Gizli yara və görünən gülüş - ESSE Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan ruhu qədim xalçalar kimidir—hər ilməsində bir həyat hekayəsi, hər naxışında bir sirr gizlənir. Üzdə parlaq rənglər, incə naxışlar görünə bilər, lakin onların altında keçmişin ağrıları, ayaq izləri və zamanın qopardığı saplar var.

 

 “Yüz yerdə yüz yaram var. El sanır ki, sağ gəzirəm…”—bu sözlər insan həyatının ironik reallığını əks etdirir. Hamımız bir şəkildə yaralanmışıq, amma cəmiyyət qarşısında sağlam görünmək məcburiyyətindəyik. Çünki dünya ağrını açıq yaşamağa icazə vermir; o, bizdən daim güclü, daim “sağ” olmağımızı gözləyir.

Amma bu həqiqətən sağlamlıqdırmı? İnsan ürəyi parça-parça olduqda, ruhu qırıldıqda, yalnız özünü güclü göstərməklə sağ qala bilərmi? Yoxsa bu, sadəcə bir maskadır, sosial bir oyundur?

Yunus Əmrə deyirdi: “Bir ben var, benden içre.” İnsan, yalnız görünəndən ibarət deyil. Onun daxilində gizli bir mən daha var—dərd çəkən, düşünən, sorğulayan, bəzən üsyan edən, bəzən susan. Bizim əsl varlığımız, cəmiyyətin gördüyü “sağ gəzən” bədəndən deyil, içimizdəki o görünməz məndən ibarətdir. O “mən” yaralıdır, bəlkə də heç vaxt sağalmayacaq, amma biz onu gizlədərək dünyaya başqa bir sima təqdim edirik.

Mevlana isə belə deyirdi: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.” Lakin dünya bizə nəinki bu seçim haqqını verir, hətta bizi özümüzü unutmağa məcbur edir. Yaralı olduğumuzu qəbul etmək zəiflik sayılır, dərdimizi açıq söyləmək “şikayət” adlanır, həqiqi hisslərimizi paylaşmaqsa risk kimi görünür.

Bəlkə də həqiqi sağlamlıq, yaraları gizlətməkdə deyil, onlarla barışmaqda və başqalarının yaralarına da eyni anlayışla yanaşmaqda gizlidir. Çünki hər kəsin içində bir savaş var və hər kəsin qəlbi susqun bir fəryadla doludur.

Dədə Qorqud deyirdi: “Dost başa baxar, düşmən ayağa.” Biz isə çox zaman dostlarımızın da, düşmənlərimizin də bizə baxarkən əsl dərdimizi görmədiyini anlayırıq. Çünki cəmiyyət gözlərini bizim üzü gülən, güclü dayanan tərəfimizə dikib, içimizdə qopan tufanları isə bizdən başqa heç kim hiss etmir.

Bəs sən, həqiqətən sağlam gəzirsən, yoxsa yalnız elə görünürsən?

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.