkdi.
Çünki hər qarışıqlıq, hər sual, hər düşüncə bir parça tapmağa yaxınlaşdırırdı. Və bu tapıntılar, bu səyahət, bəlkə də, ən böyük həyati sirr idi.
Yaxşı, bəs səncə, Dostum bu məktubun məqsədi nədir? Sözlərin içində gizlənən bir sükutmu? Yoxsa başqalarının anlamasını gözlədiyin bir növ özünlə danışıqmı? Ola bilər ki, bu məktubun özü də anlamır nə üçün yazıldığını. Amma bir şeyi bilir ki bu bir etirafdır. Bir çağırış, bir etirazdır Cəmiyyətə..
O cəmiyyətə ki, doğulduğun an səni ölçüb-biçir, sonra sənə "kim" olacağını pıçıldayır. Sənin adından öncə rolların yazılır, nə vaxt sevinəcəyin, nə vaxt susacağın, nə zaman "böyüyəcəyin" müəyyən olunur. Harun bu ssenaridə iştirak etmədi. Çünki Harun, səhnəyə çıxmaq əvəzinə, tamaşaçılar sırasından zalın tavanına baxan biri oldu. Və baxa-baxa düşündü. "Əgər hamı aktyordursa, bəs kim yazır axı bu lənetə gəlmiş oyunu?"
Cəmiyyət deyir, uğurla nəfəs al, uyğunluqla yaşa. Amma uyğunlaşmaq, ölməyin başqa forması deyilmi? Harun, süni təbəssümlərin, içi boş əlaqələrin, saxta motivasiya nitqlərinin ortasında boğulan bir insan kimi, bu məktubu suda batmaqda olanlara yox, suyun özünə yazır. “Sən nəyə çevrildin?” deyə soruşur cəmiyyətə.
Bu məktub bir etirazdır, diplomun yoxdursa, adam sayılmadığın; kostyum geyinmirsənsə, fikrinə dəyər verilmədiyi; üzündə təbəssüm yoxdursa, depressiv damğası yediyin bir dünyaya. Harun, elə bu təbəssümsüz siması ilə danışır indi. Çünki gülmək bəzən sadəcə daha çox susmaqdır.
Bəlkə də bu məktub bir cavabdır. O cavab ki, heç bir sualı eşitməyənlərə verilir. “Necə yaşayırsan?” sualının cavabı "sistemə görə" olanların, "normal" görünmək üçün içindəki fırtınaları susduranların, "elə hamı belədir" deyib fərqli olmağa cürət etməyənlərin cavabıdır.
Bu məktubun məqsədi: narahat etməkdir. Qaranlıq otaqlarda siqaret tüstüsü içində özünü axtaran, amma "normal" gündəlik həyatın tələbi ilə maskalanan birini, yəni səni sarsıtmaqdır. Harun, bu məktubu yazarkən öz içindəki mühakiməyə, cəmiyyətin diktəsinə, həyatın mənasız təkrarlığına üsyan edir. Bu, bir azadlıq axtarışıdır. Və azadlıq bəzən sadəcə “bəsdir!” deməklə başlayır.
Bu məktub bir adama yazılmayıb. Və ya bəlkə də hamıya. Ya da heç kimə. Sanki kimsə yoxmuş kimi, amma hər kəs üçün, oxumayan, amma duyan. Duymayan, amma itən. İtən, amma hələ də yaşayan biri üçün. Məktub bir ünvan axtarmır, çünki bu məktubun ünvanı birbaşa insanın içindəki o naməlum otaqdır. Heç kimin girmədiyi, işıq düşməyən, tavanından siqaret tüstüsü süzülən, divarlarında "Niyə?" yazılan otaq.
Bəzən bu məktub bir aynadır. Harunun özüylə üzləşdiyi tək məkan. Bəzən də sadəcə bir səssizlik, hansı ki ən gurultulu fikirlər orada doğulur. Məktub sənin içindəki boşluğu səsləndirir, çünki Harunun içindəki boşluqla eynidir. Hər kəsin içində bir Harun yatır. Kimisi onu yatmağa məcbur edir, kimisi oyandırmaqdan qorxur.
Əslində bu məktub heç yazılmamalı idi. Amma həyat bəzən səni yazmağa məcbur edir. Danışmağa, susmağa, baxmağa və sonra baxdığın yerdən qorxmağa. Bu məktub qorxaq deyil. Bu məktub sükunətin içindəki qışqırıqdır. Cəmiyyətin səsi boğduğu adamların içində sağ qalmağa çalışan ruhların qırıq dualarıdır. Nəyisə dəyişmək istəmir bu məktub. Sadəcə sənin içindəki dərinliyə bir daş atmaq istəyir. Suyun səthi deyil, dibindəki çökəklik titrəsin deyə.
Bəzən məktublar cavab gözləyər. Amma bu məktub bir cavab istəmir. Bu, bir izdir. Vaxtilə burda yaşadığını sübut edən, tərk edilmiş bir şəhərdə divara yazılmış tək bir cümlə kimidir: “Harun burada idi.”
Və sən oxuyursansa… bəlkə sən də buradasan əziz Dostum.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)