Harun Sultanov, “Ədəbiyyat və incəsənət”
Mən kollecdə qrup nümayəndəsi olmuşam. İkinci kursda bizə fəlsəfədən dərs deməyə başladılar. Semestrin əvvəlləri idi. Jurnal işləri və digər məsələlər üzündən fəlsəfə dərsinə girməyə vaxt tapmırdım. Üstəlik həm də işlədiyim üçün çox çətin olurdu. Müəllimin də dərsinə cəmi bir neçə dəfə
girmişdim…
…Bir gün mənə dedi: “Soltanov, sənin siman xoşuma gəlmir. Çox dikbaş və açıq sözlüsən. Dərsimə girmə.” Mən isə hələ yeniyetməlikdən çıxmış bir axmaq olaraq öz-özümə dedim: “Girmə də, onsuz starostasan.”
İlin bu vaxtları idi. Şöbəyə girəndə tütor dedi:
– Bala, sən fəlsəfədən limitdəsən. Xəbərin var?
– Bəs başqa imkan var? – deyə soruşdum. Tütor isə belə cavab verdi:
– O müəllim, sənə imkan tanımayacaq.
Mən həm tələbə idim, həm də ayrı yaşayırdım. Kəsr kreditlərini ödəməyə pulum hardandı? Öz-özümə dedim: “Cəhənnəm, get dərsində otur. Ən azından imtahana girişin olsun.”
Gəldim auditoriyanın qarşısına. Qapını döyüb ədəblə icazə istədim. Adımı ona dedikdə müəllim dedi:
– Sənə deməmişdim dərsimə girmə?
Bir az tələbə üzsüzlüyümlə təkid etdim. O isə mənə bir şans verdi:
– Sənə 3 sual verəcəyəm. Cavab versən, fənnimdən və imtahanımdan azad olacaqsan. Əks təqdirdə mən təqaüdə çıxana kimi diplom ala bilməyəcəksən.
İtirəcək bir şeyim yox idi. “Buyurun, müəllim, sualınızı verin,” – dedim özünəinamlı səslə.
– Soltanov, de görüm, saat neçədir? – deyə başımın üzərindəki saata baxaraq soruşdu.
– Saat 3-ə 5 dəqiqə qalıb.
– Atan saat 3 tamamda xaricə gedir. 20 il sonra geri dönəcəyi barədə xəbər almışam. Get atanla görüş gəl. Nə döyürsən gözünü? Get görüş gəl.
Deyib məni otaqdan çıxardı.
İndi koridorda var-gəl edirəm. “Görəsən, bu nə dedi mənə? Mən necə gedim? Necə qayıdım? Axı atam evdədir? Bu nə iş idi mən düşdüm?” Bu fikirlərdən qrup yoldaşım məni ayıltdı. Dedi ki, müəllim mənə 5 dəqiqə də bonus veribmiş və mən yenidən otağa getməliymişəm. Həmişəki kimi özünəinamımı qoruyaraq otağa daxil oldum.
– Soltanov, – müəllim aşağılayıcı gülüşlə dedi, – nə gec gəldin?
– Həə, müəllim, bir az elə oldu. Amma görüşdüm, gəldim. Kaş Nicatı dalımca göndərməsəydiniz, mən artıq atamla Virciniyaya getmişdim. Yanında mənə yer də almışdı. Hələ stüardessanın nömrəsini də almışdım.
Bütün qrup gülüşürdü. Müəllim illərin əzəməti ilə qrupu susdurub mənə dönərək dedi:
– De görüm, necə getdin?
Bu dəfə mən gülərək cavab verdim:
– İnsan nədən ibarətdir? Təbii ki, bədən və ruhdan.
– Aha?
– Məsələn, arxada Vüqar dərsdə yatıb. O, bizdən və bu danışıqdan xəbərsizdir. Siz deyə bilərsinizmi ki, onun ruhu harda, kiminlə görüşür?
– Deyə bilmərik.
– Bəs onda mənim necə gedib gəldiyimi necə sorğuya çəkə bilərsiniz ki, müəllim?
Bu cavabım müəllimi həqiqətən heyrətə gətirdi. Axı mən improvizasiya etməkdə çox mahir idim. Üstəlik ruhumu hər zaman qorumağı bacarmışam. Müəllim mənə ikinci sualı verməyə hazırlaşırdı. Nəhayət dilləndi:
– Sənə ikinci sualım olduqca çətindir. Bəlkə də izahsızdır. Bu səbəbdən sənə bir az vaxt verib, sonra verəcəyəm bu sualı. Amma nisbətən qane etsən, üçüncü sualı da verəcəyəm.
– Buyurun.
Müəllim üzünü qrupa tutaraq soruşdu:
– Gənclər, eşq, sevgi nədir? İki qarşı cins arasında olan məhəbbət nədir?
Qrup yoldaşlarım cavablar verirdi: “Eşq fars fəlsəfəsinə görə...”, “eşq şərq fəlsəfəsinə görə...”, “eşq ruhların birləşməsidir...” və s. Müəllim mənə dönərək soruşdu:
– Səni qane edən varmı? Hansını qəbul edirsən?
– Ay müəllim, mən heç birini qəbul etmirəm.
– Bəs cavabın?
– Müəllim, unutmayın, eşq bir otdur.
Hər kəs gülürdü. Müəllim isə qrupu sakitləşdirib mənə baxaraq dedi:
– Harun, Bakılı olduğunu bilirdim. Amma narkoman, nəşəxor olduğunu bilmirdim. Heyf bu gəncliyimizə.
Mən pərt olmuşdum. Müəllimə acı bir baxış atdım. O isə anlamış kimi dedi:
– Fikrini izah edə bilərsənmi?
– Müəllim, ot görmüsünüz, yəqin ki, hər yerdə. Adi yaşıl ot bir buğda dənəsindən nə boyda cücərib çıxır. O, otun toxumu özündən dəfələrlə dərinə basdırılır. O, yerdən yuxarı qalxdıqca sağ qalmaq üçün böcəklərlə savaşır, daşları dəlir, vuruşur. Nəhayət gün üzünə çıxır. Sonra nə olur? Sizin kimi, mənim kimi biri onun bütün əziyyətlərini görmür və tapdalayıb onu soldurur. Və bitir. Eşq də bunun kimidir. Əgər dəyib dolaşan olmasa, o toxum havayla eşqini yaşasa, yenidən yüzlərlə toxum dünyaya səpələyə bilərdi.”
Hamı mat-məəttəl baxırdı. Müəllim isə mənə adımla müraciət edərək dedi:
– Çıx bayıra, gözüm görməsin səni.
Mən ədəblə təşəkkür edib çıxdım. Qayıb yazmadı. Semestr imtahanında isə nəzarətçi mənə dedi:
– Sən axı yazmısan. Vərəqini görmüşəm.
Məni zaldan çıxardı.
Bax beləcə qiymətimi də aldım!
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)