“Sən mənim ən böyük zəifliyim oldun” - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Həmişə elə bilirdim ki, insan yalnız öz içindədir. Öz ruhunda, öz düşüncələrində, öz bədənində. Heç kim heç kimin içini görə bilməz. Heç kim heç kimin ruhuna toxuna bilməz. Çünki insan yalnızdır. İnsan təkdir. Və insan yalnız o qədər azaddır ki, azadlığı da bir növ məhkumluğa çevrilir.

 

Mən də tək idim. Mən də azad idim. Heç kimə bağlanmadan, heç kimə məhkum olmadan, heç kimin nəfəsində boğulmadan. Mənim üçün sevgi – başqalarının qurduğu bir sistem idi. O sistemi uşaqlıqdan öyrədirlər – sev, sevil, ailə qur, qaydalara tabe ol, öz azadlığını bir başqasının varlığına dəyiş.

Mənə görə isə bu, absurd idi. Mən hər zaman sistemlərə qarşı olmuşam. Mən çərçivələri qıran, qaydaları tapdalayan, öz yolunu özü seçən biri olmuşam. Sevgi? O, məni heç vaxt maraqlandırmayıb. Mən sadəcə insanların necə bu qədər kor-koranə bağlandığını, necə bu qədər asılı hala düşdüyünü başa düşə bilmirdim.

Hə, mən hər şeyə gülürdüm – həyata, insanlara, ölümə, xaosa, hətta özümə də. Çünki bu dünya mənim üçün bir tamaşa idi. Hər kəsin bir rolu vardı – kimisi sevən, kimisi sevilən, kimisi tərk edilən, kimisi unudulan. Mən isə kənardan dayanıb baxırdım, gülürdüm, izləyirdim, amma heç vaxt səhnəyə çıxmırdım. Heç vaxt o oyunun bir parçası olmaq istəmirdim. Çünki mənim üçün sevgi sadəcə bir oyun idi. Qanunları olan, qaydaları olan, sadəcə udmaq və ya uduzmaq üçün oynanılan bir oyun. Mən isə heç vaxt uduzmurdum. Mən heç vaxt zəif olmurdum.

Ta ki, sən gələnə qədər.

Ta ki, mən, o oyunda uduzana qədər.

Sən gəldin və mənim yaratdığım divarları sındırdın. Sən gəldin və heç bir silah işlətmədən, heç bir güc göstərmədən, heç bir zor tətbiq etmədən, sadəcə varlığınla məni məğlub etdin. Sənin yanındaykən artıq mən özümə sahib deyildim. Sənin yanındaykən, sanki kimsə məni öz bədənimdən çıxarıb başqa bir dünyanın içinə salmışdı. Hər zaman azad olmaq istəyən birisi üçün bu, ən böyük məhkumluq idi. Mən, sərhədləri tanımayan biri, indi bir nəfəsin sərhədləri içində itib-batmışdım. Mən, heç kimə bağlanmayan biri, indi sənin gedişinlə parçalanırdım.

Bu, məni qorxudurdu. Çünki mən bu hissi qəbul edə bilməzdim. Mən heç vaxt boyun əymədim, heç vaxt uduzmadım, heç vaxt zəif olmadım. Amma sən… sən mənim ən böyük zəifliyim oldun. Və mən bunu çox gec anladım.

Əvvəllər mənim üçün insanlar sadəcə rollar oynayan aktyorlar idi. Amma sən... sən səhnənin kənarında dayanmışdın. Sən bu oyuna mənim kimi gülmürdün, bu dünyaya mənim kimi baxmırdın. Sən həqiqi idin. Sən tamaşanın bir hissəsi deyildin. Sən, sadəcə, var idin. Və mən özümü səhnədən kənara çıxan bir obraz kimi hiss etdim.

Mən həmişə sərhədsizliyə inanmışam. İnsan yalnız öz ruhuna sahibdir, öz bədəninə, öz düşüncələrinə. Amma sənin toxunuşunda mən özümə aid olan hər şeyi itirdim. Sənin baxışlarında mən artıq azad deyildim. Sənin varlığında mən artıq özümə sahib deyildim. Mənim içimdə yanğınlar qopurdu. Amma bu yanğınlar məni yandırmırdı. Sənə toxunduqca, sənə yaxın olduqca, sanki özümü daha çox itirirdim.

Bəs indi?

İndi isə sən getdin. Məni azad etdin. Mənə qaytardın əvvəlki həyatı. Həmin o sərhədsizliyimi, həmin o qaydasızlığımı, həmin o sistemsizliyimi... Mən indi yenə azadam. Amma bu azadlıq mənə artıq dar gəlir.

Çünki azadlıq heç vaxt həqiqi olmur. Çünki insan yalnız azadlığına yox, eşqə də məhkumdur.

Mən gülürəm. Çünki başqa cür cavab verə bilmirəm. Mən güləndə insanlar düşünür ki, mən güclüyəm. Amma sən bilirsən… bilirsən ki, o gülüşlərin arxasında sən varsan. Sənin yoxluğuna ağlayan, amma hələ də gülən bir mən var...

Sən mənim ən böyük zəifliyim oldun.

Və mən indi başa düşürəm ki, bəzən, ən gözəl zəncirlər bizim heç vaxt qırmaq istəmədiklərimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.