Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Bütün zamanlarda tarix şəxsiyyətlər, qüdrətli simalar yetirib. Tək-tək şəxsiyyətlər olub ki, onlar tərcümeyi- halı ilə tarixin özünü yaradıblar. Tərəddüd etmədən deyə bilərik: onlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət 10 milyondan çox azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin memarı, yer üzünə səpələnmiş 50 milyondan artıq Azərbaycan türkünün - dünya azərbaycanlılarının həmrəyliyini təminatçısıdır.
Heydər Əliyev həm də indi Müstəqil Dövlətlər Birliyini, Baltikyanı dövlətləri çevrələyən və bir vaxtlar SSRİ adlı bir dövlətdə yaşayan irili- xırdalı xalqlar və millətlər üçün əvəzsizdir, əzizdir. 15 müstəqil dövləti əhatə edən bu nəhəng ərazidə elə bir guşə tapılmaz ki, Heydər Əliyevin İttifaq rəhbərliyi dövründə orada hansısa quruculuq işləri aparılmasın. Heydər Əliyev eyni zamanda, dünya miqyasında tanınmış böyük siyasi və ictimai xadimdir.
Heydər Əliyev əzəmətli, bənzərsiz və təkrarsız insan, dahi şəxsiyyət idi. O tarix yaradırdı. Çünki, o, özü tarixin canlı bir salnaməsi, daha doğrusu tarixin özü idi. Azərbaycan tarixinin uzun və şərəfli bir dövrü onun adı ilə bağlıdır. Tarixə qızıl hərflərlə həkk olunan bu ad bütün dillərdə eyni səslənir: Heydər Əliyev. Bu adın sahibi ilə hər bir azərbaycanlı iftixar hissi keçirir. Millətinin şərəf, ləyaqət, Məmləkətinin cəsarət nümunəsi olan bu qüdrətli şəxsiyyətlə əlində Quran, ruhunda TURAN olan hər bir müsəlman, türk də qürur duyur. O, müdrik, mütəfəkkir dövlət xadimi idi. Kamili cahildən ayırır, haqqa bələdçilik edirdi. Ulu Öndər Avropa qiyafəli Şərq mütəfəkkiri idi. Bəşəriyyəti Birliyə, Qardaşlığa çağırırdı. Dünyanı Odlar Yurdunun oduna, işığına tapındırdığı kimi, Tanrının ona bəxş etdiyi ömür payını da, millətinin, məmləkətinin tərəqqisinə, maddi- mədəni irsinin bəşəri dəyərlər sisteminə daxil olmasına, inteqrasiyasına çalışır, ölkəsini demokratik, humanist prinsiplərlə idarə edirdi.
Hücumlara, səlib yürüşlərinə, repressiya və müharibələrə baxmayaraq bu gün ayaqda olan, Bayrağı bayraqlara qarışan Azərbaycan xalqı deyəndə Heydər Əliyev, Heydər Əliyev adı çəkiləndə Azərbaycan yada düşür.
Xalq, millət, dövlət də insan kimidir, Yaddaşı ilə yaşayır. Milli istiqlal, özgürlük sevdası, azərbaycançılıq, türkçülük, turançılıq məfkurəsi ilə müasir Azərbaycanın memarı olan, Varisi ilə ən Yeni Azərbaycanın Dastanını yaradan, harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq Azərbaycanlılığını, türklüyünü unutmayan, cəsarəti, ləyaqəti, bir türk, Azərbaycan kişisinə xas qeyrəti ilə tarix yaradan, o tarixə müdrikliyi, məğrurluğu ilə yazılan, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”, “Mən İlham Əliyevə özüm kimi inanıram”, “Azərbaycan xalqının taleyi indi etibarlı əllərdədir” nidası ilə bizə güman, ona əyan dünyanın dərgahına çəkilən, millətinin Yaddaş Yerinə çevrilən, bütün həyatını xalqına həsr edən, amalı, əməli, millət, məmləkət sevgisi ilə xarüqələr yaradan Ulu öndər Heydər Əliyev son anda daşa, yaddaşa, sözə, səsə, nəfəsə köçdü.
Qibləgahı bildiyi, canından artıq sevdiyi xalqı Azərbaycanın hər guşəsində adına abidələr yapdı. Adını müqəddəslərin, millətə, məmləkətə, Tanrının köç əylədiyi ulu Şərqə, Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar quran, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən dünya fatehlərinin, dünyanın siyasi, mənəvi mənzərəsini qolunun davamı Qılıncı, ruhunun davamı Sazı, Qələmi və Kəlamı ilə dəyişən azman türklərin sırasına yazan Ulu Öndərə ən böyük abidəni insanlar qəlbində, ürəyində ucaltdı.
50 ildən artıqdır ki Heydər Əliyev müdrikliyi, Heydər Əliyev əzəməti ilə zinətlənən dünyamız nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti olacaq, o qədər də Var Olacaq! Əbədi İşığa, Ulu Yaradana, Tanrı dərgahında dolanan mələklərin sırasına can atanlar, ilahi eşqdən, millət, məmləkət sevgisindən doğulanlar Heydər Əliyev dühasına tapınacaq. Heydər Əliyev nuruna bürünəcək, Odlar Yurdu Azərbaycan olacaq! Unudulmamaq, yaddaşlarda qalmaq üçün şərəflə, ləyaqətlə ömür sürəcək. “Vətəni sevmək imandandır!”, “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!” – deyib haqqa doğru yol gedəcək. Qibləsini, Kəbəsini, Mədinəsini, Məkkəsini Azərbaycan biləcək! Azərbaycandan keçib Haqqa doğru yol gedəcək!
44 günlük Vətən Müharibəsində, haqq savaşında “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi Zəfərə imza atan, mənsub olduğu milləti, məmləkəti Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa döndərən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin iradəsinə, sonsuz Vətən sevgisinə, mütəfəkkir dövlət xadimi kimi yürütdüyü daxili və xarici siyasətə söykənib Azərbaycan tarixinin altun səhifələrini yaradacaq!
“Ədəbiyyat və incəsənət”
(12.12.2024)