Əziz oxucularımız. Bu gün yazı yazmaq o qədər arxaikləşib ki, yeniyetmə və gənclərimiz elementar yazışma qaydalarını belə unudublar. Bu xoşagəlməz tendensiyanın qarşısını almaq üçün “Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondu Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihə icra edir. İkinci ildir ki, layihə nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarır, onların ədəbiyyata olan marağına diqqət yönəldir.
Layihədə ara-sıra çox parlaq məktəblilər gözə dəyir. Onlardan biri də 2 nömrəli texniki-humanitar liseyin 11-ci sinif şagirdi Toğrul Tağıyevdir.
Tağıyev Toğrul Firavan oğlu 2014-ci ildə Səbail rayonu 162 nömrəli tam orta məktəbin 1- ci sinfinə daxil olub. 2018-ci ildən etibarən təhsilini Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə davam etdirir. Hal-hazırda 11-ci sinif şagirdidir.
Oxuduğu müddət ərzində məktəbin tədbirlərində, fənn müsabiqələrində və olimpiadalarında iştirak etmiş, bir çox nailiyyətlər əldə etmişdir. Bunlara misal olaraq, 2019-cu ildə “100 Saat Astronomiya” gününə həsr olunmuş yaradıcılıq müsabiqəsində fəal iştirakına görə sertifikat qazanmış, 2020-ci ildə Con Fon Neyman adına Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici yerə layiq görülmüş, 2021-ci ildə keçirilmiş Məktəblilərarası Vl Fənn Müsabiqələrində biologiya fənni üzrə bürünc medal qazanmışdır. 2023-cü ildə “İntermediate” ingilis dili səviyyəsini qazanmışdır. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edərək Beynəlxalq Biologiya Olimpiadasına (IBO) hazırlaşmışdır. Məqsədi Azərbaycan Tibb Universitetində təhsil alıb vətəninə layiqincə xidmət etməkdir.
Asudə vaxtlarımda futbol və şahmat oynamağı xoşlayır. Hazırda lll dərəcəli şahmatçıdır.
Amma onun ən fitri istedadı həm də gözəl qələmə sahib olmasıdır. Biz Toğrula uğurlu yol arzulayır, gələcəkdə həkim olsa da qələmini publisistikada aradabir sınamasını tövsiyyə edir, onun valideyinlərinə, müəllimlərinə isə belə bir yeniyetmə yetişdirdikləri üçün afərin deyirik.
Toğrulun layihəyə yolladığı essesini bir daha oxuculara təqdim edirik.
Var ol, Toğrul!
ESSE
“VAXTI NECƏ İDARƏ ETMƏLİ”
“Zamanın idarəsi yoxdur, özünü idarə vardır” deyib yazıçı Rory Vaden. Bu ifadə ilə tanış olduqdan sonra “əslində zamanın idarə olunması anlayışı, həqiqətən, yanlışdır” deyə düşündüm, çünki biz saatın əqrəblərini tutub zamanı saxlamaq qüdrətinə malik olmadığımızdan zamanı deyil də, əslində özümüzü idarə etməliyik. Buna görə də “zamanımı necə idarə edə bilərəm?” düşüncəsini “özümü necə idarə edə bilərəm ki, günüm daha səmərəli və məhsuldar keçsin?” fikri ilə əvəz etdim.
İlk növbədə “Zaman su kimi axıb keçir”, “Saatlar elə tez keçir ki, heç fərqində olmuram” , “Heç nəyə vaxtım çatmır” kimi ifadələrlə əslində özümə bəraət qazandırdığımı dərk edib onlardan əl çəkdim. Çünki hər dəfə vaxtım yoxdur deyəndə mövcud zamanı da əldən verdiyimi anladım. Vaxt, insan həyatının ən dəyərli sərvətlərindən biridir. O, nə geri qaytarıla bilər, nə də artırıla bilər. Hər kəs kimi eyni miqdarda vaxta-24 saata sahib olduğum halda, bu zamanı necə keçirməyim həyatımın keyfiyyətini və uğurlarımı müəyyən edir. Buna görə də vaxtı səmərəli idarə etmək həm şəxsi inkişafım, həm də gələcək hədəflərim üçün vacibdir.
Vaxtın səmərəli idarə edilməsi üçün ilk addım planlaşdırmadır. Əgər bir insan gündəlik işlərini planlaşdırarsa, həm işlərinin öhdəsindən daha asan gələ bilər, həm də özünə daha çox boş vaxt ayıra bilər. Məsələn, dərslərini vaxtında hazırlayan bir şagird həm yaxşı nəticələr əldə edir, həm də istirahət üçün kifayət qədər vaxt tapır. Ona görə oyanan kimi ilk işim günümü planlamaq olur ki, günüm daha səmərəli keçsin.
Digər tərəfdən, vaxtın boşa xərclənməsi insanı həm fiziki, həm də mənəvi yorğunluğa gətirib çıxara bilər. Müasir dövrün ən böyük vaxt israfçılarından biri sosial mediadır. Saatlarla mənasız videolara baxmaq və ya lazımsız müzakirələrə qoşulmaq həm vaxt itkisi, həm də enerji bitkinliyi yaradır. Buna görə də sosial medialarda keçirdiyim vaxtı minimuma endirib əvəzində daha çox kitab oxumaq, yeni bacarıqlar öyrənmək və ya idmanla məşğul olmaq kimi məhsuldar fəaliyyətlərə vaxt ayırmağa çalışıram.
Vaxtın düzgün idarə olunması həm də balanslı həyat üçün vacibdir. İnsan yalnız işləmək və ya oxumaqla deyil, ailəsinə, dostlarına və hobbilərinə də vaxt ayırmalıdır. Bu həm ruhən rahatlıq gətirir, həm də insanın daha motivasiyalı olmasına kömək edir. Vaxt bölgüsünə nəzarət etməyə başlayandan sonra həm ailəmə vaxt ayırır, həm də dostlarımla şahmat, futbol kimi sevimli oyunlarımı oynaya bilirəm.
Araşdırılmalar əsasında müəyyən olunmuşdur ki, vaxt itkisinin ən böyük səbəbi dağınıqlıqdır. Buna görə də, hər zaman evimizi və ya öz otağımızı səliqəli saxlamalıyıq. Hər bir əşyamızın bir yeri olmalıdır ki, onu axtarmaq vaxt itkisinə səbəb olmasın. Bu mənim öz həyatımda yer ayırdığım ən önəmli nüansdır, çünki deyilənə görə otağımız öz beynimizin içini təmsil edir. Əgər otağımız dağınıqdırsa, bu beynimizdəki fikirlərin də qarışıq və işlərimizin plansız olması deməkdir.
Son zamanlara qədər universitet qəbul imtahanına hazırlaşmaq üçün özümdə inkişaf etdirmək istədiyim ən birinci bacarıq, zamanı idarə etmək qabiliyyəti idi. Çünki bir dəfə dərs zamanı müəllimimiz verdiyi tapşırığı yerinə yetirmək üçün bizə saniyəölçənlə vaxt təyin etdi, bir anlıq bütün bildiklərimi unudub, sadəcə zamanın axıb getdiyinə və bu zaman çərçivəsində heç nə edə bilməyəcəyimə dair həyəcana qapıldım. Nəticə mənim üçün heç də ürək açan olmadı, onda müəllimimin dediyi söz mənim üçün unudulmaz oldu: Zamanı idarə edə bilməyənlər həyatlarını idarə edə bilməzlər!
Bu zaman anladım ki, bütün məqsədlərimi və xəyallarımı gerçəkləşdirmək üçün ehtiyacım olan sadəcə çox çalışmaq deyil, həm də zamanı səmərəli istifadə edərək, onu idarə etməyi öyrənməkdir. Bunun izlədiyimiz bir filmdə çox daha yaxşı başa düşdüm.
"Vaxt" adlı bu film 2011-ci ildə çəkilmiş elmi-fantastik janrda olub, insan həyatının "vaxt"la ölçüldüyü distopik bir dünyanı təsvir edirdi. Bu filmdə hər kəsin qolunda bir sayğac var və bu sayğac onların həyatının sonuna nə qədər qaldığını göstərir. Pulun əvəzinə vaxt əsas valyutadır – işləyərək vaxt qazanmaq, yaxud vaxtı sərf etmək mümkündür. Bir növ insanlar vaxtlarını sərf edərək həyatda qalmağa çalışır, yemək və ya pul qazanırdılar. Əlbəttə, filmdə ən varlılar ən çox zamanı olanlar idi. Bu film mənə əslində zamanın nə qədər qiymətli olduğunu, zaman varkən görülə biləcək hər şeyi planlı və ardıcıl etməyim gərəkdiyini bir daha göstərmiş oldu. Çünki zaman bu dünyada geri dönüşü olmayan və əvəzedilə bilməyən yeganə sərvətdir.
Nəticə olaraq bunu demək istəyirəm ki, vaxtı səmərəli idarə etmək həyatımızın hər anını dəyərli etmək deməkdir. Biz vaxtımızı necə istifadə ediriksə, gələcəyimiz də elə formalaşır. Vaxtın qədrini bilən insanlar həm özləri ilə, həm də ətrafdakılarla daha harmonik bir həyat yaşayırlar. Hər birimiz vaxtımızı daha yaxşı dəyərləndirmək üçün addımlar atmalıyıq, çünki zaman həyatımızın ən qiymətli sərvətidir.
Şəkildə: Toğrul Tağıyev təhsil aldığı liseyin direktoru Turanə Məcidli ilə.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)