Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.
Dinlə "çahargahı", eşit "Qatarı",
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam mən.
Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da,
Qədim Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.
Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm.
Bir daha demərəm tamarzıyam mən.
Bu gün şair, publisist, tənqidçi, elm xadimi, alim, pedaqoq, jurnalist, filologiya elmləri doktoru, professor Famil Mehdinin doğum günüdür.
Famil Mehdi 1934-cü il dekabr ayının 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.
Azərbaycanda publisistikanın elmi-nəzəri əsaslarını yazan ilk elm adamı Famil Mehdi olmuşdur.
Bundan başqa onun jurnalistika ilə bağlı bir çox elmi monoqrafiyaları, qələmə aldığı dərs vəsaitləri də var. Amma böyük kütlə tərəfindən Famil Mehdi daha çox şair kimi tanınıb.
O, fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuş Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” dərsliyinin müəlliflərindən biridir.
Şeirlərini tərcümeyi-halı kimi qələmə verən "şeirlərim mənim inamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir" söyləyən Famil Mehdi ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib.
Onun əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)