Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Son zamanlar bir çox insanın sosial şəbəkələrdə məşhur "Bu gün uşaqlığımla görüşdüm" başlıqlı video paylaşımları diqqətimi çəkir və məni düşündürürdü. Görəsən, mən uşaqlığımla necə görüşərdim?
Son zamanlar yaşadıqlarım və qəlbimin təkrar qırılması mənə ən çox özüm üçün darıxdığımı hiss etdirirdi. Düzü, qəlbim qırıldıqda və ya canım yandıqda ya sətirlərə üz tuturam, ya da uzun-uzun özümlə söhbət etmək üçün hər kəsdən, hər şeydən uzaqlaşıb öz köşəmə çəkilirəm.
Yenə özümlə baş-başa qalmaq üçün dəniz sahilində bir qayanın kənarında, qulaqcıqlarımdan axıb gedən mahnıların, isti çay termosumun və not dəftərimin müşayiəti ilə mavilərin sonsuzluğuna dalmışdım. Birdən yanıma 8 yaşında, göy cins kostyumda, saçları hörüklü, ağ, yumrusifət, iri gözlü bir qız uşağı yaxınlaşdı. — Salam, xala. Otura bilərəm?
— Xala deyiləm, mənim 22 yaşım var. Daşın üstündə oturma, soyuq olar.
— Bəs sənə soyuq deyil?
— Yox.
— Adın nədir?
— Kübra. —
Uraa! Mənim də adım Kübradır. Bu adı mənə atam qoyub. Bilirsən, o məni çox sevir. Deyir ki, mən onun bu həyatda tək arzusuyam.
— Hə, balaca, bilirəm. Mən səni lap yaxşı tanıyıram.
— Doğrudan? Amma mən səni tanımıram axı! Sənə sual versəm, əsəbləşməzsən? — Olmaz desəm, susacaqsan?
Balaca əlləri ilə yanaqlarıma toxunub iri gözləri ilə sakitcə "yox" dedi. O an fərqinə vardım ki, mən sən demə, ən çox içimdəki körpəni incidirmişəm. Bir az özümü toparlayıb, dərindən nəfəs aldım. Yorğun gözlərimlə bu balaca şıltaqdan qaça bilməyəcəyimi anlayıb sual yağışına özümü hazırlamışdım ki, ilk sual gəldi: — Biz doğrudan böyüdük?
— Hə, doğrudan da böyüdük.
— Vauu, bu çox həyəcanlıdır! Məktəbi bitirib nə etdik? Qurduğumuz xəyallar gerçəkləşirmi?
— Məktəbi bitirdik, universitetə qəbul olduq.
— Aaaa, bəs istədiyimiz yerdəyik?
— Düzünü desəm, hər şey xəyalımızdakı kimi olmadı. Amma Allah bizə gözəlliklərlə dolu bir təhsil nəsib etdi. Çox şükür.
— Bəs indi sən işləyirsən? Xəyalındakı kimidir hər şey?
— Hə, indi mən işləyirəm. Çoxlu yoldaşlarım var, əyləncəli vaxt keçirə biləcəyim bir iş mühitim var. Üstəlik, ikinci ali təhsilimi də alıram.
— Vau! Demək, vəkil ola bilmisən?!
— Yox, əzizim, vəkil ola bilmədim. Sənə verdiyim sözü tuta bilməsəm də, bu gün sənin mənimlə qürur duyacağın biri olmaq üçün çalışıram.
— Mən səninlə hər zaman qürur duyuram, çünki sən məni həmişə xoşbəxt edirsən. İndi de görüm, sən xoşbəxtsənmi? O xəyal elədiyin, sonsuz sayda kitablarla dolu otağın varmı? Öz pulunla babanın aldığı sovurma konfetlərdən ala bilirsən?
— İndi mən böyümüşəm, çoxlu kitablarım var, hətta özüm də yazıçılıq edirəm və istədiyim qədər sovurma konfet ala bilirəm.
— Vauu! Demək, sən də o kitabların qəhrəmanlarını yaradanlardan olmusan. Bəs yaxşı, Nərgiz hələ də dostumuzdur?
— Hə, Nərgiz hələ də tək dostumuz, ən doğmamızdır.
— Bəs sən xoşbəxtsən?
— Mən böyümüşəm və artıq gizlənqaç oynamaqdan vaz keçib xoşbəxtliyin özünün məni tapmasını gözləyirəm. Balacalıqda heç vaxt cığallıq etməsəm də, indi cığallıq edib yalandan gözümü yumuram və 10-a qədər saymıram ki, o özü ortaya çıxsın. Bəzən mən onu gizləndiyi yerdən tapa bilirəm, bəzən isə uzun-uzun axtarmalı oluram, balaca...
— Bəs yaxşı, hələ də məni sevirsənmi?
— Mən səni hər zaman sevmişəm və hər zaman sevəcəyəm. Səni əsla sevgisiz buraxmayacağam, əsla solmağa icazə verməyəcəyəm. Qəlbinin qırılmasına, ümidlərinin solmasına və xəyallarının tükənməsinə qoymayacağam. Sən mənim bu həyata tutunma səbəbimsən, gözəl gözlü körpə.
Bəzən çayın, mahnının və vərəqin sonunu eyni anda gətirmək insanı dərinlərə aparır və o dərinlikdə üzləşməkdən qaça bilməyəcəyin bir körpə olur.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)