İnsanların səssizliyində boğulmuş fəryadlar - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Xəstəxanadayam. Burada hər şey özlüyündə bir absurddur. İnsanlar sağalmaq üçün gəlir, amma sanki buranın havası, divarları, hətta dərman qoxusu belə onları daha çox xəstələndirir. Həyatın məqsədi sağ qalmaqdır, amma buradakılar yalnız varlıqlarını davam etdirmək üçün mübarizə aparırlar. Mən isə bu varlıqların arasında, bu qarmaqarışıq xaosda öz mövcudluğumu hiss edirəm, həm də onun ağırlığını.

 

Sağımda oturan qız var. O, yeni tanış olduğu oğlanla danışır. Səs tonunda bir ümid, eyni zamanda böyük bir boşluq hiss olunur. Bu tanışlıq ona nə gətirəcək? 

Sevgi? 

Tənhalıq? 

Yoxsa heç nə? 

Hər şeyin öz mənasızlığını düşündükcə, bu qızın özünü ovutmağa çalışdığı illüziyalar mənə kədərlə gülməli gəlir. Sol tərəfimdə isə qızını USM-ə gətirən bir ana. Körpəsinin gözü qaynayır, ananın isə ürəyi. Həyatın məzmunu da budur: ağrının birindən digərinə keçidi. Ana öz qızının ağrısını daşıyır, amma onun öz ağrısını kim daşıyacaq?

Buradakı dərman qoxusu, insanların səssizliyindəki boğulmuş fəryadlar, hər küncdə dolaşan bezginlik – bütün bunlar mənə cəmiyyətin təməl absurdluğunu xatırladır. İnsanlar bu yerlərdə öz şəxsiyyətlərini, varlıqlarını itirir, yalnız “xəstə” adlanan bir anlayışa çevrilirlər. Bəlkə də bu onların azadlıqdan imtinasıdır. Çünki azad olmaq o qədər də asan deyil. Azadlıq seçməkdir, amma çoxları seçimdən qaçır. Seçmək məsuliyyətdir, ağır yükdür. İnsanlar isə yükdən qorxur.

Niyə həmişə doğru danışanlar susdurulur? Niyə həqiqətləri söyləyənlər təcrid olunur? Mədəniyyətlə danışan insanlara mədəniyyətsizlər meydan oxuyur? Bu, absurd deyilmi? Mən isə anlamıram və anlamamaq daha çox ağrı verir. Bəs çarə nədir? Bu mənasızlığı qəbul edib onun içində itmək, yoxsa mənasızlığa baxmayaraq mənalı bir şey yaratmaq?

Xəstəxanalar həmişə məni dəhşətə gətirib. Buralar yalnız bədənlərin deyil, ruhların da xəstə olduğunu nümayiş etdirir. İnsan burada yalnız bioloji bir varlıq olduğunu hiss edir. Ağıl xəstəxanaları isə bu mənasızlığın zirvəsidir – insanları barmaqlıqlar arxasına qoyub onları “dəli” adlandırırlar. Amma bəlkə də onlar tək normal olanlardır. Onlar dünyanın mənasızlığını anlayıblar və bu anlayaş onları “dəli” edib. Amma axı dəli olmaq üçün səbəbə ehtiyac yoxdur. Sadəcə, yaşamaq kifayətdir..

Bəs sən yaşadığını hiss edirsən?

 

“Ədəbiyyqt və incəsənət”

(26.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.