Özümə qonaq - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün mənim üçün əziz olan bir qonağım var. Bu süfrəni onun üçün hazırlayıram.

Ən gözəl qablarımı, ən parlaq çəngəl-bıçaqları, ən zərif qədəhləri, dəbdəbəli

şamdanları, ən sevdiyim çiçəkləri ona həsr edirəm ki, özünü dəyərli, xoşbəxt hiss

etsin. Çünki bu dünyada xoşbəxt olmağa layiq olanların içində ön sıralarda durur.

 

O xoşbəxt olanda ətrafına da xoşbəxtlik tozunu səpir. Hərçənd qəlbi qırılanda nə

xoşbəxt ola, nə də xoşbəxt edə bilər.

Həzin musiqi sədaları altında onu gözləməyə başladım. Hər şey onun zövqünü

oxşayacaq şəkildə hazırlanmışdı. Nə bir şey əskik, nə də artıq idi. O sadəliyi sevərdi,minimalist biri idi. Hər zaman deyərdi:

“Bura biz qonaq gəlmişik. Gərək ki, qonaq qismətindən artıq yeməsin, gələcək

olanlara da bir pay saxlasın. Həyat ən səxavətli ev sahibidir. Onun qəlbi genişdir, hər kəsə yetəcək qədər yeri və süfrəsi var. Mən də bu süfrədən ehtiyacım olan qədəri ilə kifayətlənmək istərəm.”

Bu gün də hər şey qədərindədir – nə az, nə çox...

Budur, o gəldi. Masanın bir başında o, digər başında isə mən əyləşdim. Çoxdandır

onu görə bilmirdim. Biz səssizcə dayanıb bir-birimizə baxırdıq. Necə də dəyişmişdi!

Sanki biz illərdir görüşməmiş, yaşlanmışdıq. Baxışlarındakı dərinlik həyatın

keşməkeşli yollarında bizi fərqli insanlara çevirdiyini göstərirdi. Aynada öz əksinə

baxarkən tanımadığı birini görmək kimi...

Bu gün unudulmuş özümü qonaq çağırmışam. Özüm özümə qonaq gəlmişəm.

Çoxdandır unutduğum məni bu gün görmək, dərdləşmək üçün dəvət etmişəm.

Görünür, özümü çox gec xatırlamışam. Özümə baxıram – Görəsən, doğrudan da

Dəyişmişəm, yoxsa hisslərim yorulub? Bir az yadam, unutduğum mənə qarşı. O, mənə baxıb gülümsəyir, mən də uzun zamandan sonra özümə gülümsəyirəm.

Bu gülüş illərdir ki, dodaqlarımda bir xatirə kimi donub qalmışdı. İndi isə yenidən

canlanır. Mən illərin məndən aldığı o xoşbəxt gülüşün sevincini necə də içdən hiss

edirəm. Hər anın dəyərini indi daha yaxşı anlayıram. Həyatın gətirdiyi yorğunluqlara baxmayaraq, indi özümü təkrar sevə biləcəyimi hiss edirəm. Axı mən özümü sevərkən və sevdirərkən çox xoşbəxt idim.

Yetərincə sevgi və dəyər almadığım gündən özümü unutmuşdum. Həyat

gözləmədiyim çətinliklərlə məni sınağa çəkdi. Mən mübarizə aparan cəsarətli, güclü bir qadına çevrildim. Ancaq xoşbəxt qadın ola bilmədim. Çünki xoşbəxtlik mənim üçün başqa bir dünya idi. Mən ona çatmağa çalışarkən o, hər gün məndən bir az daha uzaqlaşırdı. Və mən də özümdən qaçmağa məcbur oldum.

Onu əvəz edəcək başqa bir yol tapmaq istədim. Lakin nə qədər çalışsam da, bacara

bilmədim. Mənə görə xoşbəxtlik təkbaşına qazanılan və ya əldə edilən bir şey deyildi.

Xoşbəxtlik – xoşbəxt olduğun yerdə və xoşbəxtlik verən, dəyərli hiss etdirən

insanların əhatəsində yaranır. Mən bu hissləri uzun zamandır ki, itirmişdim. İndi... İndi isə onun gəlişi ilə uzun zamandan sonra xoşbəxt insanlar kimi gülümsədim.

Çünki mən bu gün xoşbəxt idim. Xoşbəxt gülüşlər heç bir səbəb istəməz, sadəcə

ruhun azad olması ilə ortaya çıxır. Mən azadlığıma qovuşmuşdum. Bu günə

qovuşmaq üçün çox şey yaşadım. Amma hər çətinlik məni bu anı yaşamağa daha da yaxınlaşdırmışdı. İndi mən qarşımda oturan məni olduğum kimi görürəm – nə bir az əskik, nə də bir az artıq...

 

Biz birlikdə çox şey danışdıq, çox dərdləşdik – saatın neçə olduğunu bilmədən. Dəmli çaydan içib, sevdiyimiz yeməklərdən dadaraq gecənin sonsuzluğunda itdik. Ancaq indi bunun heç bir önəmi yox idi, çünki sadəcə biz var idik.

Və bu sonsuzluğun içində, sonsuzadək xoşbəxt olmaq, bir-birimizə daha çox qonaq

olmaq, həyatın ən gözəl anlarını bir süfrə başında paylaşmaq... itirdiklərimizi bizə

qaytaran günlərin heç zaman bitməyəcəyini hiss edərək əbədi yuxuya dalmaq – sanki bu səfər heç vaxt bitməyəcəkmiş kimi...

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.