Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
“Çıq...” “Çıq...” “Çıq...”
Azalya ətrafa boylandı. Qonaq otağındakı xalçanın üstündə oturub tutuquşu rəsmini boyayırdı. Bir əlində yaşıl, o biri əlində qırmızı karandaş vardı. Sarı ilə narıncı karandaşlar qatlanmış sol dizinin dibindəydi. Qara karandaş uzatdığı sağ ayağının böyründəydi. O biri karandaşlar isə hələ qutularındaydı. Və bu gözəl məşğuliyyətin ortasında Azalyanın qulağına çıqqıltı səsi gəlmişdi. Haradan gəlirdi bu səs?
Azalya ayağa qalxdı. Divana söykənib divar saatına baxdı. Yox, çıqqıltı səsi divar saatından gəlmirdi. Bəs bu səs haradan gəlirdi? Əllərindəki yaşıl və qırmızı karandaşlara baxdı, onları elə divanaca qoydu, başladı evi dolanmağa. Hara gedirdisə, o çıqqıltını eşidirdi. Amma... Hə, hə, yataq otağında çıqqıltı səsi az eşidilirdi. Mətbəxdə də uzaqdan gəlirdi çıqqıltı. Azalya yenidən qonaq otağına qayıtdı. Xalçanın üstündə-rəngləmə albomunun yanında dayandı. Qaşlarını düyünlədi. Bu dəfə hər çıqqıltı səsi ona ayrı cür gəldi.
-“Çıq...Çıq-çıq-çıq...”
-“...I...Çıq...” “...I...Çıq”
-“Çık-çık!” “Çııık”. “Çık-çık!” “Çııık”.
Azalya yenə divar saatına baxdı. Divar saatı bu dəfə hiyləgərliklə gülümsəyirdi. Azalya ondan soruşdu:
-Ay divar saatı, bu çıqqıltılar haradan gəlir?
Divar saatı qaşlarını oynatdı, əqrəblərini titrətdi. Dedi:
-Gəl, hər şeyi lap əvvəldən izah edim sənə. Mənim adım “Xala saat”dır. Sən lap balaca olanda - bələkdə olanda mən sənə baxırdım. Çalışırdım ki, səsim çıxmasın. Axı körpələr yatanda hamı sakit olmalıdır. Eləcə də, bu evdəki bütün bacımuşaqlarına tapşırdım ki, özlərini yaxşı aparsınlar. Səs çıxarıb səni narahat etməsinlər. İndi sən böyümüsən deyə, onlara icazə vermişəm səs çıxarmağa.
-Nə? Bu evdə hələ sənin qohumların da var?
-Oooo... Düz üç dənə!
Azalya təəccübdən bilmədi neyləsin. Balaca ayaqlarının birini qaldırıb-birini qoydu, sağ əlinin şəhadət barmağıyla sol əlindəki barmaqları, sol əlinin şəhadət barmağıyla sağ əlindəki barmaqları saydı. Sonra incimiş halda soruşdu:
-Yaxşı, ay Xala saat, bəs niyə indiyədək sənin bacınuşaqları heç gəlib mənimlə oynamayıblar?
-Biz saatların oyuncağı zamandır, qızcığaz. Biz insanlar kimi əlimizə keçənlə oynamırıq, nə də özümüzdən oyun uydurmuruq.
-Zaman? Onu haradan alırsınız?
-Almırıq. Biz zamanı satırıq insanlara. Özü də çox baha qiymətə. O qədər baha ki, onun qarşılığını insan yalnız yaxşı əməllə, gözəl işlərlə ödəyə bilər.
Azalya xalçanın üstündə var-gəl etməyə başladı. Çalışdı ki, ətrafa səpələnmiş oyuncaqlarından heç birini ayaqlamasın. Otağa azacıq sükut çökdü. Və yenidən çıqqıltı səsi ətrafı bürüdü. Azalya bir də dikəldi Xala saatın qarşısında:
-Hanı sənin qohumların? Harada gizləniblər? Niyə çıqqıldayırlar?
-Suallarını bir-bir versənə, qızcığaz! –Xala saat hökmlə dedi.
-Hamısını birdən verdim suallarımın, sən də hamısını birdən cavablandır!
Xala saat qəşş elədi:
-Hə, gözəl qız! Sən mənim yadıma ədəbiyyatın ən sehirli saatsazını saldın. Onun adı Zəkəriyyə ustadır. Əgər biz onun əlinin sehrinə sadiq qalsaydıq, indi insanların əlində qurulmazdıq... Nəysə... Qəşəng Azalya, verim də sənin suallarının cavabını. Qohumlarım gizlənməyiblər, anan onları dolabın siyirməsinə qoyub ki, tozlanmasınlar. Çıqqıltılar onların nəğmələridir.
-Hamısı eyni nəğməni oxusun də! Hərəsi ayrı cür çıqqıldayır!
-Hə, düz tapdın! Biz saatların hərəmizin öz nəğməsi olur. Çünki hamımız eyni zamanı göstərsək də, o zaman kəsiyi insan ömrünə fərqli anlamlarla yazılır. Ona görə biz saatların nəğmələri ayrıdır. Rəngimiz, ölçümüz, əqrəblərimiz eyni olsa belə, unutma, hər saatın öz nəğməsi, hər zaman kəsiyinin öz mənası olur.
Azalya yüyrək özünü dolaba çatdırdı. Onun siyirməsini çəkdi. Ağ, qırmızı və qızılı rəngdə üç qol saatı yan-yana düzülmüşdü. Azalya birinci ağ saatı əlinə aldı:
-Salam, ay ağ saat. Nəğmən nədən bəhs edir?
-Mənim nəğməm insanın ağ günündən danışır, gözəl qız!
Azalya onu sığalladı, qaytarıb yerinə qoydu. Bu dəfə qırmızı saatı aldı balaca ovcunun içinə. Ona pıçıldadı:
-Sən nədən oxuyursan? Hə?
-Adi, bir-birinin eynisi olan günlərin içində insan özünə qırmızı günlər tapdı ki, həyatında fərqlilik olsun. O günlərin adına “bayram” dedi, “özəl gün” dedi. Mən həmin o qırmızı günlərin nəğməsinin carçısıyam.
Azalya qırmızı saatı öpdü... Qaytarıb qoydu yerinə və qızılı saata gülümsədi:
-Gəl, gəl səni də əlimə alım.
Qızılı saat Azalyanın barmaqlarının toxunuşuyla nazlandı. Rəqəmlərdən olan kipriklərinin arasındakı tək gözünü süzdürdü. Zümzümə edirmiş kimi, dedi:
-Məənn... Məəən də insaaanların xoşbəxtlikləriyləəəə bəzəəədikləri zamaaanın səəəəsiyəm! Xooooşbəxtliyin əsl rəngiiiidir qızılı!
Azalya onu bağrına basdı, güldü, xoşbəxt oldu... Sonra qızılı saatı da yerinə qoydu. Amma siyirməni tam örtmədi ki, saatların səsi daha aydın eşidilsin. İndi o bilirdi ki, bir an içərisində insan həyatından bəhs edən bütün nəğmələri duymaq olur. Və öyrənirdi ki, bu nəğmələrin cəmindən ibarətdir həyat...
“Ədəbiyyat və incəsənət”
(19.12.2024)