Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bu il mənim üçün varlığın çılpaq mənasızlığını dərk etmək ili oldu. Həyat mənim üçün sadəcə ardıcıl hadisələrin təsadüfi bir yığımı idi, amma bu hadisələr sanki özləri ilə bir məcburiyyət gətirirdi: anlam axtarmaq məcburiyyəti.
Pnevmaniya məni bədənimə bağladı. İnsanın nəfəs almaq kimi sadə bir funksiyaya məhkum olduğunu anlamaq, mövcudluğun necə də ağır bir yük olduğunu göstərdi. Hər boğucu an, həyatın əslində bir zərurət olmadığını, amma ona dirənmək məcburiyyətinin insanın təbiətində olduğunu xatırlatdı.
Sonra itkilər gəldi: bibim, bibimin qızı, dostlarımın valideynləri... Ölüm insanı varlığın mənasızlığı ilə üz-üzə qoyur. Onların dəfnində dayanarkən düşündüm: torpağa qarışmaq insanın sonudurmu, yoxsa bu son belə mənasızdır? Ölümün özü belə bizə nə deyir? Heç nə. Biz ona mənalar yükləməyə çalışırıq ki, yaşamın ağırlığını daşıya bilək.
Maşınımın yanması... Əslində mənim heç nəyim yanmadı, çünki heç vaxt həqiqətən sahib olduğum bir şey yox idi. Amma bu hadisə mənə başqa bir şeyi xatırlatdı: insan yaratdığı hər şeyin köləsidir. Maşın, sevgi, hətta xəyallar – hamısı insanı özündən uzaqlaşdıran bir yükdür.
Sevgilimdən ayrıldım. Amma itirdiyim bir insan deyildi, özümün ona bağlanmış versiyam idi. Sevgi, sadəcə, iki varlığın bir-birinə məhkum olduğu bir zəncirdir. Bu zəncirdən qurtulmaq azadlıq gətirir, amma azadlıq özü necə də boş və ağrılıdır!
Daha çox içdim, daha çox əyləndim, daha çox qusdum, daha çox ağladım. Bütün bu xaosun içində özümü itirmək üçün çalışdım, amma nə qədər qaçsam da, öz varlığımın mənasız ağırlığını yenə də üzərimdə hiss etdim.
Kariyerada yüksəlişim oldu, amma o yüksəliş yalnız başqa bir qəfəsin pilləkəni idi. İmtahanlardan kəsilməyim isə mənə bir həqiqəti xatırlatdı: uğur və uğursuzluq da yalnız bizim yaratdığımız illüziyadır.
Bu il mənə bir şeyi öyrətdi: həyatın nə mənası var, nə də məqsədi. Biz bu mənanı özümüz yaratmağa çalışırıq ki, bu xaosun içində azıb getməyək. Amma o mənanı yaratmaq belə bir əzabdır. Mən isə bu əzabın içində yaşamağı öyrənirəm. Çünki başqa yol yoxdur.
“Ədəbiyyat və incəsənət”,
(30.12.2024)