Sən də pilotsan, Ekzüperi də pilot idi – FİKİR FIRTINASI Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

– Salam, dostum! Yenə də dünyadan qopmusan? Axırda bu kitab-dəftərin içində

itib qalacaqsan. Nə vaxt baxsam, gah yazırsan, gah da kitab oxuyursan. Bir az

da ətrafa bax, həyatın dadını çıxar. Gəzməli, görməli, əylənməli o qədər yer

var ki. Sənsə bu dünyadan, bu gözəlliklərdən bixəbər yaşayırsan. Bəzən sənə

görə narahat oluram. Belə yaşamaq yaxşı deyil, dost.

 

– Xoş gördük, əziz dostum! Mənə görə narahat olmağına ehtiyac yoxdur. Mən

istədiyim yerlərə istədiyim zaman gedirəm. Məni tanıyırsan, belə şeyləri çox da

sevmirəm. Gəl, bu məsələni uzatmayaq. Bu, seçim məsələsidir, gərək ki, hər

kəsin seçiminə hörmətlə yanaşaq. Kimisə seçiminə görə qınamağın mənası yoxdur.

 

– Eh... Nə deyirəm, qoy sən deyən olsun. Onsuz da çox zaman məni öz

sözlərinlə tələyə salmağı bacarırsan.

 

– Niyyətimin belə olmadığını bilirsən. Gəl, əyləş, bərabər kitab oxuyaq. Yeni

bədii kitablar almışam. Xoşuna gələni seç, götür.

 

– Axı mən pilotam, bədii kitab oxuyub nə edəcəyəm? O ki mənim işimə heç nə

qatmayacaq. Boşuna vaxt itkisidir. Səni başa düşürəm, sən müəllimsən,

ədəbiyyat oxumalısan, çünki sənin işinə uyğundur. Məni ancaq təyyarələrlə

bağlı məlumatlar maraqlandırır. Səndə elə bir şeylər varsa, ver oxuyum. Yoxsa

neynirəm mən uydurma nağılları oxuyub xəyallara qapılmağı? Bunu sən yaxşı

bacarırsan, dostum... Ha-ha-ha...

 

– Yox, dostum, ədəbiyyat sənin anlatdığın qədər bəsit və uydurma nağıllardan

ibarət deyil. Ədəbiyyat – sənsən, mənəm, Azərbaycan xalqıdır. Ədəbiyyat

sənin keçmişin, indin, gələcəyindir. O, sənə keçmişin sirlərini danışar, indinin

acı və şirinliklərini yad edər, gələcəyinə isə işıq salar. Analarımızın dilindən

qopan laylaların qələmlə səhifələrə əbədi həkk olunduğu bir tarixdir ədəbiyyat. Nə sən, nə mən, nə də bu xalq ədəbiyyatı bilmədən yaşaya, yarada, var ola bilməz.

Nə üçün biz belə düşünürük? Nədir bu kitablara qarşı olan biganəlik? Kim

olduğumuzdan, hansı peşənin sahibi olduğumuzdan asılı olmayaraq, gərək ki,

hər kəs həm bədii, həm elmi, həm də fəlsəfi əsərlərlə tanış olsun. Çünki bu

əsərlər yalnız biliklə zənginləşdirmir, həm də insanın və həyatın daha dərindən

anlaşılmasına, düşüncə tərzinin inkişafına və daxili zənginliyinin artmasına

kömək edir.

 

-….

 

-Bu kitaba bax! Kitabın adı ”Balaca Şahzadə”dir, müəllifi Antuan de Sent-Ekzüperi. Dünyanın ən çox tərcümə olunan və ən çox oxunan kitablarından biridir. Daha maraqlısı nədir, bilirsən? O da sənin kimi pilot idi! Ancaq biz onu bu əsəri ilə tanıdıq. Pilot olmaq sadəcə sükan arxasına keçib təyyarəni idarə etmək deyil, eyni zamanda bu yolda rastlaşdığın həyat hekayələrini görə bilməkdir. Bu həyatı görməkdir! O zaman pilot da, həkim də, tarixçi də ədəbiyyatda silinməz izlər qoya bilər. Baxıb da görmədiklərin kölgədə qalaraq unudulmuş xatirələrə çevrilir. Əgər sən də istəsən, bu hekayələri əbədi olaraq yaşada bilərsən. Necə? – deyə soruşsan: hiss et və yazmağa başla! Qələmin yazdığın hər kəlmədə ruhunun izini tapar...

 

– Bəlkə də haqlısan, dostum... Bəlkə də...

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.