Dözmədik sarı nazına... – PAYIZIN SÖZLƏ UĞURLANMASI

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Getdi payız... Bir qapı açıldı kainatın bağrında. O qapıdan keçdi payız. Arxasınca bir dəstə şair, yazıçı baxdı onun. Gedənin arxasınca su atan tapılmadı. Göz yaşlarını sevmir payız... Özü hərdən-birdən göz yaşı taxır saçlarına, süslənir, bəzənir, nazlanır yaradıcı insanların qarşısında. Yellədiyi ətəyinin qırçınları rənbərəng xəzəllərdir.  Bu nazdan geriyə qalanlardır yazılanlar...

        

         Mən səndən yazıram, sən də məni yaz,

         Yumub gözümüzü oxuyaq, payız!

         Ayaqlar altında xəzəl olmamış

         Gəl gedək bir dərin yuxuya, payız...

 

Belə yazır Nübar Eldarqızı “O qədər payızam...” şeirində.  Belə sevilir payız, belə oyulur şairin  qaya əzmindəki ürəyi duyğularla...

        

Yazıçı, şair Şahanə Müşfiq isə payızla bağlı duyğularını qəribliyə bükür. Bu bükülünün arasında mənim də ürəyim var. Bilir Şahanə. Bildiyinə görə də, payız sevgisini payızın arxasında qoyduğu yarpaq izini süpürən küləyə pıçıldamır, hamımızın eşidəcəyimiz səslə deyir:

“Payızda doğulduğumdanmı, yoxsa təbiətin belə halını görmək xoşuma gəldiyindənmi, bilmirəm, amma bütün hallarda sevirəm bu fəsli. Əsən meh, göylərin sevgisini yerin qulağına pıçıldayan yağışın həzin səsi, soyuqdan qorunmaq üçün torpağın qoynuna sığınan yarpaqların əlvan rəngi, hər külək əsdikcə torpağa laylay çalıb onu qış yuxusuna hazırlayan xəzəlin xəfif musiqisi insanın ruhuna sakitlik, duyğularına inanılmaz rahatlıq gətirir. Bu, elə bir fəsildir ki, soyuğuna, küləyinə, yağışına baxmadan, insan çöldə-bayırda, səmanın altında, təbiətlə iç-içə olmaq istəyir. Ətrafa müxtəlif rənglərin qovuşuğu, müxtəlif səslərin ahəngindən yaranan elə bir gözəllik hakim olur ki, insan sanki ömrünün əvvəlki heç bir ilində payız yaşamamış kimi, acgözlüklə bu rənglərlə gözünü, bu səslərlə qulağını doyurmaq istəyir. Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir. Həzin bir musiqidir son bahar. Bu musiqini qulaqlarımızda deyil, ruhumuzun, qəlbimizin ən dərin, ən kövrək guşələrində duyarıq... Və payız getdi... Ta gələn ilədək...”

        

Şair Sona Vəliyevanın “Payız etüdləri”  şeiri var.  “Payızın dilində şeir yazdığını” dilə gətirən şair  yarpaqların tökülməsini məhşər gününə bənzədir. Və ağacların dərdinə yanır: “yoxdur ağlayan kəsi...” Ağlayanı olmaq özü də bir təsəllidir haradasa... Folklorumuzda bayatı-bayatı, nağıl-nağıl axtarıb ulularımız “hala yananı”, “dərdə ağlayanı”. Demək, olmağı daha yaxşıymış ağlayanın, yananın... Və Sona xanım o boyda “sərvəti” arzulayır ağaclara ürəyində...

        

Şair  Əntiqə Səməndər-Kərimzadə ilə bir söhbətimizi xatırlayıram. “Payız səninçün nədir?”-deyə soruşmuşdum. Yan-yana addımlayırdıq Bakı küçələrini. Payızı yenicə yola salmışdıq. Getmişdi payız... Getmişdi, gedişinin izi vardı amma hələ şair ruhunda. Əntiqə demişdi:

“Uşaqlıq illərimin ən gözəl anlarını xatırlayıram… Nə gözəl idi o vaxtlar payız fəsli. Payızı da bahar kimi yaşayırdıq. Axşamüstü ay çıxan kimi, göyə baxa- baxa yeriyirdim. Mənə elə gəlirdi ki,  hara gedirdimsə, ay da mənimlə gedirdi. Bunu çox böyük bir hadisə kimi hamıya deyirdim. Sonradan anladım ki, elə körpəlikdən göy üzünə aldanmışam…Bir çox şeirlərimin doğulma səbəbidir payız. Bilirsən, vizual olaraq bahar fəsli daha gözəldir. Məlum məsələdir ki, təbiət oyanır, hər yan çiçəklənir, günəş şəfəqləri hər yana yayılır və s. Ancaq baharın fəlsəfəsi heç vaxt payız qədər dərin ola bilmir. Mənə elə gəlir ki, bahar həmişə payıza uduzur. Ömrün bütün məqamlarında payız qalib gəlir. Payızın rəngi bozdur. Həmin fəsildə rəngli, demək olar ki, heç nə görmürsən. Amma əsən külək, yağan yağış, dibçəklərdə boyun bükən güllərə düşən şeh  payızın notlarıdır. Bir payız sabahında dünyanı alt-üst edən küləyi görəndə bəzən öz qəzəbimi xatırlayıram. Mən də bu külək kimiyəm. Qəflətən nəyisə dağıdıb, uçura bilərəm. Bəzən də,  buludları bir- birinə çırpıb selə dönən yağışı görəndə insanların kədərini duyuram. Ömrün bütün anlarını payız kimi yaşayanları heç nə isitmir. Baxma ki, payız kədər rəmzidir. Sevinc bəxş etməyi də var. Payız, həm də, oğlum Bünyamin deməkdir. Axı o da məhz payız fəslində bu fani dünyanın qonağı olaraq payıma düşüb”.

        

***

Sevdiyim payız şeirlərindən birini də Şəhriyar İbrahimov yazıb:

 

         Bir də baxarsan ki, payızdı ömrün,

         Solub çiçəkləri ömür bağının,

         Yox ucu-bucağı darıxmağının...

 

         Təqvimdən seyrələr illər günbəgün,

         Bir də baxarsan ki, payızdı ömrün...

 

Payızın sirri bir də buradadır elə... Özünü  hər açılan gündə ömrün baharında olduğuna inandırarsan, amma daxilində payızda olduğunu bilərsən.  Yarımömürü çoxdan geridə qoyduğunu etiraf etməyin də baharı tanıdığını anlatmaq cəhdidir. Amma ömür elə sürətlə keçir ki, baharı tanımamış yaya çıxırsan... Yayın istisində canın düz-əməlli qızmamış, payızın qırovu düşür qönçə istəklərin üzərinə... 

        

Şair Turanə Turan cəsarət göstərib “Payız mənim özüməm!” deyəndə; elə zənn edirdim... Ta ki, özü bu deyimini izah edənədək:

Özümdən qatca aşağı, maddi imkanca yuxarı birindən lazımsız, gərəksiz bir söz eşidəndə saralaram yarpaq-yarpaq. Qəlbimin ritmi pozular vaxtsız-vədəsiz gələn gecə qonağı kimi. Bəzən yaz fəslini yaşamamış fəsillər yerini dəyişər ruhumda. Qəfildən payız gələr. Bütün ümid yarpaqlarım saralıb-solar  qanazlığından solan üzüm kimi. Bir namərd sözündən yaralansa ürəyim, payız yağışıtək göz yaşlarım ovcumda göllənər. Bəzən ətrafımda baş verənlərdən matım quruyar, donub qalaram.Necə ki, anasından doymamış anasına həsrət qalanlar var ha, o cür...  Ya da, yaz fəslindən küsüb quruyan ağaclartək. Ömrümün çox hissəsi payız fəslindədir,əzizim Şəfa. Mən payızdan nə yazım?! İki körpə baharım var. Yeni tumurcuqlamış çiçəkdirlər. Onlardır üzümdə gülüş yaradanım, varlığına şükür etdiyim. O iki bahara sığınıb  bu payız ömrümü yaşayıram, qış gəlincəyə-nəfəsim tükənincəyə qədər...”

Anladım, Turanə, anladım ki, şair könlü payız qarşısında öz cəsarətini yaşaya bilmir. Qorxur payızla bütünləşməkdən, “baharam” deyib özünü aldatmağa ayaq yeri qoyur həmişə... Onu da anladım ki, hərə öz ömrünü “başqa payız” yaşayır. Heç kimin payızı bir-birinə bənzəmir. Hətta iki sevənin də... Biri sevdiyinin saçından damcılayan payız leysanının nazını xatırlayır, biri sevdiyinin ayaqqabısının su buraxdığını, amma sonuncu puluna onunçün bir fincan aldığını.  Lakin kimsə öz payızının başqalığını olduğu kimi ifadə edə bilmir.

 

Əlac qalır  şair Məmməd Tahir kimi, elə payızın özünü günahlandırmağa: “Heç payıza oxşamır, Bu payız başqa payız...”

        

Şairin, yazıçının payızından özümü çəkib qopardım, qaçdım bir rəssamın rəng dünyasındakı payıza sığınmağa.  Amma ilk cümlələrindən etibarən utandım... Mən  rəssam Günəş Kərimin, həm də,  nasir olduğunu niyə, harada unutmuşdum ki? Axı onun hekayələrini oxumuşdum... O hekayələrdə öz həyatımdan da nəsə tapmışdım. Günəş Kərim deyir ki:

 Hər canlının dayanmaq, durmaq, yenilənmək kimi ehtiyacı vardır. Payız fəsli də Ana Təbiətin dayanıb düşünmək, özüylə danışmaq zamanıdır. Yarpaqların xışıltısı pıçıltılarıdır bəlkə? Kainatın ən böyüyü, ən yaşlısı, ən əbədi və ən güclü varlığı deyilmi Təbiət? Ya bir ağacı düşünək... “Ən güclü sona qalır” Təbiətin bətnində.   Ağac əmək verib, yarpaqlayıb, bəhrələyib...Payızda hamısını itirir qeyri-ixtiyari olaraq-nə yarpağı qalır, nə meyvəsi. Kədər deyilmi əmək verdiyinin səni tərk etməsini izləmək? Kədərdir... “Ömrün payızı” isə, fikrimcə, kədər deyil, bənzətmələrin ən təsəlli dolu olanıdır. Payız bolluq, bərəkət rəmzi olmasıyla, əfsunlayıcı mənzərələrlə süslənməyibmi təfəkkürümüzdə?   Sarı yarpaq budaqdan ayrılır, belə olur payız olur “ayrılıq fəsli”...  Bu səbəbdən sarıya “ayrılıq rəngi” deyən insan deyilmi sapsarı günəşin işığıyla aydınlığa çıxan, onun istisiylə yaşayan? Demək, payız, eyni zamanda, insanın özüylə hesablaşmağı, özünü sorğu-suala çəkməsi, haqqını, haqsızlığını ayırd etməsidir.  Payız bir təzad tablosu, rəssamı Təbiətdir!”

 

Getdi payız... Getdi... Bizə qalır şeirlərdə ovunmaq, yazılarda yarpaq xışıltısıyla sevgimizi  dilə gətirmək...  Arxasınca göz yaşı deyil, şeir çiləmək:

 

Dözmədik sarı nazına,

Payızı  küsdürdük, getdi...

Bir gün deyərsən qızına:

“Bir qız məni yaman sevdi...”

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.