Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən qələbə insanın həyatında unudulmaz bir hadisəyə çevrilir, bəzən isə qələbənin özü ağır bir yük olur.
Məğlubiyyətə bərabər qələbə-insanın zəfər anında belə, içindəki boşluqla üzləşdiyi, itkilərinin ağırlığını qələbənin sevincindən daha çox hiss etdiyi anlara deyilir.
Bu, döyüş meydanında qazandığın zəfərdən sonra sevdiklərini itirdiyini öyrənmək kimidir. Döyüş başa çatır, səssizlik çökür, lakin sükutla birlikdə ətrafa dağılan talan, göz yaşları və yoxluq görünür. Həmin anda, qılıncın itiliyi, qalaların fəthi, bayraqların yüksəlişi mənasız görünür. İnsan öz-özünə soruşur: “Bütün bunlar nə üçün idi?”
Bir ananın öz övladını qorumaq üçün hər şeyi itirib qalib gəlməsi, amma o qələbədə övladını itirdiyini anlaması da belə bir məğlubiyyətdir. Bir alim düşün, illərlə bir məqsədə çatmaq üçün çalışır, lakin uğur qazandığı gün sağlamlığını, sevdiklərini və özünü itirdiyini görür. Bu cür qələbələr bəzən gerçək məğlubiyyətdən daha ağır olur.
Məğlubiyyətə bərabər qələbələr insanın həyatı boyu unutmayacağı dərslərdir. Onlar bizə öyrədir ki, hər mübarizə qələbə üçün deyil, bəzən dəyər üçün edilməlidir. Çünki ən böyük zəfərlər ruhun, vicdanın təmiz qaldığı zəfərlərdir. Əgər insan qazandıqlarına görə ən vacib olanları itirirsə, bu artıq qələbə deyil, həyatın bizə verdiği ən çətin sınaqlardan biridir.
Həyat belə qələbələrlə doludur. İnsan bəzən qazanır, amma qəlbində məğlub olur. Həqiqi qələbə isə, yalnız qazanmaqla deyil, həm də özünü itirməməklə mümkün olur. Çünki itkilərin yükü ilə gələn qələbə heç vaxt gerçək zəfər deyil.
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)