TƏLƏBƏ YARADICILIĞI – “Dəyişən zamandır, yoxsa insanlar?” Featured

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Sosial-iqtisadi Kolleci, Məktəbəqədər təhsil fakültəsinin 2-ci kurs tələbəsi Ayşən Cəfərlinin yaradıcılıq nümunəsi təqdim edilir.

 

Dəyərli məktub. Dostum, necəsən?

Son məktubun əlimə daha yeni çatdı və mən bütün bu işlərimin arasında, indi vaxt tapa bilmişəm və sənə cavab yazıram. Bilirsən, sənin üçün həddindən artıq darıxıram. Səninçün və onlarüçün.

Bilirsən, sən gedəni burada hər şey çox dəyişib. Amma hər şeyin dəyişdiyi bir dövrdə, mənim sənə olan sevgim dəyişməz qalıb. Son zamanlarda ən çox düşündüyüm şey keçmişdi.

Əvvəllər qoca nənə və babalar hey deyinirdilər;

- Kaş o vaxtlar olaydı.

Əvvəllər sözün düzü onları başa düşməzdim. Çünki, o zamanlar mənə dünyanın ən gözəl günləri kimi gələrdi. Onlarla birlikdəydik və ən əsası sən yanımdaydın. Səninlə danışmaq isdədiyimdə, sözlərimi bir kağız parçasına yazmır, o mavi gözlərinin içinə baxar, elə danışardım. Sən bilməzdin, amma mən o gözlərin içində itər, o mavilikdə boğulardım.

İndi yəqin deyirsən ki, görüntülü danışırıq. Amma inan mənə, o danışıqlar mənə bəs etmir. Bir ekranın içindən səni görmək yox, yanımda, yaxınında olmanı daha çox istərdim.

Keçən gün Gültacı gördüm. Saçlarını kəstirmişdi. Tanımadım desəm yalan olmaz. Dəyişmişdi.

Niyə, bilmirəm, onu görəndən sonra özümü çox pis hiss etdim. Mənə uzaqdan salam verdi.

Mən də ona. Amma nə isə əksik idi. Dinlə, burada hamı çox dəyişib və bu məni incidir.

İllərimin birlikdə keçdiyi bu uşaqlarla bu qədər uzaq olmağınız, məni dərindən yaralayır.

Dəyişən zamandı, yoxsa insanlar?

Zaman qorxunc və qəribədir. Eynən insanlar kimi. Xatırlayıram, çox yox, bir 6-7 il bundan əvvəl, ən yaxın dostlarımla küçədə oynayırdım. Dan ulduzu çıxanacan. Anam, “Gecdi artıq evə gəl!” deyə qışqırana qədər. Sonra səhər açılar, yenə eyni qaydayla oynayardıq. Mənə sanki bunlar dünən yaşanmış kimi gələrkən, əslində üzərindən illər keçdiyinin də fərqindəydim. Eh, ötüb keçən zaman heç nəyi geri gətirmədiyi kimi, o günlərdəki insanları da geri gətirməmişdi.

İnsanlar evlərinə qapanarkən, yalnızlıq onları əsir alarkən, həm dostluq, həm də qonşuluq unuduldu. Birlikdə saatlarımı keçirdiyim insanları görməz oldum. Zamanla, o insanlarla salamlaşarkən, o salamı necə çətinliklə... - bunu sənə necə deyim axı - hə, yadlıqla verildiyini gördüm. Sanki heç tanımadığım bir insanla salamlaşırdım.

O gün Gültacı gördüm dedim, bundan başqa bir il əvvəl Sənan əsgərliyə getdi. Bunu sənə niyə demədim, bilmirəm. Bəlkə də onlar haqqında danışmağı sevmədiyin üçün deməmişəm, inan yadımda deyil. Nəysə, onun yığıncağı oldu, amma biz onlara getmədik. Ailəsi qonşulardan heç kimi çağırmamışdı. Amma, qonşuluqdan kənar, biz axı dost idik? İcazə günlərində evə gələndə arada onu görürəm. Nə o, nə də mən, salam vermirik, bir-birimizin yanından ötüb keçirik. Gültacla arada salamlaşırıq, Laləylədə. Digərləri ilə isə heç, üzümüzə belə baxmırıq. Muradı danışdım heç? O qədər uşağın içində mənə ən yaxın olan oydu. Ən yaxın dostum idi. İndi qarşılaşanda üzümə belə baxmır!

Mən isə onların hər birinə uzun-uzun baxıram. Çünki, onların baxmayacağından əminəm. O gözlərdə, nə qədər böyüsələr və dəyişsələr də o balaca uşağı axtarırdım.

Hərdən düşünürəm ki, vaxtında təməli sağlam dostluqlar qura bilməmişik. Əgər qursaydıq bu gün bir-birimizdən belə ayrı olmazdıq.

İlk sən getdin, sonra Murad, sonra zamanla Lalə, Gültac və Sənan. Domino daşları kimi dağıldıq. Sən getdin və mən tək qaldım. Sən getdin və onlar da getdi. Mən tamamən yalnız qaldım.

İllər keçsə də, zaman dəyişsə də, səni hələ də əvvəlki kimi sevirəm.

Çox sevgili məktub dostum, ümid varam bir gün evə geri dönərsən və mən o mavi gözləri bir ekranda yox, daha yaxından görərəm.

Sevgilərlə, Aylin.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.