“Ədəbiyyat və incəsənət” portalı yazar Rəfail Tağızadənin yazısını təqdim edir.
Şair, rəssam, gözəl dost Adil Mirseyidin növbəti onsuz keçən doğum gününü qeyd etdik!
Ruhun şad olsun, əziz dost!
Elə insanlar var ki, onlar dünyaya ancaq duyulmaq, anlamaq və yaratmaq üşün gəlirlər. Onlardan çox şey ummaq, tələb etmək olmaz. Onların missiyaları tam başqadı.
Seçilmişlər bəşəriyyətə, cəmiyyətə, topluma xeyir vermək üçün göndərilənlərdir. Öyrənmək, öyrətmək, əksəriyyətin bacarmadıqlarını vermək üçün gələnlərdir.
Bu insanlar, adətən, zamanında başa düşülmürlər. Çünki onlar zamandan çox qabaqdadırlar.
Onlardan sonra bir boşluq yaranır.
Ədəbiyyata, poeziyaya, incəsənətə, mədəniyyətə son dərəcə həssas olan, sözə böyük önəm verən Adil Mirseyid də belə insanlardan idi.
Adil fərqliliyi ilə gözəl idi.
Qələbəliyi sevməzdi. Qələbəlikdən qaçardı. Tənhalığı sevərdi. Bəzən adamlardan çox ağaclarla, quşlarla, dənizlə danışardı. Və bir də içindəki məniylə.
Bildiklərini öyrətməyə, yardımçı olmağa çalışardı.
Dostları üçün ərk elədiyi bütün qapıları döyərdi. Özü üçün kimsənin yanına getməzdi. İşlə bağlı dəvət aldığı yerlərə gedəndə elə ilk görüşdən bütün ideyalarını verərdi. Sonra onu çağırmayanda özünü pis təsir edirdi. O, hamını özü kimi qəbul edirdi. Pisliyi bacarmazdı. Xoşlamadığı, sevmədiyi adamdan sakitcə aralanardı. Ya da onu gördükdə yanından sakitcə ötüb keçərdi. Bir daha ona dönməzdi. Bəlkə, hansısa çox vacib məcburiyyət olaydı. Onda da çox könülsüz. Ötəri.
Adildə küsmək, tərk etmək var idi. Mən Adili duyurdum. Anlayırdım. Onu olduğu kimi qəbul edirdim.
Adil onu ağrıdan, incidən nə vardısa hamısını mənimlə bölüşərdi. Edilənləri. Etmək istədiklərini. Məcburən etdiklərini. Və onların mənəvi, daxili acısını da. Bölüşüb bir az rahatlanardı. Onu boğan, ona əzab verən o ağır yükü üstündən, içindən atıb yüngülləşirmiş kimi.
Adil olan məclisdə söhbət nədən gedir getsin, söhbətin məcrası sonda poeziyaya yönələrdi. Dostlarının şeirlərinə mütləq fikir bildirərdi. Və hamı da Adilin fikri ilə razılaşardı.
“Axşam şeir yazmışam. Oxuyum, bir sən də qulaq as”, − deyərdi, ikilikdə olanda.
Adil yazıya bir anlıq göz gəzdirib qiymət verərdi. Elə sənət əsərlərinə də.
Tədbirlərə nadir hallarda qatılardı. Bir də gördün zəng eləyib: “Yarım saatdan sonra filan yerdə olacam. Bir görüşək”, -deyərdi. Görüşəndə, “Axı sən tədbirdə olmalıydın?” sualına başını tərpədib: “Mənlik deyil”, − söyləyərək tez başqa mövzuya keçərdi. Hiss edərdim ki, tədbirdə ya kiminsə olacağını bilib getməyib, ya da darıxıb çıxıb.
Adil əsl esseist idi. Onun şeirləri kimi esseləri də seçilirdi.
Son vaxtlar yaşayanlardan − həyatda olanlardan esse yazmırdı. Ancaq dünyasını dəyişənlərdən yazırdı. Bunun da səbəbi vardı. “Onlar dedi-qodu etmirlər. Yazı niyə getmədi, gecikdi və s. demirlər”, − söyləyərdi.
Bəzən o qənaətə gəlirsən ki, ölülər dirilərdən daha ağıllıdılar. Heç olmasa dinmirlər.
Adilin şeirlərini, poemalarını “Azərbaycan”, “Ulduz” jurnallarına adətən mən təqdim edərdim. Şeirlərini diskə köçürüb gətirərdi ki, özününkü ilə birlikdə bunu da verərsən. Redaksiyada dostlar da artıq öyrəşmişdilər. Mən yazı gətirəndə “Adilin də yazısını gətirmisən?”, − soruşardılar. “Birinci Adilin yazısını verin” ifadəmə də adət etmişdilər.
* * *
Yuxuda məndən “Şairlərdən kimləri görürsən? Çayxanaya gedirsənmi?” - sordun.
“Yox, artıq sənsiz ləzzəti qaçmış çayxanalara getmirəm, şairləri də hərdən Yazıçılar Birliyinə gedəndə görürəm, ya da tədbirlərdə” − söylədim.”
Bir də “Oralarda nə yeniliklər var?” − dedin.
Gözümü gözündən çəkib, ah çəkəndən sonra: “Səndən sonra qumru quşları da bağlardan perik düşüblər, mənimtək. Daha çayxanalarda müzakirələr, dinləmələr də səngiyib. Daha dostlar da az-az görüşürlər”, - dedim.
Çıxıb getdin. Sanki bunları bilməyə gəlmişdin.
Payızın xəzanını, yağışlı havasını sevən, yağışa hərdən başını qaldırıb salam verirmiş kimi baxan, sonra eynəyini silib asta addımlarla addımlayıb, arabir dayanıb ağaclara baxan; ayaq saxlayıb, çönüb nələrisə danışan, sevgilisinin sevinc göz yaşlarında islanmaqdan ləzzət alantək sevinən adam yoxdu bu şəhərdə. Hava da, yağış da artıq sevgilisini itirmiş kimidir...
Budağından qopub yeri məkan seçən yarpağa bu məqamda həm şair, həm rəssam kimi baxan, bir tutarlı ifadə ilə fikrini bildirən, yeni yanaşma, bənzətmə verən; son vaxtlar geydiyi, heç vaxt, hətta ən soyuq havada da yaxasını düymələmədiyi qara paltosunun boynunu qaldırıb, ağ-qara şərfini boğazına bir az da möhkəm sarıyıb uclarını sinəsinə buraxan, idman papağını alnına kimi dartaraq, sanki özü kimi tüstülənən papirosdan istədiyi ləzzəti alırmış kimi sümürüb; yaddaşının alt qatından, ya da yeni düşüncəsindən bir fikri söyləyəcək adam görsənmir mənimçün süsləşmiş bu bağlarda, parklarda...
Həmişə sənin ad gününü ayrıca qeyd edərdik. İkilikdə. Sənsiz ilk ad günün də elə oldu. Özünü rahat hiss etdiyin o yerlərin birində oturduq. Xatirələrin qoynunda. O gün ancaq sən danışdın, arada, “Mənə çayı az süz”, − deyərək. Həmişəkindən daha çox dinləmək istədim səni. “Səsin üçün çox darıxmışdım”, − dedim sənə.
Sən mənim yaddaşımda sonuncu kitabının təqdimatında çəkdirdiyimiz şəkildə olduğun kimi qaldın. Sanki nələri isə demək üçün şəkilin çəkilib qurtarmasını gözləyirsən. Hərəkətli, canlı... (Sən xəstə olanda səni təxminən hər gün ziyarət etsəm də, səninlə şəkil çəkdirmədim. İstəmədim...)
“ölümün xeyrinə işləyir saat” − dediyin o son gecədən bir il ötdü. Bu bir ildə sənsiz olmadıq. Hər zaman sən bizimlə oldun. Yanımızda oldun. Düşüncəmizdə oldun...
Azərbaycan şeirində xırda hərflərlə başlanan, nöqtəsiz, vergülsüz; içərisində rəssamlıq, müxtəlif ədəbi cəryanların elementlərini, xarici dillərdə olan sitatları görəndə, avanqard poeziyadan söhbət gedəndə mütləq və mütləq Adil Mirseyid xatırlanacaq.
Yada salınacaq.
Anılacaq.
Daha yaşamaq necə olur...
“Ədəbiyyat və incəsənət”
(24.12.2024)