“Ədəbiyyat və incəsənət” portalı dünyadan nakam köçmüş istedadlı gənc Əbil Əbilovun gündəliyindən növbəti seçməni təqdim edir. Seçməni redaksiyaya Əbilin atası Etibar Əbilov təqdim edib.
4 sentyabr 2006.
Peyğəmbər əfəndimizin "İki günü bir-birinə bənzəyən bizdən deyil" hədisinə uymağa çalışaraq bu günümü də boş keçirməməyə çalışdım.
Bu gün bir şey oxumasam da Anna Marie Şiemmelin "İslamın Mistik Boyutları"ndan bir neçə səhifə oxudum. İslam təsəvvüfü elə dəryadı ki, dənizdə inci axtarmaqdansa göz yaşını inci edir. Özü də dəniz incisindən gözəl inci.
Miladi VI əsrdən universitetlər (XI əsr) və Renessans dövrünə qədər Avropada elm kilsənin əlində olub. Ona görə də dindən ayrı olan Şərq mədrəsələrinin yanında Avropa məktəbləri daim geridə qalıb. XV əsrdə kilsədən uzaqlaşan elm xadimlərini isə tonqalda yandırmaqla cəzalandırırdılar. Hər halda, elm qurban tələb edir. Avropa intibaha qucaq açarkən, intibahın nəzəriyyəsini hazırlayan İbn Rüşdlər yetişdirən Şərq isə inkişaf dinamıkasında tərəddüt keçirdi və bu da ona gətirib çıxardı ki, bir neçə əsr gerilədi.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)